Qarşılıqlı barışıq hüquqi məsuliyyətdən azad edir? – AÇIQLAMA
Bir sıra hallarda zərərçəkmiş tərəflə zərər vuran tərəfin qarşılıqlı anlaşma qaydasında barışıq baş verir. Bəs görəsən, belə vəziyyətdə məhkəmə prosesinə xitam verilirmi?
Day.Az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan vəkil Turan Abdullazadə bildirib ki, xüsusi ittiham qaydasında yalnız zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışığı əsasında məhkəmə prosesinə xitam verilir:
"Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.1-ci maddəsinə əsasən, cinayətin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq cinayət təqibi bu Məcəllənin müddəalarına uyğun xüsusi, ictimai-xüsusi və ya ictimai ittiham qaydasında həyata keçirilir. Xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir.
İctimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və ya bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127, 128, 129.2, 130.2, 133, 134, 142.1, 148-1, 149.1, 150.1, 151, 156-158, 163, 169-1, 175-177.1, 178.1, 179.1, 186.1, 187.1, 190.1, 197 və 201.1-ci maddələrində göstərilən cinayətlərə görə həyata keçirilir".
Hüquqşünas qeyd edib ki, ictimai-xüsusi ittiham qaydasında isə qarşılıqlı barışıq məhkəmə prosesinin ləğvinə rəvac vermir:
"İctimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Burada göstərilməyən digər cinayətlər üzrə cinayət təqibi ictimai ittiham qaydasında həyata keçirilir. Xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır.
Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. İctimai və ictimai-xüsusi ittiham qaydasında cinayət təqibində isə zərərçəkmiş şəxsin şikayətini geri götürməsi cəzanı yüngülləşdirə bilsə də yekun nəticəni dəyişmir, yəni işə tamamilə xitam verilmir, dövlət ittihamını müdafiə edib cinayət təqibini davam etdirirsə məhkəmə iş üzrə yekun qərarını qəbul edir".
Xatırladaq ki, bənzər hadisə zamanı xalq artisti Ağadadaş Ağayev onunla əlbəyaxa olan Nurəddin Cəlilovla qarşılıqlı barışsa da, məhkəmə hər iki şəxs barədə hökm çıxarıb. Hökmə əsasən, Nurəddin Cəlilova 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə ona təyin olunan cəza şərti sayılıb və 2 il sınaq müddəti təyin edilib. Ağadadaş Ağayevə isə 2 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə, 1 il sınaq müddəti hesab edilməklə cəza şərti hesab olunub.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре