Milli Məclis Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsinə razılıq verdi

Baş prokuror vəzifəsinə təyinatla bağlı Azərbaycan Respublikası Prezidentinin təqdimatı Milli Məclisə daxil olub.
Day.Az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib.
Təqdimatda Kamran Bayram oğlu Əliyevin Baş prokuror vəzifəsinə təyin olunmasına razılıq verilməsi təklif olunub.
Qərar layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Baş prokuror Kamran Əliyev Milli Məclisdə çıxış edib.
"Mənə yenidən etimad göstərib bu mühüm dövlət postuna təyinatımla bağlı ali qanunvericilik orqanına müraciət etdiyinə görə Prezident İlham Əliyevə öz adımdan və prokurorluq orqanlarının əməkdaşları adından təşəkkür edirəm. Həmçinin, Milli Məclisin deputatlarına da namizədliyimi dəstəklədiklərinə görə təşəkkür edirəm", - K.Əliyev qeyd edib.
Məlumat üçün bildirək ki, Kamran Əliyev 2020-ci il mayın 1-də Prezident İlham Əliyevin Sərəncamı ilə Baş prokuror təyin edilib. 2021-ci il noyabrın 23-də ona I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.
Qeyd edək ki, Konstitusiyaya əsasən, Milli Məclis Azərbaycan Respublikasının Prezidentinin təqdimatına əsasən, Baş prokurorun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре