Zəfər Günü tariximizin şanlı səhifəsidir - Nizami Səfərov
                                
                                Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü
8 noyabr - Zəfər Günü Azərbaycanın dövlətçilik tarixinin parlaq səhifəsi kimi, əbədi olaraq yaddaşlarda qalacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, "bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər."
Əldə edilən böyük Qələbə əsrlərdən bəri azərbaycanlılara qarşı aparılan etnik təmizləmələr və soyqırımlar siyasətinə, ardı-arası kəsilməyən ərazi iddialarına son qoydu və nəticədə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Eyni zamnda, xüsusi olaraq vurğulanmalıdır ki, biz təkcə ərazi bütövlüyümüzü deyil, eyni zamanda, milli qürurumuzu bərpa etdik. Tarixi uğuru səciyyələndirən cəhət ondan ibarətdir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin fundamental strategiyasının həyata keçirilməsi nəticəsində ölkəmiz həm döyüş meydanında, həm də diplomatik müstəvidə Zəfər əldə etdi.
Azərbaycanın Silahlı Qüvvələrinin sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. 19 sentyabr 2023-cü ildə lokal xarakterli antiterror əməliyyatı nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi və 15 oktyabr 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını qaldırdı.
Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə Dövlət Başçısının 3 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir.
Hal-hazırda dövlətimiz Qarabağda möhtəşəm quruculuq missiyasını həyata keçirir və bu eyni zamanda, əyani şəkildə Azərbaycanın tarixində yeni inkişaf səhifəsinin açılmasından xəbər verir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре