Rəqəmsal hökumət arxitekturası hazırlanacaq
Rəqəmsal hökumət arxitekturası hazırlanacaq.
Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyev tərəfindən təsdiqlənən "Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası"nda əksini tapıb.
Sənədə əsasən, dövlət qurumlarında daxili inzibati proseslərin keyfiyyətinin və əlçatanlığının artırılması, kağız daşıyıcılarda aparılan proseslərin rəqəmsal mühitə keçirilməsi, elektron imzanın tətbiqi, məlumat əsaslı qərar qəbul etməyə imkan verəcək infrastrukturun qurulması məqsədilə mövcud iş proseslərinin optimallaşdırılması zəruridir.
Formalaşdırılacaq dövlət məlumat "hövzəsi" böyükhəcmli məlumatların təhlili, proqnozlaşdırıcı modellərin yaradılması nümunələrinin axtarışı üçün mənbədir.
Bu alqoritm prosesin bütün iştirakçılarına ani və müvafiq məlumatlar əldə etməyə, məlumatlar əsasında qərarlar qəbul etməyə, proqnoz verməyə, məlumat istehlakçısına sürətli və keyfiyyətli xidmətlər göstərilməsinə imkan verəcəkdir.
Dövlət qurumlarında formalaşdrılacaq Rəqəmsal hökumət arxitekturası qarşılıqlı fəaliyyət göstərərək məlumat axınını (G2G/G2E, G2B) təmin və idarə edə biləcək şəkildə təşkil olunmalıdır. Qurumlararası məlumatların mübadiləsi "Elektron Hökumət İnformasiya Sistemi" (EHİS) üzərindən aparılmalı, əməliyyat sistemləri və platformalar arasında məlumatların inteqrasiyası zamanı qayda və standartlar təyin edilməli, dövlət əhəmiyyətli informasiya sistemləri, ehtiyatları və məlumat bazaları "Hökumət buludu"nda yerləşdirilməlidir. Müasir texnologiyalar uyğun rabitə vasitələrinin hazır və əlçatan olmasını tələb edir.
Xidmətdən istifadəyə uyğun olaraq, müxtəlif proqram dəstləri təyinatına görə çoxməqsədli rabitə və kommunikasiya növlərini (5G, LoRa, yüksəksürətli fiber xətləri və s.) tələb edə bilər. Hökumət və biznes qurumlarının sözügedən rabitə və kommunikasiya növlərini tətbiq edə bilmələri üçün hüquqi baza və infrastruktur hazır vəziyyətə gətirilməli, investisiyaların cəlbi, təşviq və dəstək üçün müvafiq dövlət proqramları qəbul edilməlidir.
Rəqəmsal hökumət arxitekturasının bütün mərhələlərində və məlumatların son istifadəçilərinə çatdırılmasında, müasir informasiya təhlükəsizliyi qaydalarına (şifrələmə, müasir identifikasiya üsulları, istifadəçilərin girişlərinin idarə edilməsi, məlumatların idarə edilməsi, məxfiliyin qorunması, kiberhücumlardan qorunma və s.) riayət olunmalıdır.
İKT landşaftının bütün səviyyələrinin və informasiya təhlükəsizliyi komponentlərinin tətbiqi zamanı, ilk növbədə, yerli istehsala üstünlük verilməsi nəzərə alınmalı və strateji perspektivdə ölkəxarici asılılıq minimuma endirilməlidir. 2023-cü ildə ölkəmizin paytaxtı Bakı şəhərində keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində aparılan müzakirələrdə qabaqcıl peyk texnologiyası xidmətləri önə çəkilmişdir. Genişzolaqlı peyk internet xidmətinin təkrar satışı həyata keçiriləcək, peyk internet xidmətlərinin tərəfdaşı olaraq, ənənəvi və çox vaxt məhdud telekommunikasiya infrastrukturlarının yaratdığı maneələri aradan qaldırmaqla, dənizdə və quruda qabaqcıl peyk texnologiyası xidmətləri göstəriləcəkdir.
Dövlət xidmətlərinin sürətlə rəqəmsallaşmasını, emal olunan məlumatların həcminin çoxalmasını, artan fiziki və virtual server tələbatını nəzərə alaraq, "Hökumət buludu"nun arxitekturasında data mərkəzinin infrastrukturu genişləndiriləcək, Milli Data Mərkəzlərinin layihələndirilməsi işləri aparılacaqdır. Naxçıvan Muxtar Respublikasında data mərkəzinin inşa edilməsi üçün müvafiq texniki infrastruktur qurulacaqdır.
"Açıq məlumatlar" portalı təkmilləşdiriləcək, açıqlanan məlumatlara təkrar istifadə icazələrinin (open licence) verilməsi və maraqlı tərəflərin portala qoşulması qaydalar və tələblərlə dəstəklənəcəkdir.
Məlumatların arxitekturasının qurulması Rəqəmsal inkişafın zəruri komponentini təşkil edən rəqəmsal məlumatların hazırkı həcmi və dövlətin böyükhəcmli məlumatlara dair vahid strateji yanaşma nümayiş etdirməsi zərurəti nəzərə alınaraq, məlumatların idarə olunmasının (data governance) hədəflənən arxitekturası (çərçivəsi) formalaşdırılmalıdır.
Qurulacaq arxitektura məlumatların müxtəlif mənbələr arasında (dövlət qurumlarına məxsus informasiya sistemləri, biznes qurumlarının təqdim etdiyi məlumatlar, açıq məlumatlar, sosial şəbəkələr və s.) ötürülməsini və ölkədəki cari infrastrukturu (Milli Rəqəmsal Mübadilə şəbəkəsi, "Hökumət buludu" və s.) nəzərə alaraq, məlumat əsaslı qərar qəbuletmə imkanlarını təqdim etməlidir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре