İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun anadan olmasının 115 illiyinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Hərb Tarixi Muzeyində iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 115 illiyinə həsr olunmuş tədbir keçirilib.

Bu barədə Day.Az-а Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Nazirliyinin hərbi qulluqçuları, Milli Müdafiə Universitetinin Bakı Hərbi Kollecinin müəllim və kursant heyəti, veteranlar və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və İkinci Dünya müharibəsində həlak olanların, respublikamızın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi dərin ehtiramla yad edilib, Dövlət Himni səsləndirilib.

 

Tədbirdə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun İkinci Dünya müharibəsi cəbhələrində keçdiyi şanlı döyüş və həyat yolundan geniş danışılıb.

Bildirilib ki, xalqımızın qəhrəman oğlunun Böyük Vətən müharibəsində keçdiyi şərəfli döyüş yolu heç vaxt unudulmur, əziz xatirəsi ölkəmizdə hörmətlə anılır.

Daha sonra Həzi Aslanov irsinin araşdırmaçısı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Həzi Aslanovun 115 illik yubileyinə həsr etdiyi "Nəsillərə nümunə" kitabını eksponat olaraq Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi ehtiyatda olan polkovnik Elşad Pənahova təqdim edib.

Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında hərbi vətənpərvərlik mahnıları səsləndirilib.