"Eastweststream.com" Azərbaycan həqiqətlərinin Rusiya cəmiyyətinə çatdırılmasına ciddi təkan verəcək

Trend və TASS agentliklərinin birgə layihəsi "eastweststream.com" media platformasının yaradılması Azərbaycan həqiqətləri haqqında məlumatların Rusiya cəmiyyətinə çatdırılmasına ciddi təkan verəcək.

Trend-in məlumatına görə, bunu Real TV-nin rəhbəri Mirşahin Ağayev yeni platformanın təqdimat mərasimi zaman deyib.

M.Ağayev bildirib ki, müharibədən sonra cəmiyyətin sualları çoxdur: "İnanıram ki, bu yeni yaradılan platforma cəmiyyətdə yaranan suallara cavab tapmaqda mühüm rol oynayacaq. Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra yeni geosiyasi vəziyyətdə informasiya siyasətinin üzərinə böyük yük düşür. Yeni yaradılan plaftorma bu məsuliyyətli dönəmdə mühüm rol oynayacaq, Rusiya informasiya məkanında Azərbaycan həqiqətləri haqqında məlumatların yayılmasına ciddi təkan verəcək, cavabını tapa bilmədiyimiz məsələlərə bu platformada cavab tapılcaq".

TV rəhbəri qeyd edib ki, bu gün Azərbaycanın ərazi bütövlüyü bərpa olunub və bu gün bu həqiqəti qəbul etməyənlərin bunu qəbul edəcəyinə inanıram: "Azərbaycan oxucularının böyük bir kontingentini bu platformanın yaradılması münasibətilə təbrik edirəm. Azərbaycan Vətən müharibəsində qələbə qazanmaqla yanaşı, informasiya məkanında da qələbə çaldı. Bu, yalnız Ermənistan üzərində deyil, Azərbaycana qarşı olan bütün qüvvələr üzərində qələbədir".