PSJ rekordlarını yeniləyib

Son dövrün Fransa futbolunun şəksiz lideri PSJ Liqa 1-in cari mövsümünün finişinə 6 tur qalmış çempion olmaqla özünə məxsus rekordları yeniləyib.

İdman.biz xəbər verir ki, Paris klubu 13-cü dəfə ölkə çempionu olub.

Bu cəhətdən ikinci nəticə titullarını 60-70-ci illərdə qazanmış 10-qat çempion "Sent-Etyen"dədir. Bu komandanın da Fransa futbolunun hazırkı lideri ilə yaxın illərdə rəqabət aparması real görünmür. Hazırda turnir cədvəlində yalnız bir komandanı qabaqlayan "Sent-Etyen" hələ elitada qalmaq üçün çalışmalı, sonra gələcək illərdə parislilərlə rəqabət aparmağı düşünməlidir. "Marsel"in 9, "Monako"nun və "Nant"ın 8 çempionluğu var.

Ümumi zəfər sayında inamla lider olsa da, PSJ öz növbəsində ardıcıl çempionluqda birinci olan "Lion"la rəqabət aparmaq üçün ən azı hələ növbəti 3 mövsümü də qazanıb ona çatmalıdır. "Lion"un əsrimizin birinci onilliyində ardıcıl 7 çempionluğu var. PSJ tarixində ikinci dəfə ardıcıl 4 çempionluq yaşayıb. Ardıcıl 4 zəfərlik seriya "Sent-Etyen"də və "Marsel"də də var.

PSJ-nin yenilədiyi daha bir rekord ardıcıl 14-cü dəfə ilk 2 pillədən birini tutmasıdır. Paytaxtlılar son 14 çempionatın 11-də qalib olub, 3-də gümüş medal qazanıblar. Bu cəhətdən 2-ci nəticə əsrə gümüş medalla başlayıb, ardından da 7 ardıcıl çempionluq yaşayan "Lion"dadır.