Trampın yeni xarici siyasətinin arxasında nə durur? - "Baku Network" platformasında Texasdan baxış

"Baku Network" analitik mərkəzinin "Real dünya nizamı" adlı yeni verilişinin ilk epizodunda aparıcı Elnur Ənvəroğlu Texas Dövlət Universitetindən olan siyasi təhlilçi Frenk Musmarla Donald Trampın 2025-ci ildə Ağ Evə qayıdışının qlobal fəsadları barədə danışıb.

Day.Az xəbər verir ki, bu barədə Trend məlumat verir.

"Tramp 2.0 əsas diqqəti hərbi müdaxilələrdən iqtisadi nəticələrə yönəltməklə ABŞ-nin xarici siyasətini dəyişir. O, MAGA hərəkatını təmsil edir - burada söhbət bombadan getmir, balans hesabatlarından gedir", -deyə şərhçi bildirib.

Söhbət əsnasında, Trampın Səudiyyə Ərəbistanında etdiyi son çıxışı da müzakirə olunub. O, ABŞ-nin İraq, Əfqanıstan və Liviyadakı əvvəlki hərbi müdaxilələrini sərt tənqid edərək, onları baha başa gələn səhvlər kimi qələmə verib. Musmar bu mövqeyi dəstəkləyərək, Trampın yanaşmasını işgüzar bir yanaşma kimi səciyyələndirib: "Əgər bu nəticə vermirsə - deməli, ixtisar etmək lazımdır".

Xüsusi diqqət Ukraynaya yönəlib. Musmar bu münaqişəni "Avropanın Rusiya ilə dolayı müharibəsi" adlandırıb və vurğulayıb ki, ABŞ-nin dəstəyi olmadan nə Ukrayna, nə də Aİ bu müharibəni davam etdirə bilər. O, Avropanın müdafiə sahəsində Vaşinqtondan asılılığını tənqid edib və Rusiyaya qarşı sanksiyaların effektivliyini şübhə altına alaraq qeyd edib ki, Rusiya hələ də Avropaya qaz tədarük etməyə davam edir.

Çinə gəlincə, Musmar izah edib ki, Trampın ticarət müharibəsi milyardlarla dollar dəyərində Çin idxalının vergidən yayınmasına imkan verən boşluqları aradan qaldırmağa yönəlib və bunu "iqtisadi müdaxilə" adlandırıb. Trampın sərt mövqeyi Çin hökumətini danışıqlara məcbur etsə də, problemlər qalmaqdadır, ələlxüsus da Çinin "Bir kəmər - bir yol" təşəbbüsü çərçivəsindəki iddiaları səbəbindən.

Sonda Musmar vurğulayıb ki, Trampın yeni xarici siyasəti mənəvi məqsədlərdən çox ABŞ-nin maddi maraqlarına fokuslanıb. "O, qoşun göndərmir, siqnal göndərir: əgər razılaşma yoxdursa - bu oyunu oynamağa dəyməz".

"Baku Network" üçün bu epizod bir növ bəyanat oldu: Cənubi Qafqaz baş verənləri diqqətlə izləyir. Trampın rəhbərliyi ilə qlobal siyasət dəyişdikcə, Texasdan Bakıya qədər aparılan müzakirələr nələrin baş verə biləcəyini anlamağa kömək edir. Bir şey aydındır - hazırlaşmaq lazımdır.