Tamaşaçı təklifi niyə nəzərə alınmır?

Day.Az представляет новость на азербайджанском языке.

İndi ölkəmizdə televizorsuz ev təsəvvür etmək qeyri-mümkündür. Hər kəs zövqünə uyğun olan müxtəlif televiziya verilişlərinə baxır. Özəl televiziya kanallarında hər zövqü təmin edəcək, ümumiyyətlə, yüksək keyfiyyətli veriliş və ya layihələr çox azdır. Şit, mənasız, bəsit verilişlərin isə sayı-hesabı yoxdur. Hər evin çağırılmamış qonağı olan telekanalların yayımladığı verilişlərin səviyyəsi (əslində səviyyəsizliyi) haqqında çox deyilib, çox yazılsa da, təəssüf ki, obyektiv tənqidə, dəyərli məsləhətə məhəl qoyulmur.
 

Milli-mənəvi dəyərlərimizə istinad etmək hər yerdə, hər əməldə, özü də bütün zamanlarda zəruridir. Televiziya verilişləri də istisna deyil. Amma nədənsə bəzi telekanallar bu dəyərlərin üstündən sükutla keçib bayağı şou-proqramların hazırlanmasına daha çox üstünlük verirlər.

Mən tamaşaçı olaraq konkret bir veriliş haqqında danışmaq istəyirəm. Bu, ATV kanalında yayımlanan "Səs verməyin" şousudur. Maraqlıdır, görəsən, "ən baxımlı kanal" bu verilişi ilə tamaşaçısına nə demək istəyir, hansı məqsədə qulluq edir? Əlbəttə, əsas niyyətin pul qazanmaq olduğunu anlayırıq. Bəs başqa? Az-çox tanınan müğənnilərin başına rəng töküb tamaşaçını zorla güldürmək uğur və ya məqsəd sayıla bilməz.

Mənim böyük həyat və əmək təcrübəm var. İndi təqaüddəyəm. Televiziya verilişlərinə baxmaq üçün vaxtım kifayət qədər çoxdur. Günün xeyli hissəsini ekran qarşısında keçirirəm. Amma ürəyimə yatan veriliş nadir hallarda olur. Bu səbəbdən üzümü telekanalların yaradıcı heyətinə tutub bizim də istək və iradlarımıza, tələblərimizə diqqət yetirmələrini xahiş edirəm: tərbiyəvi, maarifləndirici, milli-mənəvi dəyərlər əsasında proqramlar hazırlayın, hərbi-vətənpərvərlik mövzularına daha çox yer verin!

Arif Əliyev,
Bərdə şəhər sakini

"Azərbaycan" qəzeti