Prezident İlham Əliyev: Azərbaycan bu gün də regionda davamlı sülh və sabitliyə nail olmaq üçün öz konstruktiv səylərini qətiyyətlə davam etdirir

Azərbaycan uzun illər ərzində Ermənistanın hərbi təcavüzünə məruz qalmışdır. Torpaqlarımızın işğalı dövründə xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmış, çoxsaylı müharibə və insanlığa qarşı cinayətlər törədilmişdir. Bu faktlar beynəlxalq hüququn fundamental prinsiplərinin və insan haqlarının açıq tapdalanması idi.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirlər Prezident İlham Əliyevin "GlobE Network" plenar iclasının iştirakçılarına müraciətində yer alıb.
"İşğal olunmuş ərazilərdə illər ərzində təbii sərvətlərimizin qanunsuz istismarı, genişmiqyaslı korrupsiya və infrastrukturun məqsədli şəkildə dağıdılması hökm sürmüşdür. Nəhayət 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ildə antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa olunmuşdur. İşğala son qoyulması suverenliyin və ədalətin bərpası ilə yanaşı həmin ərazilərə həyatın və qanunçuluğun qayıdışı ilə müşayiət olunan yeni bir mərhələnin başlanğıcı olmuşdur. Azad edilmiş torpaqların tərəqqi məkanına çevrilməsi dövlət siyasətimizin əsas sütunlarından biridir. Azərbaycan bu gün də regionda davamlı sülh və sabitliyə nail olmaq üçün öz konstruktiv səylərini qətiyyətlə davam etdirir", - deyə müraciətdə bildirilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре