Azərbaycanla İranın Şərqi Azərbaycan vilayəti arasındakı sərhəd bazarları böyük əhəmiyyət daşıyır

İran və Azərbaycan arasında İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayəti ilə sərhədlərdə sərhəd bazarlarının yaradılması böyük əhəmiyyət kəsb edir.

Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan vilayətinin valisi Bəhram Sərməst deyib.

Onun sözlərinə görə, sərhəd bazarları müxtəlif investorlarının diqqətini çəkə bilər. Beləliklə həm Azərbaycanda fəaliyyət göstərən iranlı investorlar, həm də azərbaycanlı investorlar iki ölkə arasında, əsasən də sərhəd vilayətlərlə iqtisadi və ticarət əlaqələrinin inkişafına öz töhfəsini verə bilərlər.

Sərməst deyib ki, Şərqi Azərbaycan vilayətinin bir çox sahələrdəki imkanları ilə İran və Azərbaycan arasında əlaqələr daha yüksək səviyyəyə irəliləyə bilər. Bu, həm də sərhəd bölgələrdə əhalinin rifahının yaxşılaşmasına öz töhfəsini verə bilər. Şərqi Azərbaycan vilayətində turizmin inkişafı və birgə investisiya diqqət mərkəzində saxlanıla biləcək məsələlərdəndir.

"Şərqi Azərbaycan vilayətinin sənaye sektorunda ciddi imkanları olduğuna görə, sənaye parklarında ortaq işlərin həyata keçirilməsi istiqamətində işlər həyata keçirmək olar. Bu istiqamətdə hər iki ölkənin investorları daha aktiv ola bilərlər.

Araz Azad Ticarət Zonasının Şərqi Azərbaycan vilayətində fəaliyyət göstərməsi bir çox imkanlar yarada bilər. Belə ki, iki ölkə arasında sərhəd bazarları fəaliyyətə başlaya, həmçinin azad ticarət zonalarında birgə işlər görmək olar", - deyə o qeyd edib.

Qeyd edək ki, İranın Gömrük Administrasiyasının statistikasına əsasən, ötən İran ilində (20 mart 2024 -20 mart 2025) İran və Azərbaycan arasında qeyri-neft ticarət dövriyyəsi 712 milyon dollar dəyərində təxminən 872 min ton təşkil edib. İki ölkə arasında ticarət dövriyyəsi öncəki illə müqayisədə dəyər baxımından 6%, çəki baxımından 9,4 artıb.