Azərbaycanla Çin arasında imzalanmış sazişlər əsasında artıq praktiki işlərə başlanılıb

Azərbaycanla Çin arasında imzalanmış sazişlər əsasında artıq praktiki işlərə başlanılıb.

Bunu bu gün Bakıda keçirilən "Konstitusiya və Suverenlik" - Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda konfrans çərçivəsində Trend-ə özəl açıqlamasında İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) İcraçı direktoru Yusif Abdullayev deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin Çinə dövlət səfərindən bir neçə gün əvvəl Azərbaycan İqtisadiyyat Nazirliyinin, Çindəki Ticarət Nümayəndəliyimizin, AZPROMO-nun Çin Milli İnkişaf və İslahat Komissiyası tərəfindən sənaye sahəsində investisiya konfransı təşkil olunub:

"Bu konfrans çərçivəsində 13 sənəd imzalanıb. Sənədlərin 4-ü qurumlar arasında imzalanıb, 9-u isə praktiki sənədlərdir. Həm yüngül sənayeni, həm də ağır sənayeni - karton istehsalı, maşınqayırma, traktor istehsalı, yüksək texnologiyalar sahəsində - noutbukların, kompüterlərin istehsalı sahəsində - Azərbaycanda alüminium istehsalının genişləndirilməsi sahəsində Memorandum və sazişlər imzalanıb. Bunların ümumi dəyəri 335 milyon ABŞ dollarıdır".

Direktorun sözlərinə görə, bu əməkdaşlıq çərçivəsində bəzi sahələr üzrə artıq işlər başlanılıb:

"Belə ki, karton istehsalı üçün 3 hektara yaxın torpaq ayrılıb və həmin layihələr üzrə artıq işlərə başlanılıb. Biz düşünürük ki, yaxın zamanda investisiyaların yatırılması və şirkətin yaradılması prosesi tamamlanacaq. Eyni zamanda traktor istehsalı ilə bağlı yerli şirkət Çin şirkəti ilə maliyyə modelinin müzakirəsini bitirib. Növbəti praktiki addımlara keçilib. Hər bir sahə üzrə müəyyən praktiki addımlara başlanılıb, digər sahələr üzrə də praktiki addımların atılması gözlənilir. Bunlar praktiki sazişlərdir, hansı ki, real Çin investisiyalarının Azərbaycana gətirilməsinə öz töhfəsini verəcək. Artıq Çinlə əməkdaşlıq çərçivəsində bir çox layihələrə başlanılıb və başlanılmasına davam etdiriləcək".