Azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək mühüm əhəmiyyətə malikdir

"XX əsrdə ikinci dəfə müstəqilliyini əldə etmiş Azərbaycan Respublikasının keçdiyi çətin günlərdə Azərbaycan xalqının müstəqil və suveren dövlətə sahib olmasının dünya tərəfindən hüquqi olaraq tanınması kimi qəbul edilən bir tarixi hadisə baş verdi.

1992-ci il martın 2-də BMT Baş Məclisinin 46-cı sessiyasında Azərbaycan dünyanın ən nəhəng təşkilatının 181-ci üzvü oldu. Daha sonra Ulu Öndər Heydər Əliyevin 1994-cü ilin sentyabr ayında BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirakı ilə Azərbaycan Respublikası ilə BMT arasında məzmunlu tərəfdaşlığın əsası qoyuldu. Məhz o müddətdən Azərbaycan BMT-nin alt strukturlarının akkreditasiyasını həyata keçirməklə onlarla hərtərəfli, qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq edir".

Bu fikirləri Day.Az-a Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

Millət vəkili bildirib ki, bu gün BMT ailəsinin tamhüquqlu üzvü olan Azərbaycan BMT Nizamnaməsinə əsaslanan fəaliyyət göstərməklə beynəlxalq arenada nümunəvi dövlətə çevrilmişdir:

"İldən ilə daha da güclənən və dərinləşən BMT- Azərbaycan əlaqələrinin bariz nümunəsidir ki, Azərbaycan Respublikasının Prezidenti keçirilən bütün yüksək səviyyəli tədbir, konfrans, forum və s. çıxışlar edir, Azərbaycan təcrübəsi və həqiqətlərini dünya ictimaiyyətinə böyük uğurla çatdırır.

Prezident İlham Əliyevin cari ilin 27 iyun tarixində BMT-nin İnsan Məskənləri Proqramının (UN-HABİTAT) təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhər Forumunun "Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək" adlı 11-ci sessiyasında növbəti çıxışı bir daha Azərbaycanın multikultural dəyərlərin, beynəlxalq əməkdaşlığın təşviqi və gücləndirilməsi, beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, habelə iqlim dəyişikliyi fonunda "yaşıl enerji" və "sıfır tullantı" konsepsiyalarının tətbiqi istiqamətində gördüyü işlərin bariz nümunəsidir.

Prezident İlham Əliyev Forumdakı çıxış nitqində ölkəmizin malik olduğu iqtisadi potensialdan, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərindən, habelə Cənubi Qafqazda inkişafa, sülh və əmin-amanlığa verilən töhfələrdən bəhs edərək görülən işlər kontekstində ekoloji dayanıqlılığın qorunmasını diqqətə çatdırdı".

Deputat qeyd edib ki, bu gün dünyamız təkcə qlobal pandemiya ilə deyil, iqlim dəyişikliyinin mənfi nəticələri ilə də mübarizə aparır:

"Şəhərlər iqlim dəyişikliyinə səbəb olan qlobal istixana qazı emissiyalarının üçdə ikisindən çoxuna cavabdehdir. Bu baxımdan bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr diqqətlərini yeni Ağıllı Şəhər və Ağıllı Kənd konsepsiyalarına yönəldiblər.

Azərbaycan eyni zamanda yerləşdiyi coğrafiyaya görə iqlim dəyişikliyinin mənfi təsirlərinə çox həssasdır. Ölkəmiz iqlim dəyişikliyinin mənfi təsirlərindən, o cümlədən daşqınlar, quraqlıqlar və s. əhəmiyyətli dəyişikliklər kimi ekstremal hava hadisələrinin sayının artması ilə üzləşir. Bu məcrada şəhərlər və şəhər inkişafı üçün iqlim problemlərinin həlli bu gün prioritet istiqamət olaraq qalmaqdadır.

44 günlük İkinci Qarabağ-Vətən Müharibəsində əldə etdiyimiz möhtəşəm Qələbə ölkəmiz üçün yeni çağırışları ortaya qoydu. Xüsusilə işğaldan azad olunmuş ərazilərimizdə törədilən ekoloji terrora baxmayaraq, kütləvi yenidənqurma və məcburi köçkünlərimizin doğma yurdlarına geri qaytarılması işləri Azərbaycan üçün Ağıllı Şəhər və Ağıllı Kənd yanaşmasından istifadə etməklə görülür".

"Bu gün doğma Qarabağımızda regionun dirçəlməsi üçün tətbiq edilən yeni yanaşmalar,  əldə edilən təcrübə digər şəhərlərimizin müasirləşdirilməsi və yenidən qurulması zamanı da istifadə olunmaqdadır.

Cənab Prezidentin də qeyd etdiyi kimi: "Məqsədimiz Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır".

Həyata keçirilən urbanizasiya prosesində Azərbaycan Respublikasının Milli Məclisi də öz növbəsində yaxından iştirak edərək həm müvafiq qanunvericilik bazasının formalaşdırılması, həm də dünya dövlətləri ilə beynəlxalq əlaqələrin daha da möhkəmləndirilməsi baxımıdnan görülən işlərə öz əməli töhfəsini verməkdədir".

"Azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək mühüm əhəmiyyətə malikdir. Hal-hazırda Azərbaycan hökumətinin UN-HABİTATla faydalı və inkişafa yönəlik əməkdaşlığı formalaşıb. Azərbaycan şəhərlərinin yenidən qurulması, xüsusilə yeni çağırışları rəhbər tutaraq bərpa, yenidənqurma, şəhərsalma işlərində əldə edilən təcrübə və layihələrin icrasında tətbiq edilən  mükəmməl idarəçilik bu əməkdaşlıq vasitəsilə digər dünya dövlətləri üçün nümunəvi model kimi təqdim oluna bilər. Azərbaycan eyni zamanda bundan sonra UN-HABİTAT təşkilatçılığı ilə yeni forumlar və digər zəruri ola biləcək tədbirlər keçirmək üçün əlaqələndirici statusuna nail olmaqla qarşılıqlı maraqların təmin olunmasına öz fəaliyyəti ilə töhfə verəcəkdir" - deyə M.Əfəndiyev əlavə edib.