Ötən həftə Azərbaycanın maliyyə sektorunda nə baş verib?

Ötən həftə açıqlanan məlumata görə, bu ilin ilk rübündə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 54,9 milyard manat təşkil edib.

Day.Az xəbər verir ki, dövriyyədə olan ödəniş kartlarının sayı 20 milyon 460 min ədəd olub.

Belə ki, bu ilin aprelin 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 105,9 bənd təşkil edib. Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,36 bənd olub. Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 46,7 milyard manat təşkil edib. Şərqi Zəngəzur iqtisadi rayonu üzrə kredit qoyuluşlarının həcmi 10,4 milyon manata, Qarabağ iqtisadi rayonu üzrə isə kredit qoyuluşlarının həcmi 481,3 milyon manata bərabər olub.

Ötən həftə məlum olub ki, cari ilin birinci rübündə Azərbaycanda fəaliyyət göstərən banklar kredit faizlərindən 897,8 milyon manat gəlir əldə edib. Həmçinin, bankların faiz gəlirlərinin həcmi 1,134 milyard manat olub. Bununla yanaşı, Azərbaycanda fəaliyyət göstərən bankların qiymətli kağızları üzrə faiz gəlirlərinin həcmi 132,5 milyon manat olub. Eyni dövrdə Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən 61,7 milyon manat mənfəət vergisi ödənilib.

Açıqlanan məlumatlara görə, son bir ildə Azərbaycan bankları 1,5 milyard manata yaxın istehlak krediti verib. Təkcə ötən ay banklar 150 milyon manatdan çox biznes krediti verib. Ötən ay banklar tərəfindən verilmiş ipoteka kreditlərinin həcmi 67 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankı (AMB) "Finoko" BOKT-a icrası məcburi göstəriş verib. AMB tərəfindən "Sevinc" Kredit ittifaqı MMC-yə icrası məcburi göstəriş verilib. Mərkəzi Bank "Meqa Sığorta"nın vəzifəli şəxslərini və "GL" ASC-ni və onun vəzifəli şəxsini cərimələyib

Ötən həftə məlum olan məlumata görə, bu ilin aprelin 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən nəqliyyat sektoruna verilmiş biznes kreditlərinin həcmi 1,478 milyard manata çatıb. Sənaye sektoruna verilən biznes kreditləri 2,6 milyard manatı ötüb. Tikinti sektoruna verilmiş biznes kreditlərinin həcmi 1,457 milyard manat olub.

Martda kiçik sahibkarlıq subyektlərinə 42 milyon manat, mikrosahibkarlığa 64 milyon manat kredit verilib. Son bir ildə orta sahibkarlığa 254 milyon manat kredit verilib.

Bu ilin mart ayının sonuna olan məlumata görə, Azərbaycanda rezident maliyyə institutlarının (həmçinin statistik vahidin ödəniş kartları) emissiya etdiyi "Visa" kartları vasitəsilə əməliyyatların sayı 95,4 milyon ədəd, əməliyyatların həcmi 5,5 milyard manat, "MasterCard" kartları vasitəsilə əməliyyatların sayı 64,9 milyon ədəd, əməliyyatların həcmi 4,4 milyard manat, "American Express" kartları vasitəsilə əməliyyatların sayı 6,6 min ədəd, əməliyyatların həcmi 0,6 milyon manat, "UnionPay" kartları vasitəsilə əməliyyatların sayı 200 ədəd, əməliyyatların həcmi isə 40 min manat, lokal kartlar vasitəsilə əməliyyatların sayı 43,9 min ədəd, əməliyyatların həcmi isə 43,26 milyon manat olub.

Bu ilin mart ayında Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi 37 milyon manat olub. xaricdən banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 111,5 milyon manat vəsait daxil olub.

Mayın 1-nə olan məlumata görə, Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11,062 milyard ABŞ dolları təşkil edib.