2024-cü ildən gələcəyə: bizi kimsə yolumuzdan döndərə bilməz

Müəllif: Elçin Alıoğlu

Mənbə: Trend

2024-cü il Azərbaycan üçün əzmkarlıq, zəfər və qürur ili kimi tarixə yazıldı. Dünya qlobal çalxalanmaların, münaqişələrin və qeyri-sabitliklərin girdabında boğularkən Azərbaycan sabitlik adası kimi yüksəldi.

Geridə qalan il xalqımızın iradəsinin möhtəşəm gücünü, dövlətimizin diplomatiya və hərbi qüdrət sahələrindəki zəfərlərini nümayiş etdirdi. Qarşıya qoyulan bütün məqsədlər həyata keçirildi, milli maraqlar qorundu, beynəlxalq arenada isə ölkəmizin mövqeyi daha da gücləndi.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bir çox olduqca mühüm məqamlardan bəhs etdi.

"Bu gün dünyada baş verən hadisələr hamımızın gözünün qarşısındadır. Yeni müharibələr, qarşıdurmalar, münaqişələr alovlanır. Dünyanın müxtəlif bölgələrində qanlı toqquşmalar davam edir. Azərbaycan isə sülh, əmin-amanlıq, təhlükəsizlik və sabitlik şəraitində yaşayır. Əminəm ki, bundan sonra sabitlik və əmin-amanlıq əbədi olacaqdır. 2024-cü ildə bir çox önəmli hadisələr baş vermişdir. Onların arasında ən vacib məsələ Qazax rayonunun 1990-cı illərin əvvəllərində işğal altına düşmüş dörd kəndinin işğaldan azad edilməsi idi", - dövlət başçısı söylədi.

Gerçəkdən də, Qazaxın 1990-cı illərdən bəri əsarətdə olan dörd kəndini hərbi güc tətbiq edilmədən azad edilməsi Azərbaycanın diplomatiya sənətinin növbəti təntənəsi oldu. Bu, təkcə diplomatik zəfər deyil, həm də milli iradənin, ədalətin təcəssümüdür. Azərbaycanın regionda yaratdığı yeni reallıqlar artıq beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilir. Ermənistan isə, hərbi və siyasi məğlubiyyətlərindən dərs çıxarmaq əvəzinə, xarici qüvvələrin təsiri altında silahlanma yarışına başlayaraq, yeni təxribatlara yol açır. Lakin tarix dəfələrlə sübut edib ki, silahın gücü deyil, zəkanın və iradənin gücü qalib gəlir. Azərbaycanın gücü isə yalnız silahda deyil, həm də beynəlxalq hüquqa əsaslanan qətiyyətli mövqeyindədir.

Prezident daha sonra söylədi: "... Ümid edirəm ki, bundan sonra da Ermənistan öz siyasətində Cənubi Qafqazda və eyni zamanda, dünyada yaradılmış yeni reallıqları nəzərə alacaq. Cənubi Qafqazda yeni reallıqları biz yaratdıq. Vətən müharibəsi bu reallıqları yaratdı, dövlət suverenliyimizin bərpası bu reallıqları daha da gücləndirdi və biz Cənubi Qafqazda yaratdığımız yeni reallıqları diplomatik, beynəlxalq və siyasi müstəvidə təsdiqlədik. Bütün dünya yeni reallıqları qəbul edib. Ona görə Ermənistanın genişmiqyaslı silahlanma kampaniyası hesab edirəm ki, bölgə üçün növbəti təhdid mənbəyidir. Əgər bu il bizim üçün ən narahatedici məqamı qeyd etsək, təbii ki, bu, Ermənistanın silahlanmasıdır. Bunun heç bir məntiqi izahatı yoxdur".

... Ermənistanın irrasional militarist siyasəti Cənubi Qafqazda sülhə və sabitliyə qarşı əsas təhdidə çevrilib. Azərbaycan dəfələrlə xəbərdarlıq edib ki, hərbi potensialın artırılması Ermənistana yeni fəlakətlərdən başqa bir şey gətirməyəcək. Bu siyasət, yalnız Azərbaycanın hərbi qüdrəti qarşısında yox, həm də tarixin ədalət tərəzisində məğlubiyyətə məhkumdur.

Rəsmi Bakı bütün mümkün təhlükələrə qarşı önləyici tədbirlər görür. Ölkənin hərbi büdcəsinin 2025-ci ildə rekord səviyyəyə çatdırılması - 8,4 milyard manat - təhlükəsizliyimizi və milli maraqlarımızı qorumaq üçün vacib addımdır. Bu vəsait, şübhəsiz ki, sosial və iqtisadi layihələrə, azad edilmiş ərazilərin bərpasına yönəldilə bilərdi. Lakin Ermənistanın və onun xarici himayədarlarının təxribatçı siyasəti başqa alternativ qoymur.

Prezident Ermənistana sərt xəbərdarlıq da etdi: "Mən dəfələrlə həm rəsmi bəyanatlarımda, həm Ermənistan tərəfi ilə apardığımız danışıqlar əsnasında onlara xəbərdarlıq etmişəm ki, bu təhlükəli yoldan çəkinsinlər. Onları təhrik edən və bu gün yenə də Azərbaycan üzərinə hücum etməyə vadar edən xarici dairələr, xarici ölkələr onların arxasında durmayacaq, sadəcə olaraq, dura bilməyəcək. Bizimlə bu bölgədə hərbi müstəvidə heç bir qüvvə rəqabət apara bilməz. Ona görə bir daha deyirəm, hələ ki, gec deyil, bu təhlükəli yoldan geri qayıtsınlar. Cənubi Qafqaz sülh, əmin-amanlıq, əməkdaşlıq bölgəsi olmalıdır. Ermənistanın genişmiqyaslı və sürətli silahlanması, öldürücü silahların tədarükü bu sülhü, mümkün olan sülhü poza bilər. Bir şeyi də qeyd etməliyəm, Azərbaycan, sadəcə olaraq, bu məsələ ilə bağlı tamaşaçı rolunda olmayacaq. Otuzillik işğal, dağıntılar, Qarabağın, Şərqi Zəngəzurun viran qoyulması, Xocalı soyqırımı, bir milyon insanımızın Ermənistanın ucbatından qaçqın, köçkün vəziyyətində yaşaması bizim xatirimizdən heç vaxt silinməyəcək. Biz bunu heç vaxt unutmayacağıq. Ermənistanın işğalçılıq siyasəti və mahiyyəti daim nəzərə alınmalıdır. Ona görə bir daha özümə borc bilib Ermənistan rəhbərliyinə növbəti xəbərdarlıq edirəm ki, bu təhlükəli yoldan çəkinsinlər. Bir də ki, bizimlə hərbi və istənilən sahədə rəqabət aparmaq onların iqtidarında deyil".

Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi artıq bir möcüzə deyil, Azərbaycan dövlətinin və xalqının iradəsinin parlaq nəticəsidir. İşğaldan azad edilmiş bu torpaqlar təkcə bərpa olunmur, həm də gələcəyə doğru atılan böyük bir addım olaraq yenidən canlanır. "Böyük Qayıdış" proqramı, dağıdılmış torpaqlarda həyatın yenidən qığılcım almasına imkan yaradır. Azərbaycan xalqının dərin kökləri bu torpaqlara yenidən möhkəm bağlanır, Şuşa, Ağdam, Cəbrayıl kimi şəhərlərimiz isə milli qürur rəmzinə çevrilir.

Beynəlxalq arenada isə Azərbaycan bu il möhtəşəm nailiyyətlər qazandı. COP29 konfransına ev sahibliyi edən ölkəmiz, bütün dünyaya özünün təşkilatçılıq bacarığını, iqtisadi və mədəni potensialını nümayiş etdirdi. Tədbir, bəzi xarici qüvvələrin təzyiq və təxribat cəhdlərinə baxmayaraq, uğurla başa çatdı. Bu, Azərbaycanın dünya miqyasında etibarlı tərəfdaş və güclü dövlət olduğunu bir daha təsdiqlədi.

Azərbaycan gələcəyə qətiyyətlə baxır. Qarşıda dayanan məqsədlərimiz aydındır: Cənubi Qafqazı sülh və əməkdaşlıq regionuna çevirmək, milli təhlükəsizliyi möhkəmləndirmək, iqtisadi və sosial rifahı artırmaq. Tarixin dərsləri bizə göstərdi ki, birlikdə hər bir çətinliyi dəf edə bilərik. Azərbaycan öz müdrik siyasəti və güclü xalqı ilə, mürəkkəb geosiyasi şəraitdə belə, dayanıqlı inkişafın və dinc yanaşı yaşamağın mümkün olduğunu bütün dünyaya nümayiş etdirməkdədir.

Azərbaycanın 2021-ci ildən başlayaraq azad edilmiş ərazilərin bərpasına yönəltdiyi tarixi miqyasda işlər, xalqımızın əzminin və dövlətimizin gücünün rəmzidir. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması sadəcə bərpa deyil, həm də gələcək üçün qurulan parlaq bir körpüdür. Bu torpaqlara yalnız həyat deyil, həm də yeni standartlar qaytarılır. Azərbaycanın milli ruhunun dirçəlişi, ədalətin zəfəri və inkişafın gücünün təcəssümü bu ərazilərdə öz əksini tapır.

Son üç ildə bu torpaqlara yönəldilmiş 19 milyard manatdan çox vəsait Azərbaycan tarixində misli görünməmiş bir sərmayədir. Bu vəsaitlər yalnız infrastrukturu bərpa etmək üçün deyil, həm də Qarabağ və Şərqi Zəngəzuru gələcəyin nümunəvi bölgəsinə çevirmək üçün sərf olunur. Əhmədbəyli-Füzuli-Şuşa yolu, Füzuli-Hadrut marşrutu və Zəngəzur dəhlizi kimi layihələr bu ərazilərin birləşdirici damarlarına çevrilir, onları Azərbaycanın ümumi iqtisadi və sosial sisteminə bağlayır. "Ağıllı kənd" konsepsiyası ilə qurulan Ağalı kəndi isə gələcək yaşayış məntəqələrinin inkişaf modeli kimi dünya standartlarını müəyyən edir.

Azad edilmiş ərazilərdəki yenidənqurma prosesi yalnız infrastrukturla məhdudlaşmır. Məktəblər, xəstəxanalar, idman kompleksləri və mədəniyyət obyektləri inşa edilir. Bu binalar təkcə tikinti deyil, ümidin, gələcəyin və iradənin simvoludur. Bu yerlərdə yaranan yeni iş yerləri isə həm vətəndaşlarımızın rifahını artırır, həm də ölkənin ümumi iqtisadiyyatına töhfə verir.

Bugün artıq 10 minə yaxın keçmiş məcburi köçkün doğma yurduna qayıdıb. Onlar təkcə yeni tikilmiş evlərə deyil, həm də itirilmiş həyatlarına geri dönürlər. Şuşa, Füzuli, Cəbrayıl və Ağdam kimi şəhərlər artıq xalqımızın həm yaddaşında, həm də reallığında dirçəlir. Bu torpaqlarda yaşayan və işləyən insanların sayı artıq 30 mini keçib. Tikinti meydançaları yalnız fiziki mənada deyil, həm də xalqımızın yeni taleyinin yaradıldığı məkanlardır.

2025-ci ildə bərpa işləri daha geniş miqyas alacaq. Azərbaycan hökuməti bu ərazilərin inkişafına əlavə 4 milyard manat ayırmağı planlaşdırır. Daha çox infrastruktur obyektləri istismara veriləcək, böyük yaşayış kompleksləri tamamlanacaq. Bu proses yalnız bir bərpa deyil, həm də Azərbaycanın gələcək inkişafının dayanıqlı təməli olaraq nəzərdən keçirilir.

Azərbaycan müasir texnologiyalara və innovasiyalara xüsusi diqqət yetirir. "Ağıllı kənd"lər və "ağıllı şəhər"lər enerjiyə qənaət edən texnologiyalardan, günəş panellərindən və rəqəmsal idarəetmə sistemlərindən istifadə edərək, yalnız yaşayış standartlarını deyil, həm də ekoloji tarazlığı təmin edir. Bu yanaşma, gələcəyin dayanıqlı icmalarını yaratmağa imkan verir. Ekoloji bərpa işləri isə, dağıdılmış təbiətin yenidən canlanmasını və təmiz bir gələcəyin təmin olunmasını hədəfləyir.

Bütün bu nailiyyətlər Azərbaycanın təkcə iqtisadiyyatına deyil, həm də cəmiyyətinə böyük təsir göstərir. Minlərlə yeni iş yeri yaradılır, bu isə işsizliyin azalmasına və sosial gərginliyin aradan qaldırılmasına xidmət edir. Ərazilərin bərpası kənd təsərrüfatı, turizm və ticarət kimi sahələrdə yeni imkanlar yaradır, ümumi daxili məhsulun artımını stimullaşdırır.

Fəqət qarşıda hələ də ciddi çağırışlar var. Mina təhlükəsi, işğal dövründə qalan bu ölüm tələləri minlərlə hektar torpağın istifadəsini ləngidir. Buna baxmayaraq, Azərbaycan bu problemi aradan qaldırmaq üçün beynəlxalq tərəfdaşlarla birgə mübarizə aparır. Digər tərəfdən, Ermənistanın hərbi ambisiyaları və bəzi beynəlxalq dairələrin gərginliyi artırmağa yönəlmiş təxribatları bərpa prosesinə mane olmaq məqsədi güdür. Lakin Azərbaycan qətiyyətlə irəliləyir. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın gələcəyinə işıq saçan bir nümunə olacaq. Bərpa prosesi yalnız torpaqlarımızın deyil, həm də xalqımızın ruhunun bərpasıdır. Bu, Azərbaycanın gələcəyə inamla baxmasının təməlidir.

2024-cü il Azərbaycan üçün təkcə bir il deyil, milli iradənin, iqtisadi yüksəlişin və beynəlxalq nüfuzun şərəfli bir mərhələsi oldu. Qlobal qeyri-sabitlik və iqtisadi böhran şəraitində Azərbaycan inkişafın özəl bir modelini dünyaya nümayiş etdirdi. Ümumi Daxili Məhsulun 4 faizlik artımı, qeyri-neft sektorundakı 6 faizdən çox yüksəliş və qeyri-neft sənayesindəki 7 faizdən artıq tərəqqi ölkəmizin iqtisadiyyatını şaxələndirmək strategiyasının uğurunu bir daha təsdiqlədi. Bu rəqəmlər sadəcə statistik deyil, Azərbaycanın iqtisadi iradəsinin canlı göstəricisidir.

Valyuta ehtiyatlarının 72 milyard ABŞ dollarını keçməsi, maliyyə dayanıqlığının və iqtisadi təhlükəsizliyin sarsılmaz qalasını qurdu. Xarici borcun cəmi 5,2 milyard dollara enməsi və ehtiyatların borca 14 dəfə üstün gəlməsi isə dünya miqyasında nadir rast gəlinən bir uğurdur.

Dövlət başçısı bəhs etdiyimiz məqamla bağlı dedi: "Eyni zamanda, xarici borcumuzu da azaltmışıq və bu gün Azərbaycanın xarici borcu cəmi 5,2 milyard dollardır. Yəni, başqa sözlə desək, bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir. İndi əgər bu rəqəmlərə yaxın olan rəqəm hər hansı bir inkişaf etmiş ölkədə varsa, onu mənə göstərsinlər".

Bu, Azərbaycanın maliyyə siyasətində nə qədər dəqiqlik və müdrikliklə hərəkət etdiyini əks etdirir.

Azərbaycan təkcə iqtisadiyyatını deyil, xalqının rifahını da ən ön planda saxlayır. 2019-cu ildən bəri həyata keçirilən dörd genişmiqyaslı sosial paketin təsiri artıq milyonlarla vətəndaşın həyatında hiss olunmaqdadır. 2025-ci ildə tətbiq ediləcək beşinci sosial paket isə minimum əməkhaqqını 400 manata, pensiyanı isə 320 manata yüksəltməklə, sosial ədaləti daha da möhkəmləndirəcək. Bu tədbirlər, vətəndaşların rifahını yüksəltmək üçün Azərbaycan dövlətinin daimi səylərinin bariz nümunəsidir.

Eyni zamanda, 2024-cü il Azərbaycanın beynəlxalq uğurlar ilə dolu olduğu bir il kimi yadda qaldı. COP29 konfransına ev sahibliyi edən Azərbaycan, dünyanın diqqətini təkcə iqtisadi və ekoloji təşəbbüslərinə deyil, həm də təşkilatçılıq bacarığına cəlb etdi. Cəmi 11 ay ərzində belə böyük miqyaslı bir tədbiri ən yüksək səviyyədə keçirmək, Azərbaycanın qlobal liderlər sırasındakı mövqeyini təsdiqlədi. Tədbirin 76 min iştirakçını və 197 ölkənin nümayəndəsini bir araya gətirməsi, Azərbaycanı qlobal problemlərin həllində etibarlı tərəfdaş kimi qəbul etdiyini göstərir.

Konfransın keçirilməsi ilə bağlı Azərbaycan güclü təzyiqlərlə üzləşdi. Qərbin bəzi dairələrinin, qeyri-hökumət təşkilatlarının və saxta mediadan gələn təxribat cəhdlərinə baxmayaraq, Azərbaycan bir daha göstərdi ki, xarici təsirə boyun əyməyən, öz prinsipial mövqeyini müdafiə edən bir dövlətdir. Bütün bu cəhdlər iflasa uğradı, tədbir isə Azərbaycanın təşkilatçılıq bacarığını və nailiyyətlərini dünyaya nümayiş etdirdi.

COP29 təkcə ekoloji problemlərin müzakirəsi üçün bir platforma deyildi, həm də Azərbaycanın potensialının və dayanıqlı inkişaf modelinin nümayişidir. 197 ölkənin iştirakını təmin edən bu tədbir, Azərbaycanı beynəlxalq arenada tanınmış lider kimi təsdiqlədi. Ekoloji məsuliyyətin təşviqi və dayanıqlı inkişafa töhfə vermək arzusu Azərbaycanın dünya birliyindəki fəal rolunu daha da möhkəmləndirdi.

Azərbaycan bu il həm iqtisadi sabitlik, həm də sosial rifahın inkişaf etdirilməsi baxımından unikal nailiyyətlər əldə etdi. Eyni zamanda, beynəlxalq tədbirlərdə qətiyyətlə çıxış edən bir dövlət kimi özünü sübut etdi. 2024-cü il Azərbaycanın inkişaf və tərəqqi tarixində yalnız bir mərhələ deyil, həm də gələcəyə aparan parlaq bir yol oldu. Bu yol, sabitliyin, sülhün və qlobal əməkdaşlığın təminatçısı olan güclü Azərbaycan dövlətinin yoludur.

2024-cü il Azərbaycanın tarixində yeni bir dönüş nöqtəsi, milli iradənin, diplomatik zəfərlərin və iqtisadi dayanıqlığın möhtəşəm nümunəsi oldu. Bu il ərzində əldə edilən nailiyyətlər ölkənin beynəlxalq nüfuzunu artırdı, daxili sabitliyi möhkəmləndirdi və gələcəyə inamı daha da gücləndirdi. Azərbaycanın uğurları sadəcə statistika deyil, həm də milli ruhun və dövlətin prinsipial siyasətinin əksidir.

Azərbaycan, illərlə davam edən təzyiqlərə və çağırışlara rəğmən, həm daxili, həm də xarici siyasətdə öz gücünü və sabitliyini qorudu. Valyuta ehtiyatlarının 72 milyard dollara çatdırılması, xarici borcun tarixi bir həddə - 5,2 milyard dollara qədər azaldılması, Qarabağ və Şərqi Zəngəzur kimi ərazilərin bərpasına yatırılan milyardlarla sərmayə - bütün bunlar Azərbaycanın yalnız regional lider deyil, həm də beynəlxalq iqtisadi oyunçu olduğunu bir daha təsdiqləyir. Bu, Azərbaycanın yalnız sabitlik adası deyil, həm də inkişafın mərkəzi olduğunu göstərir.

Ədalətə olan inam və sabitliyə sadiqlik Azərbaycanın xarici siyasətinin təməlini təşkil edir. Ermənistanın hərbiləşmə cəhdləri və bəzi xarici dairələrin Azərbaycana qarşı təzyiqləri ölkənin prinsipial mövqeyini zəiflədə bilmədi. Əksinə, Azərbaycan qlobal arenada Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün fəal liderlik göstərir. Zəngəzur dəhlizi kimi strateji infrastruktur layihələri ölkəmizi regionun iqtisadi arteriyasına çevirir və Azərbaycanın beynəlxalq diplomatiyadakı mövqeyini gücləndirir.

COP29 isə Azərbaycanın beynəlxalq səviyyədə nail olduğu uğurların zirvəsi kimi yadda qaldı. Azərbaycan, dünyanın diqqət mərkəzində olaraq, yalnız bir təşkilatçı kimi deyil, həm də qlobal ekoloji problemlərin həllinə töhfə verən bir lider kimi çıxış etdi. 76 min iştirakçı və 197 ölkənin təmsilçiləri qarşısında keçirilən bu tədbir, Azərbaycanın qlobal liderliyini daha da gücləndirdi. Xarici təzyiqlərə və təxribatlara rəğmən, Azərbaycan bu tədbiri ən yüksək səviyyədə keçirərək, öz qətiyyətini və peşəkarlığını nümayiş etdirdi.

Azərbaycanın 2024-cü ildə əldə etdiyi sabitlik, ölkəyə gələcəyə inamla baxmaq imkanı yaradır. Qarşıdakı illərdə ölkənin əsas məqsədi Cənubi Qafqazda sülhün qorunması, milli təhlükəsizliyin gücləndirilməsi və sosial-iqtisadi rifahın artırılmasıdır. Azərbaycan, mürəkkəb geosiyasi şəraitdə belə, regionda sülhün və dayanıqlı inkişafın əsas təminatçısı kimi qalmağa davam edir.

Bu il Azərbaycanın inkişaf modeli dünya birliyinə bir nümunə oldu. Gələcəyə olan inam və dövlətimizin qətiyyətli siyasəti ilə Azərbaycan, nəinki regionda liderliyini qoruyub saxlayır, hətta bu liderliyi daha geniş beynəlxalq arenaya yayır. Bu, yalnız bugünkü zəfərlərimizin deyil, gələcəkdəki uğurlarımızın da zəmanətidir. Azərbaycan göstərdi ki, güc sadəcə iqtisadiyyatda və hərbi potensialda deyil, həm də xalqın birliyində və iradəsindədir. Bu iradə isə bizi qarşıda duran bütün hədəflərə çatdıracaq.

"...Bu il Azərbaycan xalqı bir daha mənə böyük etimad göstərmişdir. Prezident seçkilərində mənə göstərilən dəstək məni daha da ruhlandırır, daha da gücləndirir. Daha da çox məni əmin edir ki, biz düzgün yolla irəliyə gedirik və bundan sonra da mən bu yüksək etimadı doğruldacağam. Hesab edirəm ki, Azərbaycan xalqında bu məsələ ilə bağlı hər hansı bir şübhə yoxdur. Azərbaycan 21 ildir inamla, uğurla, ləyaqətlə inkişaf edir. Bu illər ərzində çətinliklər də olub, sınaq məqamları da olub, müharibələr olub, bizə qarşı əsassız ittihamlar olub. Amma heç biri, heç biri bizi yolumuzdan döndərə bilmədi. Biz ərazi bütövlüyümüzü də bərpa etdik, dünya güclərinin istəklərinə rəğmən, dövlət suverenliyimizi də bərpa etdik, yenə də böyük dövlətlərin iradəsinə zidd olaraq. Ölkəmizi də inamla idarə edirik. Bizim ayağımıza dolaşmaq istəyənlər isə növbəti dəfə iflasa uğrayacaq", - Prezident İlham Əliyev söylədi.

Və bu, əsl həqiqətdir...