Belarus Baş nazirinin Füzuli və Ağdama səfəri başa çatıb

Belarus Respublikasının Baş naziri Aleksandr Turçinin Füzuli və Ağdama səfəri başa çatıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Baş nazir səfər çərçivəsində Ağdam Sənaye Parkı, rayonun Qızıl Kəngərli kəndində icra olunacaq aqroşəhərcik layihəsi ilə və Sarıcalı kəndilə tanış olub.

Belarus hökumətinin başçısı sənaye parkı ilə tanışlıq zamanı burada görülən işlərlə maraqlanıb.

Sonra Sarıcalı kəndi ilə tanışlıq olub. Daha sonra isə Ağdamın Qızıl Kəngərli kəndində olublar. Tanışlıq çərçivəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov kənddə yaradılacaq aqrar şəhərcik haqqında məlumat veriblər.

Bildirilib ki, aqrar şəhərcik belaruslu mütəxəssislərin iştirakı ilə yaradılacaq. Layihənin Ağdam rayonunda yaşayış məskənlərinin hərtərəfli inkişafına, kənd ərazilərinin dirçəldilməsinə, bölgənin iqtisadiyyatına önəmli təsiri olacaq.

 

xxx

14:00

Belarus Respublikasının Baş naziri Aleksandr Turçin Füzuli rayonundan sonra Ağdama gəlib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, səfər proqramına Ağdam Sənaye Parkı və rayonun Qızıl Kəngərli kəndində icra olunacaq aqroşəhərcik layihəsi ilə tanışlıq daxildir.

Qeyd edək ki, Azərbaycan və Belarus arasında 2024-cü il oktyabrın 3-də imzalanmış sənədlərdə Ağdam rayonunda kənd təsərrüfatı istehsalının inkişafı, rayonun Qızıl Kəngərli kəndində aqroşəhərciyin layihələndirilməsi nəzərdə tutulub.