Daha bir boksçusumuz olimpiadaya lisenziya qazandı

Azərbaycan boksçusu Teymur Məmmədov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Milli.Az "Report"a istinadən bildirir ki, 81 kq çəki dərəcəsində çıxış edən 22 yaşlı idmançı buna Bakıda keçirilən Dünya Təsnifat Turnirində nail olub.
"Bakı 2015"in qalibi 1/4 finalda mərakeşli Hassan Saadla qarşılaşmalı idi. Lakin Saad zədə səbəbindən döyüşə çıxmayıb. 1/8 final döyüşündə qaşının partlaması səbəbindən onu döyüşə buraxmayıblar. Nəticədə Məmmədov yarımfinala yüksəlməklə bərabər, olimpiadaya vəsiqənin sahibinə çevrilib. O, boks növündə Azərbaycanın 9-cu lisenziyasını əldə edib. Bunlardan 8-i kişilər, 1-i qadınlara məxsusdur.
İyunun 24-də isə 49 kq çəkidə yer alan Rüfət Hüseynov meksikalı Xoselito Velaskes Altamirano ilə yarımfinalda qarşılaşacaq. Bu çəkidə finala yüksələn boksçu "Rio-2016"ya vəsiqə əldə edəcək.
Bu gün rinqə çıxan digər boksçu Kamran Şahsuvarlı isə 75 kq çəkidə 1/4 final döyüşündə "Bakı 2015"in qalibi, irlandiyalı Maykl O Rilliyə uduzaraq, mübarizəni dayandırıb. Bununla belə, Şahsuvarlı O Rilli qalib olacağı təqdirdə, lisenziya qazanacaq.
Qeyd edək ki, Dünya Təsnifat Turniri "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilir. 75 kq. və 81 kq çəkilərdə olimpiadaya lisenziyanı ilk 5 yeri tutan idmançılar əldə edəcək. Başqa sözlə, yarımfinaladək irəliləyənlərlə yanaşı, öz çəkisinin qalibinə 1/4 finalda uduzan boksçu vəsiqə sahibi olacaq. 49 kq-da finalçılar Rio-de-Janeyroya yollana biləcəklər. Azərbaycanın hər 3 boksçusu lisenziya qazana bilsə, kişilərdən ibarət komanda olimpiadaya tam heyətlə qatılacaq.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре