Göygöldə alban dövrü abidəsi məhv ola bilər

Day.Az представляет новость на азербайджанском языке.

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Qərb bölgəsinin, demək olar ki, əksər rayonlarında Alban mədəniyyətinin izlərinə rast gəlmək mümkündür. Onlardan ən qədim və möhtəşəmləri isə Göygöl rayonunun Zurnabad kəndi ərazisində yerləşir desək, yəqin, yanılmarıq. Lakin bu nadir tarixi abidələr insan və təbii faktor nəticəsində ciddi dağıntılara məruz qalıb.

Haqqında danışdığımız kilsələr Göygöl rayonunun Zurnabad kəndi ərazisindədir. Kənd rayondan 13 kilometr aralıda yerləşir.

Zurnabadda yerləşən və erkən orta əsrlərə aid qaya üstündə inşa edilən alban kilsələrinə yol sıldırım qaya və kolluqlardan keçir. Ehtimallara görə, kilsə böyük monastır kompleksinin mərkəzi olub. Lakin 1139-cu ildə baş verən zəlzələ tikilinin bir qisminin dağılmasına səbəb olub.

Tarix üzrə fəlsəfə doktoru Cavid Bağırzadə: "Məbəd memarlıq üslubiyyəti baxımından orta əsrlərə aiddir. Abidə iki nefli kilsədir.

Kilsənin şərqə doğru pəncərəsi və qərb hissəsində qapısı mövcuddur.
Kilsədə cübbəxanalar da var. Bölgənin digər kilsələri ilə eynilik təşkil edir".

Baxımsızlıqdan məbədin girişinin bir hissəsi moruq kolu ilə örtülüb.
İçərisi isə yarasaların yuvasına çevrilib. Lakin bu təbii kataklizmlər alban kilsəsinin əzəmətinə xələl yetirə bilməyib. Kilsədən təxminən 50-60 metr hündürlükdə isə daha bir alban məbədi ucalır. Məbəd qərb bölgəsində ən böyük alban kilsəsidir. Tikilinin binası zanbaqvari xaçlarla bəzədilib. Ölçüləri isə standart məbədlərdən 3 dəfə böyükdür.

"Haqqında danışdığımız kilsə ilk orta əsrlərə aid idisə, içərisində durduğumuz bu alban kilsəsi 13-cü əsrə aiddir. Bu alban özünüdərkin dövrünə aiddir. Bu məbəd, demək olar ki, Azərbaycanda ən böyük abidələrdəndir. Bunu Xudavənd məbədi, Gəncəsər məbədi ilə müqayisə edə bilərik".

Abidədə həmçinin birinci nefin arasında yeddi sütunlü gümbəz də mövcuddur. Lakin burada sonrakı dövrlərdə məskunlaşan insanlar kilsəni tanınmaz vəziyyətə gətirib. Hazırda kilsə ot tayaları, mal-qaraya aid inventar və əşyalar anbarı kimi istifadə olunur. Bu da tarixi abidənin tədricən öz simasını itirməsinə gətirib çıxarır. Bu tarixi abidə də digər alban məbədləri kimi ermənilərin tarixi saxtalaşdırılmasına məruz qalıb. Belə ki, abidədə tikiliyə və dövrə aid olmayan yazılar da müşahidə etmək mümkündür. Çəkiliş zamanı isə daha bir tarixi abidə aşkarlandı. Cavid Bağırzadənin sözlərinə görə, bu abidə nə az, nə çox erkən orta əsrlərə aid qədim alban qəbristanlığıdır.

Hazırda biz Zurnabad kəndinin ərazisində yerləşən qədim alban qəbristanındayıq. Tarixi abidə insan və təbiət kataklizmləri altında tamamilə məhv olub. Ümumilikdə Zurnabadın ərazisində bu sayda qədim kilsə və qəbristanlığın mövcudluğu burda erkən orta əsrlərdən insanların sıx və intensiv yaşamağının göstəricisidir.

Milli.Az