Paşinyan revanşistlərin son "qalasını" dağıtmağa çalışır

Müəllif: Elvin Səxavətoğlu

Son aylar Azərbaycan-Ermənistan münasibətlərində ciddi irəliləyişlər müşahidə olunur. Rəsmi Bakının diplomatik yolla Qazaxın 4 kəndini geri qaytarması buna sübutlardan biridir.

Təbii ki, bu proseslər Ermənistandakı müəyyən qüvvələrin maraqlarına uyğun deyil. Onlar Azərbaycan və Ermənistan arasında düşmənçiliyin davam etməsinin tərəfdarıdırlar.

Bu sıraya "Qarabağ klanı" və həmin klanla birlikdə hərəkət edən erməni Apostol Kilsəsi daxildir.

Kilsə sülhə mane olmağa çalışır 

İkinci Qarabağ Müharibəsindən sonra "Qarabağ klanı" bir neçə dəfə Ermənistanın baş naziri Nikol Paşinyanı devirməyə cəhd göstərmişdi. Müharibədən sonra kütləvi ixtişaşlar təşkil olunurdu və hakimiyyətə Qarabağla bağlı təzyiqlər göstərilirdi.

Sonrakı mərhələdə mitinqlər səngidi. Çünki erməni cəmiyyəti revanşist qruplara dəstək vermədi.

Hazırda isə eyni ssenari ilə erməni kilsəsi meydandadır. "Vətən adına Tavuş" revanşist hərəkatının rəhbəri keşiş Baqrat Qalstanyan Paşinyanı devirəcəyini və onun qərarlarını dəyişəcəyini bəyan edir.

Onun mitinqlərinə müəyyən ictimai dəstək olsa da, düşünən ermənilər Baqratın çağırışlarına reaksiya vermir. Bu səbəbdən, kilsənin də bir müddət sonra "Qarabağ klanı" kimi geri çəkiləcəyi gözlənilir. 

Paşinyan isə kilsə ilə də "Qarabağ klanı" kimi davranır. Yəni kompramisə getmək fikiri yoxdur.

Hətta Paşinyan bu mitinqləri fürsət bilib erməni kilsəsinin hüquqlarını məhdudlaşdırmaq istəyir.

Nikol Paşinyan kilsəyə müharibə elan etdi

Ümumiyyətlə kilsə Nikol Paşinyanın hakimiyyətdə olmasını istəmir. Paşinyan isə buna qarışılıq kimi kilsəni sıxışdırmağa, nüfuzdan salmağa çalışır. Məsələn, Paşinyan son 4 ildə heç vaxt kilsənin təşkil etdiyi Milad tədbirlərində iştirak etməyib. Hətta bir müddət əvvəl xəbər yayılmışdı ki, baş nazir kilsənin vəzifəli şəxslərini izlətdirir.

Paşinyan Baqrat Qalstanyanın mitinqlərindən əvvəl kilsəyə qarşı çox da radikal fikirlər səsləndirməsə də, son vaxtlar mövqeyini sərtləşdirib.

Baş nazir parlamentdəki son çıxışında bildirib ki, yaxın iki-üç ay ərzində kilsənin ictimai rəyə təsirlərinin aradan qaldırılması üçün qətiyyətli tədbirlər görüləcək.

"Ermənistanda tarixən din xadimləri gedib kilsədə dini təhsil alır, qayıtdıqdan sonra isə agentlərə çevrilirdilər. Görünür ki, bu ənənə indi də dəyişməyib. Lakin biz yaranmış problemi iki-üç ayda həll edəcəyik. Ölkəmizdə kilsə ictimai fikirə ən böyük təsir agentidir və biz bunu aradan qaldıracağıq".

Mayın 21-də Ermənistan parlamentinin spikeri Alen Simonyan Ermənistanda kilsənin vergiyə cəlb edilməsini təklif edib. O, dini mərasimlərin mitinqə çevrilməsinin yolverilməz olduğunu bəyan edib və kilsənin siyasətə qarışmasını pisləyib. Məlumata görə, hətta Qriqoryan Kilsəsinin əmlakı müsadirə oluna bilər.

Görünən odur ki, Paşinyan "Qarabağ klanı"ndan sonra əsas rəqiblərindən olan erməni Apostol Kilsəsini sıradan çıxarmaq üçün plan hazırlayıb.

Paşinyanın revanşistlərə qarşı sərt mövqeyi Azərbaycanın maraqlarına uyğundur. Çünki Bakı və İrəvan hazırda sülhə çox yaxındır. Belə bir məqamda revanşist qüvvələrin yenidən aktivləşməsi Azərbaycanın da maraqlarına uyğun deyil.