Ermənistanın konstitusiyasına dəyişiklik etməməsi bu ölkənin sülhdə maraqlı olmadığının bariz göstəricisidir

Ermənistanın konstitusiyasına dəyişiklik etməməsi bu ölkənin sülhdə maraqlı olmadığının bariz göstəricisidir.

Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

"Ermənistan konstitusiyasının preambulasında bu ölkənin müstəqillik bəyannaməsinə istinad edilir ki, bu bəyannamənin mətnində isə öz növbəsində Azərbaycan Respublikasına qarşı ərazi iddiaları yer alır. Bu kontekstdə rəsmi Bakı sülh müqaviləsinin irəlilədilməsi üçün Ermənistan Konstitusiyasında dəyişikliklərin edilməsini tələb edir. Ermənistanın konstitusiyasındakı dəyişikliklər regional sülh prosesinə daha güclü təkan verə bilər, bu da Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunması üçün əhəmiyyətli bir addım ola bilər. Lakin Ermənistan hər fürsətdə konstitusiyanı dəyişməkdən yayınır.

Ermənistan hökuməti Qərbin yalan vədlərinə aldanaraq buna ehtiyac olmadığını bildirir. Bu isə öz növbəsində Ermənistanın sülhdə maraqlı olmadığının bariz göstəricisidir. Ermənistanın konstitusiyanı dəyişməkdən imtinası, regionda sülh və əməkdaşlıq səylərinə maneə yaradır. Amma Ermənistan anlamalıdır ki, konstitusiyada bəzi dəyişikliklərin edilməsi iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün zəruri addımdır", - deyə A.Qarayev bildirib.

Politoloqun sözlərinə görə, Ermənistanın bu məsələdə ən böyük dəstəkçisi, təbii ki, Fransadır.

"Fransanın Ermənistanı dəstəkləməsi müxtəlif geosiyasi amillərlə bağlıdır. Bunlardan biri də, əlbəttə ki, Parisin regionda güddüyü maraqlardır. Cənubi Qafqazda yeni reallıqların yaranması ilə barışmayan Fransa hər vasitə ilə özünü regionda söz sahibinə çevirmək istəyir. Yaxın zamanda Fransa səfirinin Azərbaycanla sərhədə səfər etməsi və bu səfər çərçivəsində bizim ərazilərimizi müşahidə etməsi təxribat xarakteri daşıyan "binokl diplomatiyasının" davamıdır.

Fransanın Ermənistandakı səfirinin bu cür addımları Azərbaycan-Fransa münasibətlərini daha da mürəkkəbləşdirir. Bu addım, bir tərəfdən Fransa hökumətinin Ermənistanı açıq şəkildə dəstəkləmək niyyətini göstərir, digər tərəfdən isə Aİ missiyasının neytrallığına dair növbəti dəfə suallar yaradır", - deyə politoloq qeyd edib.