Azərbaycan və Oman arasında birgə investisiya layihələri və potensial əməkdaşlıq perspektivləri dəyərləndirilib - FOTO

İqtisadiyyat Nazirliyində Omanın "Suhail Bahwan Group Holding" şirkətinin nümayəndələri ilə keçirilən görüşdə birgə investisiya layihələri və potensial əməkdaşlıq perspektivləri müzakirə edilib.
Nazirlikdən Day.Az-a verilən məlumata görə, bu, iqtisadiyyat naziri Mikayıl Cabbarovun Omanın "Suhail Bahwan Group Holding" şirkətinin nümayəndələri ilə görüşü zamanı baş tutub.
Bildirilib ki, Oman şirkətinin təmsilçilərinə Azərbaycanda qeyri-neft iqtisadiyyatının prioritetləri və xarici sərmayələrin qoyuluşu üçün yaradılmış əlverişli biznes mühiti barədə məlumat verilib, bu sahədə dövlət-özəl tərəfdaşlığının önəmi qeyd olunub.
Vurğulanıb ki, Azərbaycanda əlavə dəyər yaradan istehsalın qurulmasına dövlət tərəfindən göstərilən dəstək tədbirləri, eləcə də, istehsal olunan məhsulun xarici bazarlara ixracı üçün nəqliyyat-logistika infrastrukturu xarici şirkətlər tərəfindən investisiya qoyulması üçün ölkəmizin cəlbediciliyini artırır.
Tərəflər birgə investisiya layihələri, o cümlədən potensial əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Qeyd edək ki, Oman Sultanlığının ən iri holdinqlərindən olan "Suhail Bahwan Group Holding" Körfəz Ölkələri, Şimali Afrika və Cənubi Asiyada fəaliyyət göstərən 30-dan çox şirkətə sahibdir. Holdinq kimya sənayesi, səhiyyə, enerji, logistika, mühəndislik, infrastruktur, informasiya texnologiyaları və telekommunikasiya kimi sektorlarda fəaliyyət göstərir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре