Azərbaycanda “Məhkəmə Ekspertizası” informasiya sistemi yaradılıb

Azərbaycanda "Məhkəmə Ekspertizası" informasiya sistemi yaradılıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmanda qeyd olunub ki, məhkəmə ekspertizası fəaliyyətində şəffaflığın və operativliyin artırılması ədalət mühakiməsinin həyata keçirilməsi, həmçinin təhqiqat və ibtidai istintaq zamanı obyektiv rəylərin təqdim edilməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Bu sahədə müasir texnologiyaların tətbiqi obyektiv, hərtərəfli və ətraflı məhkəmə ekspertizası tədqiqatlarının aparılmasında, yarana biləcək sui-istifadə hallarının qarşısının alınmasında olduqca vacibdir.

Fərmana əsasən, sistemin sahibi və operatoru funksiyalarını Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;

Sistemin yaradılması, saxlanılması, fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir;

Sistem vasitəsilə aşağıdakılar təmin edilir:

Məzmununda dövlət sirri təşkil edən məlumat olanlar istisna olmaqla məhkəmə ekspertizasının təyin edilməsi ilə bağlı elektron qaydada göndərilən qərarların (qərardadların) Sistemə qəbulu;

Məhkəmə ekspertizasının təyin edilməsi ilə bağlı elektron qaydada göndərilən qərarların (qərardadların) icraata yönəldilməsi barədə müvafiq məlumatların məhkəmə ekspertizasını təyin etmiş orqana (quruma) və ya şəxsə elektron qaydada (elektron poçt, SMS və s.) göndərilməsi;

İstifadəçilər, o cümlədən hər bir məhkəmə eksperti üçün Sistemdə şəxsi kabinetin yaradılması;

Məhkəmə ekspertizalarının aparılma müddətlərinə riayət olunmasının izlənilməsi və müddətlərin bitməsi ilə bağlı xəbərdaredici məlumatın göndərilməsi;

Məhkəmə ekspertizasının təyin edilməsi ilə bağlı elektron qaydada göndərilən qərarlar (qərardadlar) üzrə məhkəmə ekspertizalarının aparılması zamanı verilən vəsatətlərin, ekspert rəylərinin və ekspertizaların aparılmasından imtina ilə bağlı məlumatların təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə məhkəmə ekspertizasını təyin edən orqana (quruma) və ya şəxsə göndərilməsi;

Məzmununda dövlət sirri təşkil edən məlumat olan sənədlər istisna olmaqla ekspert rəy və məlumatlarının arxivləşdirilməsi;

Məhkəmə ekspertizasının aparılması üçün zəruri olan məlumatların aidiyyəti dövlət informasiya ehtiyatlarından və sistemlərindən əldə edilməsi;

Məhkəmə ekspertizası fəaliyyəti ilə bağlı statistik və digər hesabatların hazırlanması;

Bəzi məhkəmə ekspertizası növlərinin elektron qaydada keçirilməsi.

Azərbaycan Respublikasının Nazirlər Kabineti altı ay müddətində:

Sistemin yaradılması ilə əlaqədar normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

"Məhkəmə Ekspertizası" informasiya sistemi haqqında əsasnaməni Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

Bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi:

Sistemin saxlanılması, ondan səmərəli istifadənin təmin edilməsi və inkişaf etdirilməsi, habelə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birlikdə məhkəmə ekspertizası sahəsində fəaliyyət istiqamətlərinə uyğun olaraq Sistemin formalaşdırılması və aparılması, həmçinin fəaliyyətinin təşkili üçün zəruri tədbirlər görsün;

Aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə "Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri", "Məhkəmə Ekspertlərinin Reyestri" və "Məhkəmə ekspertizasının metodik fondu" dövlət informasiya ehtiyatlarının Sistemin altsistemləri kimi təşkilini təmin etsin;

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Hökumət buludu" (G-cloud) Konsepsiyası"na uyğun olaraq, Sistemin "Hökumət buludu"nda yerləşdirilməsini təmin etsin;

Bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsinlər.