Yaratdığı obrazlarda yaşayan sənətkar

Day.Az представляет новость на азербайджанском языке

Taleyin ağır sınaqlarından üzüağ çıxmış görkəmli aktyor sənət aləmində də zirvələr fəth etmişdi

1974-cü ildə Azərbaycan milli teatrının 100 illiyi münasibətilə bir qrup teatr işçisinə xalq qarşısında xidmətlərinə görə fəxri adlar və mükafatlar verilirdi. Onların arasında Azərbaycan Dövlət Akademik Dram Teatrının aktyoru, görkəmli səhnə ustası Məmmədrza İsa oğlu Şeyxzamanov da var idi. O, respublikanın xalq artisti fəxri adına layiq görülmüşdü.
Tamaşaçlar onu həm də məşhur kino aktyoru kimi yaxşı tanıyırdılar. Aktyor C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmiş 20-dən artıq bədii filmdə yaddaqalan obrazlar yaratmışdır. M.Şeyxzamanov öz dəst-xətti, öz səsi, öz nəfəsi ilə seçilən, tanınan, dramatik, psixoloji qəhrəman və komik obrazlar yaradan istedadlı aktyorlardan idi. 

"Dünyada insaniyyətə, millətə və mədəniyyətə ən böyük xidmətlərdən biri artistlikdir. Artist özünü unlayıb acı həqiqətləri sənətin şəkəri ilə şirinlədib camaata yedirdir. Bu cəhətdən artistliyin yolları nə qədər ağır, tikanlı olsa da, qiymətlidir. Çünki nəticəsi parlaqdır". 
Gözəl yazıçımız Əbdürrəhim bəy Haqverdiyevin bu qiymətli kəlamlarını oxuduqca milli teatr və kinomuzun inkişafında xüsusi xidmətləri olan onlarla sənətkarımızın - Mirzəağa Əliyev, Mustafa Mərdanov, Leyla Bədirbəyli, Ağasadıq Gəraybəyli, Ələsgər Ələkbərov, Möhsün Sənani, Nəcibə Məlikova, Əliağa Ağayev, Məmmədrza Şeyxzamanov və bir çox başqa sənət ustalarımızın surətləri gözlərimiz önündən gəlib keçir.
Azərbaycanın xalq artisti M.Şeyxzamanovu başqa sənət yoldaşlarından fərqləndirən onun sürgün həyatı yaşaması, haqsız olaraq xeyli müddət "xalq düşməni" adını daşıması idi. Onun babası Şeyx İbrahim Qüdsi XIX əsrin əvvəllərində kənddə ilk Azərbaycan dili müəllimi olmuş, bir sıra şeirləri ilə tanınmışdır.
1915-ci ildə Gəncədə dahi Nizami Gəncəvinin nəslindən olan Hacı İsa bəyin ailəsində göz açan Məmmədrza uşaq yaşlarından bolşevik özbaşınalığı ilə üzləşir. Onların ata - baba mülkləri, zəngin kitabxanaları yandırılır. Məmmədrzanın atası bu vandalizmə dözməyib vaxtsız vəfat edir. Ailənin vəziyyəti get-gedə çətinləşsə də, Məmmədrza memar olmaq istəyirdi. O, bu arzu ilə Gəncədə İnşaat Texnikumunda təhsil alır, texnikumun dram dərnəyində böyük həvəslə müxtəlif tamaşalarda oynayır. 15 yaşında ikən o, artıq Gəncədə "artist Məmmədəli" kimi tanınırdı. 

1934- cü ildə Gəncə Dram Teatrının baş rejissoru Həbib İsmayılov ("Ögey ana" və "Böyük dayaq" bədii filmlərinə quruluş vermişdir - A.K.) onu teatra dəvət edir. Gənc aktyor teatrda işləməklə yanaşı, teatrın nəzdində ikiillik aktyor studiyasında da oxuyur. Onun bir peşəkar aktyor kimi teatrda işləməsi Şeyxzamanovlar ailəsinin narahat, səksəkəli həyatına bir sevinc ovqatı qatır. 

O, bu teatrın səhnəsində "Vaqif" tamaşasında Eldar, "Xanlar"da doktor Söhbət, "Dağılan nifaq"da Nəcəf bəy, "Otello"da Otello, "İki qardaş"da Yuri, "İldırımlı yollarla"da Sərsəm Sem, "Kreml saatı"nda saatsaz, "Qaçaq Nəbi"də Nəbi, "Nişanlı qız"da Mindilli, "Xoşbəxtlər"də Bərbərzadə, "Aydın"da Aydın surətlərini yaratmışdır.
M.Şeyxzamanov Səməd Vurğunun "Vaqif" pyesində Eldar rolunda çıxış edərkən müəllif zalda oturub tamaşaya baxırmış. Tamaşa qurtardıqdan sonra Səməd Vurğun səhnəyə qalxaraq aktyoru qucaqlayıb deyir: "Məmmədrza neçə illərdən bəri görmək istədiyim Eldarın özüdür".

1938-ci ildə gənc aktyorun Gəncənin hörmətli ailələrindən birinin qızı Nigar xanımla evlənməsi bu sevinc ovqatını daha da artırır. Məmmədrzanın xoşbəxt günləri başlanır. Onların ilk övladı Kəmalə dünyaya gələndə Şeyxzamanovların sevinci yerə - göyə sığmırdı. Onlara elə gəlirdi ki, qara buludlar başlarının üstündən çəkilib gedib. Lakin bu günahsız insanlar haradan biləydilər ki, Məmmədrzanın alnına həyat tufanları yazılıb, o, şimşək qarşısında tək-tənha yox, ailəsi ilə birgə dayanmalı olacaq. Bu belə də oldu. Qardaşı Ələsgər İtaliyada, bacısı Həmidə Türkiyədə. Özünə də pantürkist adı qoyub göndərdilər Qazaxıstanın Semipalatinsk bölgəsinə. Təhlükəsizlik orqanlarında Nigar xanıma ərindən boşanmağı məsləhət görəndə bu mərd qadın körpə balasını da götürərək "ərim harda, mən də orda" deyib onunla birgə yeddi il əzab - əziyyətli, məhrumiyyətlərlə dolu sürgün həyatı yaşadı. 

Yeddi ildən sonra ailəsi ilə birgə icazəsiz baş götürüb Gəncəyə gələn, burada qohum- qonşularının evində gizlənən Məmmədrzanı ölümdən böyük şairimiz Səməd Vurğun xilas etdi. Şair nəinki gənc aktyoru, hətta onun sürgündə olan qohumlarını da geri qaytara bildi. M.Şeyxzamanovun ağır faciəvi sürgün həyatı belə başa çatdı. O, asudə nəfəs alıb, Gəncə Dövlət Teatrına qayıtdı. Və yenidən burada - doğma teatrda fəaliyyətini davam etdirməyə başladı. 1954-cü ildə Azdrama Gəncədə qastrolda olarkən teatrın baş rejissoru Adil İsgəndərov onu Bakıya Azərbaycan Dövlət Akademik Dram Teatrında işləməyə dəvət etdi. Bu sənət ocağı onun yeni böyük imkanlarını aşkara çıxardı. Aktyor tezliklə kollektivlə qaynayıb qarışdı. Burada ona məsul rollar tapşırıldı. Gözəl şair H.Cavid demişkən: "Hər ümidsizlikdə bir ümid, hər qaranlıqda bir işıq yaşayır. Yalnız səbr və mətanət lazım". 

Beləliklə, həyat M.Şeyxzamanovun üzünə gülməyə başladı. Aktyora elə bil ikinci nəfəs gəldi. O, Bakıda teatr səhnəsində müxtəlif illərdə "Hamlet", "Unuda bilmirəm", "Səyavuş", "Xəyyam", "Şeyx Sənan", "Od gəlini", "Vaqif", "Mariya Tüdor", "Almaz", "Qaçaq Nəbi", "Ölülər", "Alov" və s. tamaşalarda bir-birindən maraqlı obrazlar yaratdı. Həmin ildən aktyor nəinki paytaxtın ən böyük teatrında fəaliyyət göstərir, həm də Bakı kinostudiyasında filmlərə çəkilir, radio və televiziyada çıxış edirdi. 

Bu aktyor öz yaradıcılığı ilə bərabər xarici görünüşü - boy-buxunu, yaraşıqlı sifəti, səs tembri, qaltanlı səsi ilə də diqqəti cəlb edirdi. Hətta görkəmli bəstəkar və dirijor Niyazi məhz səsinə görə onu Opera və Balet Teatrında işləməyə dəvət etmişdi. Bu sənətkar müdrik insan, istedadlı aktyor olmaqla yanaşı, həm də bir şəxsiyyət kimi həmkarlarının və sənətsevərlərin böyük hörmətini qazanmışdı.

M.Şeyxzamanov sürgündən qayıdanda artıq onun qırx yaşı vardı. Ona görə də o, teatrdan fərqli olaraq, kinoda əsasən xarakterik rollar ifa edir, həyatın hər üzünü görmüş, bərkdən-boşdan çıxmış təcrübəli el ağsaqqallarının, qocaların obrazlarını canlandırır, qəhrəmanlarının daxili aləmlərinə nüfuz edir, psixologiyalarını, mənəviyyatlarını tamaşaçılara çatdırırdı. 

1954-cü ildə rejissor L.Səfərov M.Şeyxzamanovu "Bəxtiyar" kinokomediyasında konservatoriya professoru Rəcəbov roluna sınaq çəkilişlərinə dəvət edir. Sınaq çəkilişləri uğurlu alınır. O, filmə Rəşid Behbudov, Tatyana Peltser kimi populyar artistlərlə birgə çəkilir. M.Şeyxzamanovun qəhrəmanı professor Rəcəbov həm öz işini sevən ziyalı, həm də xeyirxah insandır. Uşaqlar onun bağından alma yığanda professor bunu oğurluq kimi başa düşür, biləndə ki bu almalar hospitalda müalicə alan yaralı əsgərlər üçündür, özü də uşaqlara kömək edir. 

Kinoya ilk dəfə bu filmdə çəkilən M.Şeyxzamanov mükəmməl obraz yaratmağa müvəffəq olur. 
Bundan sonra M.Şeyxzamanov "Qızmar günəş altında" filmində kənd həyatına, kənd məişətinə, adət - ənənələrinə yaxşı bələd olan Əmir dayı, "Bir qalanın sirri" film - nağılında bəd əməllərə qarşı çıxan, xeyirxah işlər görən Həkim Eldostu, "Onu bağışlamaq olarmı?" melodramında asayiş keşiyində duran milis rəisi polkovnik Qurbanov, "Leyli və Məcnun" film -dastanında həyatın keşməkeşlərini, əzab-əziyyətini görmüş pirani dərviş, "Böyük dayaq" kinoromanında Rüstəm kişinin cəbhə dostu, raykom katibi Şərəfoğlu, "Kölgələr sürünür" macəra filmində haqq-ədalətin bərpasına rəvac verən Niyazov, "Əhməd haradadır?" kinokomediyasında oğlunu evləndirmək istəyən kəndli Şirin kişi, "Liftçi qız" kinonovellasında həssas qəlbli rəssam rollarına çəkilmişdir. Bu filmlərin hamısı 50 -60 -cı illərin kino məhsullarıdır. 

Böyük tərbiyəvi əhəmiyyətə malik "Bir qalanın sirri" film-nağılının əsasını xalqın kəndləri susuz qoymuş əzazil hökmdar Simnar xana qarşı apardığı mübarizə təşkil edir. Burada əsas obrazlardan birini - Həkim Eldostunu M.Şeyxzamanov oynayır. Aktyorun ifasında Həkim Eldostu öz müdrikliyi, ağıllı məsləhətləri ilə yadda qalır. Eldostu sıldırım qayaları yarıb kəndlərə su çəkmək barəsində düşünür. Eyni zamanda, müdrik alim Eldostu xanla mübarizədə xalqa kömək edir. M.Şeyxzamanov qəhrəmanının xalqla birgə düşmənə qarşı mübarizəsini inandırıcı şəkildə tamaşaçılara çatdırmaq üçün obrazı münasib ştrixlərlə daha da dolğunlaşdırmışdır. Həkim Eldostu ən çətin anlarda belə özünü itirmir, düşmən qarşısında əyilmir, fikrindən dönmür. Həyatda məşəqqətlərin nə olduğunu yaxşı bilən aktyor öz təbiiliyi ilə həkim Eldostunu da bu sınaqlardan çıxarıb düşmən üzərində qələbə çaldırır. 
Həkim Eldostudan fərqli olaraq, "Əhməd haradadır?" filminin əsas personajlarından biri-Şirin kişi bizim müasirimizdir. Bu obraz yumorla yoğrulmuşdur, komikdir, danışığı da adı kimi şirindir. Şirin kişi M.Şeyxzamanovun simasında təkcə zarafatcıl, şən ər deyil, o, həm də mehriban, qayğıkeş ata, gözəl ailə başçısıdır. 

Əhməd onu zorla evləndirmək istəyən ata-anasından küsüb evdən qaçır. Valideynləri onu axtarmağa gedirlər. Axtarış zamanı bir çox Əhmədlərə rast gəlirlər. Öz oğullarını axtaran qocalar Bakının yeni tikintilərini, yeni həyatı, yeni məişəti, yeni xarakterli adamları görürlər, öz səhvlərini dərk edirlər. 
Hökmlü arvadı Nərgizdən fərqli olaraq, M.Şeyxzamanovun məhəbbətlə yaratdığı Şirin obrazı öz həlim, sakit, mülayim xasiyyəti ilə yadda qalır. 

Əməkdar artist Elxan Qasımov "Əhməd haradadır?" filmində Şirin kişinin gələcək kürəkənini oynamışdır. E.Qasımovun xatirələrindən: "Məmmədrza Şeyxzamanov teatr və kino tarixində öncül yer tutan Gəncə teatr məktəbinin görkəmli nümayəndələrindən olub. Xarici görünüşü, daxili mədəniyyəti, sözübütövlüyü və təmkinliliyi ilə əsl azərbaycanlı kişisi idi. Yaradıcı obrazın mənfi və ya müsbət olmasına baxmayaraq, səhnədə və ekranda həmişə böyük görünürdü, necə var, eləcə..."

Çox müdrik, dünyagörmüş insan idi. Çətinə düşəndə ondan məsləhət alardıq. Xalqımız onu sevirdi. O sevgini "Əhməd haradadır?" filminin çəkiliş meydançalarında görmüşəm. Bu böyük sənətkarın filmlərdə əvəzolunmaz rolları çoxdur. 
Aktyorun kinoda yaratdığı obrazlar inandırıcıdır, həyatidir, təbiidir. Belə obrazlardan birini də M.Şeyxzamanov "Liftçi qız" kinonovellasında yaratmışdır. "Qaraca qız" kinoalmanaxına daxil edilmiş bu novellanı rejissor R.Şabanov yazıçı H.Seyidbəylinin povesti əsasında çəkmişdir. Novella insan qəlbinin gözəlliyi haqqındadır. Burada deyilir ki, hər bir kəs başqalarına sevinc bəxş edərək yaşamalıdır. Belə bir sevinci isə zarafatla Cüllüt çağrılan Lalə adlı qıza rəssam bəxş edir. Bu qarabuğdayı, çəlimsiz yeniyetmə qızın daxili gözəlliyini ilk dəfə rəssam görür və çəkdiyi portretdə bu keyfiyyətləri əks etdirir. 

Filmdə çox qısa, lakin maraqlı səhnə var. Rəssam emalatxanasında Lalənin portretini çəkir. Kadr arxasından Lalənin səsi eşidilir: "Axı o niyə mənim portretimi çəkmək istəyir? O qədər gözəl qız var ki?" Rəssam şəkil çəkir, onun səsi: "Mən təkcə sənin üzünün cizgilərini çəkmirəm. Mən sənin qəlbini, duyğularını, arzularını çəkirəm". Lalə baxır. Lalənin səsi: "Axı bu çətindir... çox çətindir". 

Filmdə rəssam rolunu M.Şeyxzamanov oynayır. O öz qüvvə və bacarığına inanmayan utancaq və aciz qıza -Laləyə həssaslıqla yanaşır, onun mənəvi çırpıntılarını yaxşı başa düşür. Ona görə də bir rəssam, bir insan kimi ona kömək əlini uzadır, qızda potensial qüvvələri üzə çıxara bilir. Lalədə özünə bir inam yaranır. 
Xuraman Qasımovanın ifa etdiyi Lalə surəti ilə bərabər aktyorun istedadla yaratdığı rəssam obrazı da uğurludur, yaddaqalandır. 

60-cı illərdə olduğu kimi, M.Şeyxzamanov 70-ci illərdə də kinoda məhsuldar işləmişdir, fitri istedadı ilə istər iri, istərsə də xırda rollarda daxili imkanlarından çıxış edərək böyük sənətkar olduğunu bir daha sübut etmişdir. Məsələn, "Yeddi oğul istərəm" tarixi-inqilabi filmində aktyor Çalpapaq Kərəmi oynayır. Yeri gəlmişkən, rejissor T.Tağızadə M.Şeyxzamanovu bu rola sınaq çəkilişləri aparmadan təsdiq etmişdir. Bu personaj filmin əvvəlində cəmi bir səhnədə görünür. İnqilab işi uğrunda vuruşub ölümcül yaralanan Çalpapaq Kərəmin son nəfəsdə Bəxtiyara dediyi sözlər, xüsusilə "sinən olan yerdə kürəyini güllə qabağına vermə, oğul" deməsi çox təsirlidir. Biz M.Şeyxzamanovu bu kiçicik səhnədə Çalpapaq Kərəm rolunda yataqda hərəkətsiz görürük. Lakin onun danışığı, ağır-ağır nəfəs alması, Bəxtiyara verdiyi öyüd-nəsihəti yadda qalır, sonrakı hadisələrin gərgin olacağından xəbər verir. 
Qısametrajlı "Gilas ağacı" televiziya bədii filmində M.Şeyxzamanov ifa etdiyi Qulam baba rolu haqqında belə deyir: "Qulam baba böyük ehtirasla, həm də həvəslə ifa etdiyim obrazdır. Səbəbi aydındır. Axı mənim qəhrəmanım müharibənin ağır illərində, hamının cəbhəyə getdiyi bir zamanda kənddə qalan yeganə başıpapaqlıdır. O, hamıya mənəvi cəhətdən dayaq və həyan olur, atasız qalmış uşaqlara dərdlərini unutdurmağa çalışır..." 
Bundan başqa, M.Şeyxzamanov 70 - ci illərdə "Qızıl qaz" filmində Mahmud, "Çarvadarların izi ilə" kinolentində Əli kişi, "Qatır Məmməd"də Gəncə qubernatoru, "Nəsimi"də Şeyx Əzəm, "Vulkana doğru"da usta Ramazan, "Tütək səsi"ndə İsfəndiyar kişi, "Arvadım mənim, uşaqlarım mənim" kinoalmanaxındakı "Toy" novellasında Sərpayı rollarında oynamışdır.

Böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin qeyri -adi taleyindən bəhs edən "Nəsimi" tarixi -bioqrafik filmi şairin obrazını əks etdirən fəlsəfi kino əsəridir. Hürufilərlə teymurilərin arasında gedən ideoloji mübarizədə Şeyx Əzəmin öz yeri, öz məqsədi var. Onun həqiqəti -İslamdır. Bu rolu M.Şeyxzamanov ustalıqla oynayır. Şeyx Əzəm İslam dininin sadiq quludur. Hürufilərə qənim kəsilən bu adam Nəsimini addımbaaddım izləyir. Nəsimini sevdiyi üçün onun ardınca gedən doğma qızı Şəmsin ölümünə fərman verir. 

Sonradan şah Şeyx Əzəmi Şirvandan qovur, mülklərini əlindən alır. Əməyi qiymətləndirilmədiyinə görə şeyx hamıya, bütün dünyaya nifrət edir. O, dindən də üz döndərir. Bununla belə, uzun illərdən sonra qürbət eldə Nəsimi ilə görüşərkən özünü yazıq və kimsəsiz bir qərib kimi göstərsə də, fürsət düşən kimi Nəsimini ələ verir. 
Din pərdəsi altında özünün ikili xarakterini, insanlara olan kin və küdurətini gizlədən, doğma balasına belə aman verməyən, Nəsiminin edamından ləzzət alan şeyxin mürəkkəb obrazını yaratmaq üçün aktyor xeyli zəhmət çəkmişdir. Bu zəhmətin müqabilində Şeyx Əzəm tamaşaçıların haqlı olaraq dərin nifrətini qazanmışdır. Bu isə əksinə, aktyorun zəngin və parlaq istedadının bəhrəsi idi. 

Göründüyü kimi, əsasən müsbət rolların mahir ifaçısı olan M.Şeyxzamanov "Nəsimi" filmində mənfi tip yaratmaqla onun üçün amplua öz mənasını itirmişdir.
Məmmədrza müəllimin qızı Kəmalə xanım müsahibələrinin birində demişdir ki, atam istər teatrda, istərsə də kinoda oynayacağı obrazları özününküləşdirmək üçün hər dəfə nə qədər əsəb gərginliyi keçirirdi. İş prosesində siqareti bir -birinə calayır, canı isə bu ağırlığa dözmürdü. Bu ondan asılı deyildi. Bu onun iş uslubu idi. 
Azərbaycan kinosunda Böyük Vətən müharibəsi illərində arxa cəbhədə çətin şəraitdə xalqımızın qələbəni yaxınlaşdırmaq üçün gördüyü işlərdən bəhs edən, onların qayğılarından danışan çoxlu filmlər yaradılmışdır. Belə dəyərli filmlərdən biri də rejissor R.Ocaqovun "Tütək səsi"dir. Bu filmdə həyat da var, məhəbbət də, sarsıntı da, sevinc də. 

Bu filmdə aktyor M.Şeyxzamanov oğlu cəbhədə həlak olmuş ağsaçlı kolxozçu İsfəndiyar kişi rolunda çıxış edir. Aktyorun özü bu barədə söhbətlərinin birində demişdir: "Mən yazıçı İsa Hüseynovun əsərlərini, o cümlədən onun "Saz" və "Tütək səsi" povestlərini oxumuşam. Bu əsərlərin qəhrəmanlarının dərin psixoloji xarakterləri mənim çox xoşuma gəlir. 

Bir gün eşitdim ki, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında "Tütək səsi" filmi çəkiləcək. Açığını deyim ki, həmin filmdə iştirak etmək ürəyimdən keçdi. Elə bil rejissor Rasim Ocaqov ürəyimdəkiləri uzaqdan -uzağa oxuyubmuş. Bir neçə gündən sonra o, məni kinostudiyaya çağırdı və İsfəndiyar rolunu mənə təklif etdi. Əlbəttə, təklifi sevinclə qəbul etdim. Çünki İsfəndiyar ruhən mənə çox yaxın idi. İsfəndiyarı hörmətli, xeyirxah, başqasının dərdinə şərik çıxan bir insan kimi görürdüm. O, dünyagörmüş, zəngin həyat təcrübəsi olan müdrik ağsaqqal idi. 
Müharibənin çətin günlərində, insanlar aclıq çəkəndə, qələbə naminə var-gücü ilə işləyəndə İsfəndiyar kişi hamıya kömək edir, həmkəndlilərinin könlünü alır, əzizlərinin cəbhədən qayıdacaqlarına onlarda inam yaradırdı. Baba kimi nəvəsini böyüdür, gəlinini ruhdan düşməyə qoymurdu. 

Filmdə belə bir epizod var. İsfəndiyar həlak olmuş oğlunun sazını əlinə götürüb, onun çox sevdiyi "Ruhani" havasını çalır, gözlərindən isə yaş axır. Bu rol mənə çox əzizdir, yaxındır. Mən çalışıram ki, ekranda bu filmə az baxam. Çünki qəhrəmanımın dərdi mənim dərdim olub. Axı müharibə hər bir evin qapısını döyüb, hər bir adamın qəlbində iz qoyub..." 

M.Şeyxzamanovun ifasında biz ekranda həlim, ürəyiyumşaq, kövrək qəlbli əsgər atası ilə tanış oluruq. 
"Tütək səsi" və "Qızıl uçurum" filmlərində M.Şeyxzamanovla birgə çəkilmiş əməkdar artist Şamil Süleymanlının dediklərindən: "Məmmədrza müəllimin qəribə xasiyyəti var idi. Artist dostlarının həyatından danışmağı sevməzdi. Öz şəxsi həyatından böyük məmnuniyyətlə danışardı. 
"Tütək səsi" filminin çəkilişi zamanı çay dəmləyəndə mütləq mürəbbə tapırdıq ki, Şeyxzamanov gəlib bizimlə mürəbbəli çay içsin, dərdləşsin. Şeyxlə çay içməyin ayrı ləzzəti vardı...
"Tütək səsi" filmində sazı sinəsinə basıb ürəkdən "Ruhani" çalması, gözlərinin dolub boşalması əsl sənət idi. O vaxt Şeyxzamanova yaxınlaşıb dedim: "Bu necə oyundu?" O, mənə qayıtdı ki, illər keçəcək, bu hissləri sən də yaşayacaqsan. 

Xalq artisti M.Şeyxzamanov 1984 - cü il yanvarın 25-də 69 yaşında əbədi olaraq gözlərini yumdu. Lakin bundan əvvəl - 80-ci illərin əvvəllərində daha iki filmdə -"Qızıl uçurum"da Qurban kişi və "Əzablı yollarla"da nağılçı rollarında çəkildi. Böyük şairimiz H.Cavidin "İblis" faciəsindəki İxtiyar roluna görə 1984 -cü ildə Azərbaycan Dövlət mükafatına layiq görüldü, ancaq ölümündən sonra. 

Xalq artisti Fuad Poladov həmkarı haqqında demişdir: "Məmmədrza Şeyxzamanov son dərəcə faciəli və keşməkeşli bir həyat yaşamışdır. Bu kədər, bu yanğı onun səsindən, ən çox da mənalı gözlərindən duyulurdu. Onun səsinin tembri, zahiri görünüşü, həm teatrda, həm kinoda, həm də müxtəlif filmlərin dublyajında yaratdığı xarakterlər heç vaxt unudulmayacaq. Heç vaxt... Çünki Məmmədrza Şeyxzamanov böyük sənətkar idi" 
Əgər o sağ qalsaydı, şübhəsiz ki, həm teatrda, həm də kinoda mədəniyyət tariximiz üçün hələ neçə -neçə yaddaqalan, dəyərli obrazlar yaradacaqdı. Amma dünən yaratdıqları görkəmli sənətkarımız M.Şeyxzamanovu sabah da, birisigün də, həmişə yaşadacaqdır. 

Kaspi

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.