İrandan Azərbaycana görmüklə bağlı

İran gömrük əməkdaşlığının artırılması istiqamətində Azərbaycana Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsinin 24 saatlıq fəaliyyət göstərməsini təklif edib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu təklif İranın iqtisadi işlər və maliyyə nazirinin müavini və Gömrük Administrasiyasının icra direktoru Forud Əsgəri tərəfindən Azərbaycanın Dövlət Gömrük Komitəsinin sədr müavini Fuad Məmmədovla Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin gömrük rəhbərlərinin 10-cu iclasının kənarında baş tutan görüşdə irəli sürülüb.

Görüşdə İranın Gömrük Administrasiyasının icra direktoru Forud Əsgəri əlavə edib ki, hər iki ölkə tərəfindən Biləsuvar və Astara gömrük-sərhəd buraxılış məntəqələrindən keçən yük maşınlarının sayı artırıla bilər.

Əsgəri bildirib ki, iki ölkə arasında müsbət siyasi atmosferdən iqtisadi münasibətlərin yüksəldilməsi istiqamətində faydalanmaq mümkündür.

Görüşdə Azərbaycan DGK-nin sədr müavini Fuad Məmmədov da Azərbaycanın iki ölkə arasında ticarətin inkişaf etməsi istiqamətində öncəki razılaşmaların icra olunmasında maraqlı olduğunu deyib.

Qeyd edək ki, İranın Gömrük Adminsitrasiyasının statistikasına əsasən, ötən İran ilində (20 mart 2024 -20 mart 2025) İran və Azərbaycan arasında qeyri-neft ticarət dövriyyəsi 712 milyon dollar dəyərində təxminən 872 min ton təşkil edib. İki ölkə arasında ticarət dövriyyəsi öncəki illə (21 mart 2023 -19 mart 2024) müqayisədə dəyər baxımından 6%, çəki baxımından 9,4 artıb.

Əlavə edək ki, Pakistan, Türkiyə, İran, Əfqanıstan, Tacikistan, Azərbaycan, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan İqtisadi Əməkdaşlıq Təşkilatının 10 üzvüdür.