Omanda Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib

Mayın 28-də Maskad şəhərində Azərbaycan Respublikasının Oman Sultanlığının Səfirliyi tərəfindən 28 May - Müstəqillik Günü münasibətilə rəsmi qəbul - ziyafət təşkil edilib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, tədbirdə Fəxri qonaq qismində Oman Sultanlığının Ali Təhsil, Elmi Tədqiqatlar və İnnovasiyalar naziri xanım Rahma bin İbrahim Al Mahrouqi Omanın dövlət və hökumət təmsilçiləri, Oman Xarici İşlər Nazirliyinin rəsmi şəxsləri, həmçinin Omanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, Azərbaycan icmasının nümayəndələri, yerli KİV-lər və iş adamları iştirak edib.

Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının və Oman Sultanlığının Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Açılış mərasimində çıxış edən səfir Rəşad İsmayılov 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk demokratik parlament respublikası olduğunu, müstəqilliyinin 23 ay davam etməsinə rəğmən mövcudluğunun ilk günlərindən öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirərək, demokratik dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirdiyini qeyd edib. Bildirib ki, qısa müddət ərzində hökumət yaradılıb, bayraq, himn kimi dövlət atributları təsis edilib, dövlət quruculuğu sahəsində mühüm qərarlar qəbul olunub və respublikanın beynəlxalq münasibətlər sisteminin subyekti qismində tanınması istiqamətində addımlar atılıb.

Daha sonra səfir, 1990-cı illərin əvvəllərində sovet hakimiyyətinin süqutundan və müstəqilliyimizin bərpa olunmasından sonra müşahidə edilən çətin dönəmdə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin davamlı inkişaf yoluna qədəm qoyduğunu və beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artdığını qeyd edib. Bildirib ki, dahi rəhbərin uzaqgörən siyasəti nəticəsində güclü dövlət institutları yaradılıb, Avropanın enerji təhlükəsizliyinə töhfə verən Bakı-Tbilisi-Ceyhan kimi mühüm enerji layihəsi həyata keçirilib.

Azərbaycanın bu gün öz tarixinin ən qüdrətli və şərəfli dövrünü yaşadığı xüsusi vurğulanıb.

O da qeyd olunub ki, bu uğurların təməlində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli, uzaqgörən və məqsədyönlü siyasəti dayanır. Onun rəhbərliyi ilə tarixi torpaqlarını işğaldan azad edən Azərbaycanın beynəlxalq nüfuzu daha da artır, regionun siyasi-iqtisadi güc mərkəzlərindən birinə çevrilir. Bu siyasətin nəticəsində dövlətimiz bu gün öz daxili və xarici məsələlərini tam müstəqil şəkildə müəyyənləşdirir.

Azərbaycan-Oman diplomatik münasibətlərinin qurulması Tədbir çərçivəsində Azərbaycanın turizm imkanlarını və tarixi abidələrini əks etdirən video-çarxlar göstərilib. Ölkəmizdən gəlmiş sənətçilərin ifasında milli musiqi parçaları səsləndirilib.
Tədbir ziyafətlə davam etdirilib və qonaqlara milli mətbəximizin nümunələri, həmçinin, ölkəmizlə bağlı xatirə-hədiyyələr təqdim olunub.