Bakıda Akif Əsgərovun 85 illik yubileyinə həsr olunmuş “Ruhun sədası” adlı fərdi sərgisi açılıb

Mayın 2-də Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı, tanınmış heykəltəraş Akif Əsgərovun 85 illik yubileyinə həsr olunmuş  "Ruhun sədası" adlı fərdi sərgisi açılıb.

Day.Az xəbər verir ki, açılış mərasiminə ictimai və mədəni xadimlər, heykəltaraşın sənət dostları, ailə üzvləri, tələbələri və coxsaylı sənətsevərlər qatılıblar. Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyev, Xalq rəssamları Ömər Eldarov, Salhab Məmmədov, Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev, Akif Əsgərovun ailəsi adından Rövşən Hüseynov çıxış edərək sərginin əhəmiyyətindən, görkəmli sənətkarın Azərbaycan təsviri sənətində tutduğu yerdən və onilliklər ərzində yaratdığı bənzərsiz əsərlərdən söz açıblar, eyni zamanda maraqlı xatirələrini bölüşüblər. Daha sonra tədbir iştirakçıları sərgi ilə yaxından tanış olublar. 

Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən retrospektiv sərgidə muzey və əksəriyyəti ailə kolleksiyasından olmaqla ümumilikdə 60-dək dəzgah heykəltəraşlığı nümunəsi, eləcə də qrafik rəsmlər yer alıb. Ekspozisiya Akif Əsgərovun yaradıcılığının müxtəlif mərhələlərini əks etdirir. Təqdim olunan kiçik plastika nümunələrində onun sevimli mövzuları - obrazlar qalereyasında mühüm yer tutan qadın, balerina, yaşlı insan surətləri, həmçinin Nizaminin "Xəmsə"sinə həsr etdiyi relyeflər əksini tapıb. Bununla yanaşı, iş masası, layiq görüldüyü çoxsaylı təltiflər, fəxri adların nümayişi sənətkarın həyatı və fasiləsiz yaradıcılıq yolu, ümumilikdə sənət dünyası haqqında tamaşaçıda xüsusi təəssürat yaradır.

Sərgi 3 sentyabr 2025-ci ilədək ziyarətçilər üçün açıq olacaq.