Əsgərimizi "like" lara qurban verməyin!

Rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı düşmən tapdağından təmizləyir. Hər gün qələbə xəbərlərinə sevinirik. Müharibə zamanı əsas məsələlərdən biri informasiya təhlükəsizliyidir.
Müdafiə Nazirliyi neçə dəfə məlumat yayaraq cəmiyyətimizə xəbərdarlıq edib ki, rəsmi olmayan xəbərlərə inanmayın. Buna baxmayaraq bəziləri sosial şəbəkələrdə "like" xətrinə cəbhədən şəkil və video paylaşanlar var. Bu çox təhlükəlidir. Siz özünüz də, bilmədən əsgərlərimizi təhlükəyə atmış olursunuz. Bəzi vətəndaşlarımız bilməyərəkdən paylaşım etsə də, təəssüf ki, aralarında peşəkar insanları görmək olar. Düşmən müxtəlif proqramlar vasitəsilə əsgərlərimizin harada yerləşdiyinin kordinatlarını video və şəkillərlə tapır. Siz də çalışın hər gördüyünüzü çəkib paylaşmayın, dəqiq ünvan qeyd etməyin. Xüsusən də cəbhə bölgəsində canlı yayım açmayın. Müharibə zamanı yayılan hər bir informasiya adi vaxtda olduğundan qat-qa ağır fəsadlara gətirib çıxara bilər. Düşmən bizi hər dəqiqə izləyir. Atalar sözündə deyildiyi kimi su yatar, düşmən yatmaz. Rəsmi olmayan heç bir məlumatı yaymaq olmaz. Yaddan çıxartmayaq ki, Azərbaycan dilini bilən çoxlu erməni var. Biz sosial şəbəkələrdə məlumat paylaşan kimi götürürlər.
Paylaşacağım məlumatı yəqin ki, çoxunuz görmüsünüz. Amma son günlər baş verənlər bu məlumatı yenidən paylaşmağa ehtiyac olduğunu göstərir.
Çəkdiyiniz şəkillər sadəcə görüntüdən ibarət deyil. Hər bir şəkil özündə görüntüdən əlavə müəyyən məlumat toplusunu daşıyır. Müasir smartfonların əksəriyyəti şəkil çəkən zaman şəklin çəkilmə ərazisini də ("location tag") qeydə alır. Təbii ki, bu hal adətən "GPS" xidməti qoşulu olan halda baş verir. Lakin siz böyük ehtimal bundan xəbərdar olmursunuz. Bu "tag" əsasən smartfonun şəkli tanıması və kateqoriyalaşdırması üçün lazım olur.
"EXIF data" ("Exchangeable Image File Format" - Dəyişəbilən şəkil fayl formatı) təkcə məkan məlumatını yox, bir çox digər məlumatı özündə daşıyır. Məsələn, siz 2 il əvvəl sərhəd bölgəsində şəkil çəkmisiniz və "GPS" xidmətini söndürməmisiniz. Əslində, bu şəkli paylaşsanız, heç bir hərbi sirr verməmiş kimi görünürsünüz. Amma şəklin "EXIF data"sını analiz edəndə şəkildə tam təqiq en və uzunluq ("latitude and longitude") məlumatlarının verildiyinə əmin oluruq. Bəli, bu tam dəqiq koordinatlardır.
Eyni zamanda "EXIF data" bizə şəkil çəkən cihazla da bağlı bir sıra məlumatları təqdim edir. "EXIF data"nı detallı təqdim edən bir sıra pullu tətbiqlər və həllər mövcuddur. Sözümüzü ona gətirmək istəyirik ki, ola bilər ki, siz görüntü olaraq önəmli məlumat vermirsiniz, amma hərbi bir şəkil paylaşan zaman özünüz də görmədən "EXIF data"sı olan bir şəkli başqasına ötürə bilərsiniz. Nəticələr isə ağır olur. Düşmən tərəf sadəcə koordinantı daxil etməklə, həmin ərazini vura bilər. Ona görə istənilən halda belə məlumatı paylaşmamağı tövsiyə edirik.
Fərid Zöhrabov
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре