Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışı - Azərbaycanın elmi və texnoloji inkişaf strategiyasının yol xəritəsi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yubileyində etdiyi çıxış həm elmi ictimaiyyət, həm də bütövlükdə Azərbaycan cəmiyyəti üçün strateji proqram xarakteri daşıyır.
Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.
S.Mikayılova qeyd edib ki, bu nitq əslində ölkənin gələcək inkişaf konsepsiyasının elmi əsaslara söykəndiyi, elmin artıq yalnız nəzəri deyil, praktik və milli təhlükəsizlik baxımından da mühüm dayağa çevrildiyi bir mərhələnin manifestidir:
"Dövlət başçısının vurğuladığı kimi, Akademiya 80 il ərzində müxtəlif ictimai-siyasi dövrləri keçsə də, Azərbaycan elmi daim milli inkişafın aparıcı qüvvələrindən biri olmuşdur. Bu, həm elmi ənənələrin gücündən, həm də dövlətin elmə göstərdiyi diqqətdən qaynaqlanır. Prezident İlham Əliyev nitqində xüsusilə Ulu Öndər Heydər Əliyevin elmin və alimlərin inkişafına verdiyi töhfələri qeyd etdi.
1970-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə Akademiyanın fəaliyyətinin təkmilləşdirilməsi, yeni elmi-tədqiqat institutlarının yaradılması və elmə ayrılan maliyyə vəsaitinin artırılması, Azərbaycan elminin əsas dayaqlarını formalaşdırdı. Ən mühüm istiqamətlərdən biri isə gənclərin təhsili və intellektual potensialın gücləndirilməsi idi - minlərlə azərbaycanlı gəncin SSRİ-nin və dünyanın aparıcı ali məktəblərinə göndərilməsi, sonradan müstəqil Azərbaycanın elmi və texnoloji kadr bazasının formalaşmasına xidmət etdi.
Bu gün də on minlərlə azərbaycanlı gəncin dünyanın qabaqcıl universitetlərində təhsil alması və Vətənə dönərək inkişaf prosesinə qoşulması, Heydər Əliyev irsinin canlı davamıdır".
S.Mikayılova vurğulayıb ki, son on ildə elmə ayrılan vəsait iki dəfədən çox artıb, elmi müəssisələrin maddi-texniki bazası yenilənib, yeni binalar və infrastruktur yaradılıb. Bu, dövlətin elmə davamlı dəstəyinin və Heydər Əliyev siyasətinin ardıcıl şəkildə həyata keçirilməsinin göstəricisidir:
"Azərbaycan son on ildə həm iqtisadi, həm də siyasi sahədə böyük nailiyyətlər əldə edib, ən mühüm nəticə isə ərazi bütövlüyünün və tam suverenliyin bərpası olub. Bu Qələbə Azərbaycanın milli gücünü, idarəçilik qabiliyyətini və intellektual potensialını nümayiş etdirir. Nitqin əsas strateji mesajı isə texnoloji inkişafın prioritet elan olunmasıdır. Prezident bildirdi ki, müasir dünyada ölkələrin gücü onların texnoloji imkanları ilə ölçülür və bu sahədə Azərbaycan alimlərinin fəal iştirakı zəruridir. Eyni zamanda, dövlət başçısı vurğuladı ki, tükənməz sərvət xalqın intellektual potensialıdır, ona görə də təbii resurslardan əldə olunan gəlirlər insan kapitalına və elmə sərmayə kimi yönəldilməlidir.
Prezident İlham Əliyevin süni intellekt barədə söylədiyi fikirlər isə Azərbaycanın yeni texnoloji mərhələyə keçdiyini göstərir. O, bu sahənin ölkənin gələcək inkişafının ayrılmaz hissəsi olduğunu qeyd edərək alimləri bu prosesdə daha fəal olmağa çağırdı. Çıxışın əsas ideyası ondan ibarətdir ki, Azərbaycanın gələcək inkişafı elm, texnologiya və intellektual güc üzərində qurulmalıdır".
Deputat qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yubileyində etdiyi çıxış həm elmi ictimaiyyət, həm də bütövlükdə Azərbaycan cəmiyyəti üçün strateji proqram xarakteri daşıyır.
S.Mikayılova əlavə edib ki, dövlət başçısı həmçinin, Ulu Öndərin qətiyyəti və xalqla birliyi sayəsində Azərbaycanın ən ağır dövrlərdən - 1990-cı illərin böhran və faciələrindən uğurla çıxdığını xatırlatdı.
"1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra onun ziyalılarla ilk görüşünü məhz Milli Elmlər Akademiyasında keçirməsi, elmin dövlətçilikdə və milli dirçəlişdəki roluna verdiyi önəmi nümayiş etdirir. Maliyyə imkanlarının son dərəcə məhdud olduğu, ölkənin humanitar fəlakət və iqtisadi böhran şəraitində yaşadığı həmin dövrdə belə, elmin qorunması və alimlərin dəstəklənməsi üçün vəsait ayrılması, Heydər Əliyev siyasətinin uzaqgörənliyini və elmə strateji yanaşmanı sübut edir.Ümumilikdə, Prezident İlham Əliyevin bu fikirləri göstərir ki, Azərbaycan elmi dövlət siyasətinin ayrılmaz tərkib hissəsi kimi, həm tarixən, həm də bu gün ölkənin uğurlu inkişafına, modernləşməsinə və intellektual gücünün möhkəmlənməsinə mühüm töhfə verir", - deputat bildirib.
Deputat qeyd edib ki, dövlət başçısı nitqində həm müasir dövrün qlobal çağırışlarına cavab verən istiqamətləri, həm də milli-mənəvi dəyərlərin qorunmasının vacibliyini ön plana çəkib:
"Belə ki, rəqəmsal idarəetmə sistemlərinin tətbiqi idarəetmədə səmərəliliyi artırır və dövlət xidmətlərini şəffaflaşdırır. Kibertəhlükəsizlik isə artıq virtual deyil, fiziki təhlükəsizliyin əsas tərkib hissəsi kimi qiymətləndirilib. Bu baxımdan Azərbaycan alimlərinin bu proseslərdə fəal iştirakı vacib sayılır. Çıxışda həmçinin hərbi sənayenin, pilotsuz uçuş aparatlarının istehsalının və özəl sektorun bu sahəyə cəlb olunmasının əhəmiyyəti vurğulanıb. Bu, Azərbaycanın müdafiə qabiliyyətinin güclənməsi ilə yanaşı, yeni sənaye və innovasiya klasterlərinin formalaşmasına şərait yaradır".
S.Mikayılova qeyd edib ki, nitqin iqtisadi blokunda Azərbaycanın güclü və dayanıqlı iqtisadiyyatı, xüsusilə qeyri-neft sektorunun artan rolu, 80 milyard dollardan çox valyuta ehtiyatı və aşağı xarici borcu ölkənin müstəqil siyasət yürütməsi üçün möhkəm əsas yaradıldığı vurğulanıb:
"Bu iqtisadi güc həm azad edilmiş ərazilərin sürətli bərpasına, həm də müdafiə potensialının gücləndirilməsinə xidmət edir.Dövlət başçısının bərpa olunan enerji və geoloji tədqiqatlar barədə fikirləri isə Azərbaycanın gələcək iqtisadi modelinin təmiz enerji və yerli resursların səmərəli istifadəsi üzərində qurulduğunu göstərir".
S.Mikayılova vurğulayıb ki, Prezident İlham Əliyev Azərbaycan tarixinin elmi əsaslarla tədqiqi, tarixi torpaqlarımızın öyrənilməsi və toponimlərin bərpası, eləcə də Azərbaycan dilinin saflığının qorunması məsələlərinə toxunaraq, bunları milli kimliyin əsas dayaqları kimi səciyyələndirib:
"Azərbaycan dili yalnız ünsiyyət vasitəsi deyil, xalqın milli kimliyinin, mədəni varlığının və dövlət müstəqilliyinin təməlidir. O, dilin yad sözlərdən qorunmasının, təmiz və ədəbi formada işlədilməsinin hər bir vətəndaşın borcu olduğunu bildirir. Prezidentin fikrincə, dilin saflığının pozulması təkcə dil məsələsi deyil, milli kimliyin zəifləməsinə aparan təhlükəli prosesdir. Bu səbəbdən o, alimləri, yazıçıları, jurnalistləri və ictimai xadimləri Azərbaycan dilinin qorunması işinə daha ciddi yanaşmağa çağırır".
Deputat qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanın Zəfər Qələbəsini xatırladaraq onun əbədi qürur mənbəyi olduğunu qeyd edib.
"Zəfər paradının beşinci ildönümünün qeyd olunması dövlətin gücünü, xalqın birliyini və suverenliyin tam bərpasını simvolizə edir. Prezidentin vurğuladığı kimi, bu Qələbə yalnız hərbi uğur deyil, həm də Azərbaycan xalqının milli ruhunun, əzminin və birliyinin təntənəsidir.
Beləliklə, çıxışın bu hissəsində milli kimlik ideyası iki əsas sütun üzərində dilin qorunması və Zəfər Qələbəsinin əbədiləşdirilməsi üzərində qurulur. Hər iki mövzu Azərbaycanın gələcək nəsilləri üçün həm mənəvi, həm də dövlətçilik baxımından mühüm istiqamət kimi təqdim edilir", - deyə S.Mikayılova qeyd edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре