ABŞ və İran arasında memorandum layihəsinə 300 milyard dollarlıq yenidənqurma planı daxildir – TAM SİYAHI
İran və ABŞ arasında 14 maddəlik anlaşma memorandumunun layihəsində ABŞ və müttəfiqləri tərəfindən təqdim ediləcək 300 milyard dollarlıq yenidənqurma planına dair müddəa yer alıb.
Day.Az xəbər verir ki, bu barədə İran mediasının yaydığı məlumatda bildirilib.
Mənbənin məlumatına görə, layihənin tam mətninə aşağıdakı müddəalar daxildir:
1. Livan da daxil olmaqla bütün cəbhələrdə müharibənin dərhal və daimi dayandırılması.
2. ABŞ-nin İranın daxili işlərinə qarışmamaq və İran İslam Respublikasının suverenliyinə hörmət etmək öhdəliyi.
3. Dəniz blokadasının 30 gün ərzində tam ləğv edilməsi.
4. ABŞ-nin İran ətrafındakı bölgələrdən öz qoşunlarını çıxarmaq öhdəliyi.
5. İranla əldə olunmuş razılaşmalara uyğun olaraq Hörmüz boğazının 30 gün ərzində yenidən fəaliyyətə başlaması.
6. Neftin, neft-kimya məhsullarının və onların törəmələrinin satışına tətbiq olunan sanksiyaların dayandırılması, həmçinin İranın öz maliyyə resurslarına tam çıxışının təmin edilməsi.
7. ABŞ və onun müttəfiqləri tərəfindən ümumi dəyəri azı 300 milyard dollar olan yenidənqurma planlarının təqdim edilməsi.
8. Nüvə problemi üzrə yekun razılaşmanın əldə olunması, ABŞ-ın ilkin və ikinci dərəcəli sanksiyalarının, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və BAEA İdarə Heyətinin qərarlarının tam ləğvi məqsədilə 60 günlük danışıqlar dövrünün müəyyənləşdirilməsi.
9. İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NSYM) çərçivəsində nüvə silahı istehsal etməmək öhdəliyini təsdiqləməsi.
10. Danışıqlar dövründə ABŞ-nin bölgədə hərbi kontingentini artırmamaq və yeni sanksiyalar tətbiq etməmək öhdəliyi.
11. Yekun danışıqların 60 günlük müddəti ərzində İranın dondurulmuş 24 milyard dollar vəsaitinin azad edilməsi, bu məbləğin yarısının isə danışıqlar başlamazdan əvvəl İrana təqdim olunması.
12. Razılaşmanın icrasına nəzarət mexanizminin yaradılması.
13. Yekun sazişin BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə ratifikasiya olunması.
14. İranın dondurulmuş vəsaitinin yarısı azad edilməyənədək, neftlə bağlı sanksiyalar dayandırılmayana və dəniz blokadası aradan qaldırılmayana qədər yekun danışıqlar başlamayacaq. Son razılaşma yalnız zənginləşdirilmiş materialların taleyi və zənginləşdirmə prosesi, sanksiyaların ləğvi və İranın iqtisadi bərpa proqramını əhatə edəcək. İranın raket proqramı və Müqavimət hərəkatlarına dəstəyi ilə bağlı məsələlər isə danışıqların gündəliyindən qəti şəkildə çıxarılıb.
Bundan əlavə, mənbə vurğulayır ki, danışıqların yekun mərhələsi ilkin sanksiya yumşaldılması tədbirlərinin həyata keçirilməsindən və dondurulmuş aktivlərin azad edilməsindən asılı olaraq qalır.
Bu arada, Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin sözlərinə görə, mətn hələ də İranın müvafiq qurumları tərəfindən nəzərdən keçirilməli və təkmilləşdirilməlidir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре