Azərbaycanı gözləyən təhlükə: 7 əsas ekoloji problem
Ekologiya və Təbii Sərvətlər Nazirliyi onların aradan qaldırılması istiqamətində hansı tədbirləri görür?
Nazir Hüseyn Bağırov: "Nazirlik ətraf mühitin sağlamlaşdırılması məqsədilə ardıcıl işlər həyata keçirir"
Son yüzillikdə iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı insan fəaliyyətinin ətraf mühitə artan mənfi təsiri və təbii sərvətlərin həddindən artıq istismarı ilə nəticələnmişdir. Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunması problemlərinin həllinə böyük diqqət yetirilir.
Bu baxımdan, ekoloji siyasətin əsasını təşkil edən ətraf mühitin sağlamlaşdırılması sahəsində nəticə əldə etmək məqsədilə respublikamızda Avropa qanunvericiliyinin tələblərinə uyğunlaşdırılmış bir sıra mühüm qanunlar qəbul olunmuş, normativ-hüquqi sənədlər, dövlət proqramları hazırlanmış və təsdiq edilmişdir. Respublika üçün aktual olan ekoloji problemlərin dayanıqlı inkişaf prinsipləri əsasında həll edilməsi məqsədilə müvafiq dövlət proqramları çərçivəsində tədbirlər görülür.
Lakin, uzun illərdən bəri yığılıb qalmış ekoloji problemləri iqtisadi keçid dövründə olan Azərbaycanın daxili imkanları hesabına həll etmək mümkün deyildir.
Azərbaycan Respublikasının əsas ekoloji problemləri aşağıdakılardan ibarətdir:
Su ehtiyatlarının tullantı suları ilə çirkləndirilməsi, o cümlədən transsərhəd çirklənməyə məruz qalması;
Yaşayış məntəqələrinin keyfiyyətli su ilə təminatının aşağı səviyyədə olması, şirin suların tələbatçılara çatdırılana qədər itkisinə yol verilməsi, kanalizasiya xətlərinin azlığı;
Sənaye müəssisələri və nəqliyyat vasitələri tərəfindən atmosfer havasının çirklənməsi;
Münbit torpaqların deqradasiyaya uğraması (eroziya, şoranlaşma və s.);
Bərk sənaye və məişət tullantılarının, o cümlədən təhlükəli tullantıların tələb olunan səviyyədə idarə olunmaması;
Biomüxtəlifliyin seyrəkləşməsi;
Meşə ehtiyatlarının, faunanın, o cümlədən balıq ehtiyatlarının azalması.
Bəs bu problemlərin aradan qaldırılması istiqmatində hansı tədbirlər görülür?
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bu barədə bildirib ki, ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə edilməsi respublikada aparılan sosial-iqtisadi islahatların tərkib hissəsindən biridir. (yapaz.org)
Nazirin sözlərinə görə müstəqillik illərində ölkəmizdə ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi sahəsində əsaslı dönüş yaranmış, təbii ehtiyatların, o cümlədən faydalı qazıntıların, su, torpaq, hava kimi əvəzsiz sərvətlərin, meşələrin və biomüxtəlifliyin mühafizəsi sahəsində ardıcıl tədbirlər həyata keçirilmişdir.
H.Bağırov qeyd edib ki, keçən əsrin 90-cı illərinin ikinci yarısından başlayaraq əldə olunan sosial-iqtisadi inkişaf, dünya iqtisadiyyatına inteqrasiya sahəsində qazanılan nailiyyətlər göz qabağındadır. Son illərdə əldə olunmuş nailiyyətlər dövlətin iqtisadi əsaslarını daha da möhkəmləndirmiş, ekoloji təhlükəsizliyin təmin olunmasına zəmin formalaşdırmış, daha təsirli tədbirlərin həyata keçirilməsi üçün imkanları genişləndirmişdir. "Uzun illər ərzində yaranmış ekoloji problemlər təhlil edilərək, onların kompleks həllinə yönəldilən və davamlı inkişaf prinsiplərinə əsaslanan milli və dövlət proqramları təsdiq edilmiş və onların icrasına başlanılmışdır. Ölkədə mövcud qoruq və yasaqlıqların ərazisi genişləndirilmiş, milli parklar yaradılmış, ətraf mühitin qorunmasının gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir. Bu proqramların əsas məqsədi ətraf mühitin mühafizəsinə yönəldilmiş dövlət əhəmiyyətli investisiya layihələrinin sistemli və səmərəli şəkildə həyata keçirilməsini təmin etməkdən ibarət olmuşdur. Ətraf mühitlə bağlı qəbul olunmuş dövlət proqramlarının uğurla reallaşdırılması, mövcud ekoloji problemlərin daha səmərəli həlli məqsədilə müvafiq sərəncamların imzalanması bu sahənin ölkəmizdə prioritet məsələlər sırasına qaldırılmasına aydın misaldır".
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji problemlərin həllinə yönəldilmiş tədbirlərin səmərəliliyinin artırılması və operativ həll olunmasını təmin etmək yönündə gördüyü işlərdən danışan nazir bunları qeyd edib: "Təbii ehtiyatların istismar intensivliyi, Xəzər hövzəsinin Azərbaycan üzrə ekoloji təhlükəsizliyinin təmin edilməsi sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsi, aparılan işlərin tam ekoloji nəzarətdə saxlanılması, eyni zamanda ekoloji ekspertiza tələblərinin mövcud dünya standartlarına uyğun qurulması problemlərin azalmasına və bu sahədə əsaslı dönüşün yaranmasına gətirib çıxarmışdır.
Ekoloji hüquq pozuntularına görə məsuliyyətin artırılması ekoloji nəzarət sahəsində iqtisadi tənzimlənmə mexanizminin qurulmasına gətirib çıxarmışdır. Ümumilikdə ekoloji vəziyyət, təbii ehtiyatlar, onların mühafizəsi və bərpası davamlı iqtisadi inkişafın ümumi konsepsiyasının tərkib hissəsinə çevrilmişdir. Xüsusilə qeyd etmək yerinə düşər ki, ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olmaq, qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi, həlli yollarının müəyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi bu gün də Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətləridir.
Ölkənin iqtisadi inkişaf tempinə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi çevik idarə olunan ekoloji siyasətin həyata keçirilməsi istiqamətində ətraf mühitin hər hansı komponentinin bərpa olunmayan dərəcədə pozulmasına səbəb ola biləcək fəaliyyətin qarşısının alınması, aztullantılı texnologiyaların tətbiq edilməsi, beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrlə ətraf mühitin mühafizəsi sahəsində əlaqələrin genişləndirilməsi, əhali arasında ekoloji təbliğatın və maarifləndirmənin gücləndirilməsi prinsiplərini tətbiq edir. İqtisadiyyatın bütün sahələrinin inkişafı ilə bağlı ölkəmizdə mövcud olan ekoloji problemlərin həll edilməsi məqsədilə təmiz texnologiyaların tətbiqinə böyük üstünlük verilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ekoloji problemlərin həllinə yönəldilmiş tədbirlərin səmərəliliyinin artırılması və operativ həll olunmasını təmin etmək, o cümlədən ətraf mühitin sağlamlaşdırılması məqsədilə ardıcıl işlər həyata keçirir.
Ümummilli Liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi Milli və Dövlət Proqramlarında ekoloji mühitin sağlamlaşdırılması məqsədi ilə nəzərdə tutulan hədəflərin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilmiş, buna uyğun olaraq ətraf mühitin bütün trayektoriyasında, o cümlədən biomüxtəlifliyin mühafizəsi, meşələrin inkişafı, yaşıllıqların artırılması, su ehtiyatlarının davamlı idarə olunması sahəsində nəzərəçarpacaq nailiyyətlər əldə olunmuşdur. Belə ki, ətraf mühitin yaxşılaşdırılması istiqamətində ötən dövrdə də bir sıra layihələr, o cümlədən ölkə rəhbəri tərəfindən təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı", "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı", "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" və digər proqramlarda nəzərdə tutulmuş tədbirlər həyata keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə həyata keçirilən, qısa zamanda geniş əraziləri əhatə edən və effektiv nəticələr verən "Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması proqramı" üzrə fəaliyyət davam etdirilir. Qeyd etmək lazımdır ki, qazanılmış təcrübə nəzərə alınaraq, yerli şəraitə tam uyğunlaşdırılmış texnoloji sxem əsasında su təmizləyici qurğuların ölkədə istehsalı təşkil edilmiş və 2014-cü ildə 40 minə yaxın əhalisi olan 50 kənddə məhz Azərbaycanda istehsal olunmuş modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır.
Ümumilikdə əhalinin ekoloji cəhətdən təmiz içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə 2007-2015-ci illər ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 20 rayonun 320 yaşayış məntəqəsində modul tipli su təmizləyici qurğular quraşdırılaraq 530 min əhali keyfiyyətli içməli su ilə təmin edilmişdir.
Ətraf mühitin mühafizəsi sahəsində 2014-cü il ərzində hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 3338 akt və 1127 protokol tərtib olunmuş, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün 1472 "məcburi göstəriş" verilmişdir. Ümumilikdə 1105 iş üzrə təqsirkarlar 4,8 milyon manat məbləğində inzibati qaydada cərimə edilmiş, ətraf mühitə dəymiş ziyana görə 497 iş üzrə 1, 7 milyon manat məbləğində iddia qaldırılmış, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 5448 iş üzrə 1,9 milyon manat məbləğində ödəmə tətbiq olunmuşdur. Ətraf mühit üzrə Dövlət Fonduna daxilolmalar son 10 ildə 14 dəfə artmışdır".
bizimyol.info
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре