Azərbaycan Avrasiyanın sütunu kimi - 21-ci əsrin geoiqtisadi düzəni dəyişir

Müəllif: Elçin Alıoğlu
Mənbə: Trend
Qlobal logistikanın köklü dəyişikliklərə uğradığı, köhnə marşrutların yenidən dəyərləndirildiyi və yeni tranzit paradiqmalarının formalaşdığı bir dövrdə Azərbaycan unikal və strateji baxımdan həyati əhəmiyyətə malik mövqeyə sahiblənir. Şərqlə Qərbin, Şimalla Cənubun kəsişdiyi nöqtədə yerləşən Azərbaycan təkcə regional deyil, həm də qlobal kommunikasiya, enerji, ticarət və infrastruktur marşrutlarının əsas qovşaqlarından birinə çevrilib.
Məmləkət ərazisindən keçən mövcud, planlaşdırılan və strateji baxımdan mühüm marşrutların dərin, hərtərəfli və çoxşaxəli təhlilinə vararaq sözügedən marşrutların geosiyasi, geoiqtisadi, enerji, logistika və sivilizasiya əhəmiyyətini dəyərləndirək, onların qlobal tədarük zəncirləri, beynəlxalq ittifaqlar, Avrasiya üçün iqtisadi təhlükəsizlik və post-amerikan dövründə güc balanslarına təsirini nəzərdən keçirək.
Ölkəmizin coğrafi üstünlüyü imperativ reallıqdır. Xəzər, Qara dəniz, Fars körfəzi və Rusiya arasında nəqliyyat trayektoriyalarının kəsişməsində yerləşən ölkə, şimalda Rusiya və Şimali Qafqazla, cənubda İran və Fars körfəzinə çıxışla, qərbdə Türkiyə və oradan Avropa ilə, şərqdə isə Mərkəzi Asiyanın geniş çölləri və Çinlə sərhəddədir. Azərbaycanın coğrafi oxu onlarla strateji marşrutun keçdiyi və keçəcəyi ərazidir.
Mövcud nəqliyyat və logistika marşrutları sırasında birinci yerdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) - həmçinin "Orta Dəhliz" kimi tanınaraq "Şimal-Cənub" loqistikasının alternativi kimi çıxış edən marşrut durur. Bu marşrut Çindən başlayaraq Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropaya uzanır. Azərbaycanda əsas halqalar Bakı və Ələt limanları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yolları və avtomagistrallardır. Ələt limanı ildə 15 milyon ton yükü emal etmək gücündədir, bu həcmi 25 milyona qədər artırmaq mümkündür. Bakı-Tbilisi-Qars dəmir yolu və Şərq-Qərb avtomobil magistralı bu marşrutun mühüm komponentlərindəndir. Çin tərəfindən irəli sürülən "Bir kəmər - bir yol" təşəbbüsünün tərkib hissəsi olan bu dəhliz, Çindən Avropaya yüklərin 13-15 günə çatdırılmasına imkan verir - Süveyş kanalına nisbətən iki dəfə sürətli. Beləcə, Azərbaycan dünyanın ən dinamik bazarlarını birləşdirən körpüyə çevrilir.
İkinci mühüm marşrut Bakı-Tbilisi-Qars (BTQ) dəmir yoludur. Təxminən 850 km uzunluğundadır və 2017-ci ilin oktyabrında istifadəyə verilib. İllik 5 milyon ton yükötürmə qabiliyyəti var, bu rəqəm 17 milyona qədər artırıla bilər. Məzkur yol Ermənistanı bütün regional nəqliyyat trayektoriyalarından kənarda saxlayır və Azərbaycanla Türkiyəni birbaşa birləşdirir. Türkiyə, Gürcüstan və Azərbaycan tərəfindən dəstəklənən bu marşrut Rusiya və İran alternativi kimi önə çıxır.
Üçüncü marşrut Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi (INSTC) Hindistan, İran, Azərbaycan, Rusiya və Şimali Avropanı birləşdirir. Marşrut İrandan (Astara sərhəd keçidi) başlayaraq Azərbaycan ərazisindən Rusiyaya keçməklə uzanır. Əsas infrastruktur elementlərinə İranın Rəşt-Astara dəmir yolu, gələcək Astara-Astara sərhəd körpüsü və Azərbaycan dəmir yolları daxildir. Bu dəhliz yüklərin Hindistandan Avropaya çatdırılma müddətini 40-45 gündən 20-25 günə endirir və logistika xərclərinə 30%-dək qənaət etməyə imkan verir. Beləliklə, Azərbaycan Hind okeanından Baltik dənizinə unikal quru marşrutu təmin edir.
Dördüncü marşrut Cənub-Qərb dəhlizi İrandan başlayaraq Azərbaycan və Gürcüstandan keçməklə Qara dənizə və oradan Avropaya uzanır. Bu dəhliz Rusiya ərazisindən yan keçmək məqsədilə INSTC-yə alternativ kimi irəli sürülür. Avropa İttifaqı, Azərbaycan, İran və Gürcüstan tərəfindən siyasi dəstəklə müşayiət olunur. Qara dəniz üzərindən bərələrlə inteqrasiya və sanksiyalara məruz qalan Rusiya fonunda genişləndirmə potensialı ilə fərqlənir.
Beşinci istiqamət avtomobil yollarıdır. TRACECA proqramı çərçivəsində Avropa İttifaqı tərəfindən irəli sürülmüş Şərq-Qərb avtomagistralları Azərbaycandan keçir. Gəncə-Qazax dəhlizi və Bakı-Ələt-Gürcüstan beynəlxalq avtomobil yolları burada xüsusi yer tutur. Zəngəzur dəhlizi layihəsi də avtomobil komponenti ilə müşayiət olunur.
Altıncı və olduqca vacib istiqamət enerji marşrutlarıdır. Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə gündəlik 1,76 milyon barel neft nəql olunur. Bakı-Tbilisi-Ərzurum (BTE) kəməri ilə Azərbaycan qazı Türkiyəyə çatdırılır. Cənub Qaz Dəhlizi (SGC) - TANAP və TAP komponentləri ilə Rusiyaya alternativ olan strateji qaz marşrutudur. Bu sistem Azərbaycan qazını Yunanıstan, Albaniya və İtaliyaya çatdırır.
Göründüyü kimi, Azərbaycan XXI əsrdə Avrasiyanın geoiqtisadi memarlığında əsas dayaqlardan birinə çevrilməkdədir. Onun ərazisindən keçən marşrutlar yalnız ticarət və logistika deyil, həm də siyasi və sivilizasiya dinamikalarını dəyişir. Prosesdə Azərbaycan yalnız körpü deyil, həm də oyun qaydalarını müəyyən edən mühüm aktordur.
Birinci perspektiv marşrut Zəngəzur dəhlizidir. Marşrut Azərbaycan - Zəngilan - Mehri (Ermənistanın cənubu) - Naxçıvan - Türkiyə xətti üzrə planlaşdırılır. Bu dəhlizin siyasi əhəmiyyəti olduqca böyükdür. Əvvəla, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında quru əlaqəsi bərpa olunur. İkincisi, Ermənistan faktiki olaraq regional logistikadan sıxışdırılıb çıxarılır. Zəngəzur dəhlizi layihəsi təkcə nəqliyyat marşrutu yox, Cənubi Qafqazın yeni geosiyasi reallığıdır.
İkinci mühüm layihə Transəfqan dəhlizidir. Bəhs olunan marşrut Hindistan - İran (Çarbahar limanı) - Əfqanıstan - Türkmənistan - Xəzər - Azərbaycan - Avropa istiqamətində nəzərdə tutulur. Hindistan üçün həm Pakistan, həm də Çinlə müəyyən kommunikasiyaları inkişaf etdirmyə imkan verən alternativdir. Əsas risk isə Əfqanıstandakı təhlükəsizlik vəziyyətidir. BMT-nin 2025-ci il üzrə qiymətləndirməsinə əsasən, əgər bölgədə sabitlik təmin olunsa, bu dəhliz ildə 30 milyon tonadək yük daşıya bilər.
Üçüncü perspektiv Cənub Qaz Dəhlizinin genişləndirilməsi layihəsidir. SGC-2 adı ilə tanınan bu təşəbbüs Cənub-Şərqi Avropaya - Serbiya, Macarıstan, Şimali Makedoniya kimi ölkələrə qaz nəqlinin artırılmasını hədəfləyir. Layihəyə Avropa Komissiyası və Avropa İnvestisiya Bankı dəstək verir. 2030-cu ilədək həcmin illik 20-25 milyard kubmetrə çatdırılması planlaşdırılır.
Dördüncü müzakirə mərhələsində olan marşrut isə Türkmənistanı Cənub Qaz Dəhlizinə birləşdirmək məqsədilə Xəzərin dibi ilə çəkilməsi nəzərdə tutulan qaz kəməridir. Rusiya və İran bu layihəyə qarşı çıxır. Lakin potensial baxımından bu kəmərlə ildə 30 milyard kubmetrədək qaz nəql oluna bilər.
Azərbaycan Rusiya və İranı dolanan marşrutların əsas açarı rolunu oynamaqdadır. Eyni zamanda, Orta Dəhliz Türkiyə və Çin arasında artan əməkdaşlıq üçün yeni meydançaya çevrilib. Qərb - xüsusilə Avropa İttifaqı və ABŞ - tədarük mənbələrinin şaxələndirilməsinə yönəlmiş strategiya çərçivəsində Azərbaycanı əsas tərəfdaş kimi dəstəkləyir. İsrail və ərəb ölkələri də enerji təhlükəsizliyi və sabit daşımalar baxımından Azərbaycanla əməkdaşlığı artırırlar. Zəngəzur dəhlizinin işə düşməsi ilə Naxçıvan Türkiyəyə çıxış baxımından yeni strateji arteriyaya çevriləcək.
Ölkəmiz təkcə tranzit məkanı deyil, həm də investisiya və kapital axınları üçün cazibə mərkəzinə çevrilir. Ötən il Azərbaycanın ərazisindən keçən müxtəlif dəhlizlər üzrə 53 milyon tondan çox yük daşınıb. 2015-2025-ci illər ərzində nəqliyyat və logistika sahəsinə cəlb olunan xarici sərmayələrin həcmi 18,6 milyard ABŞ dollarını keçib. Əsas investorlar sırasında Türkiyə, Çin, BƏƏ, Səudiyyə Ərəbistanı, Böyük Britaniya və Avropa İttifaqı ölkələri yer alır.
Ələt limanı isə yeni Avrasiya logistik sisteminin qəlbi kimi çıxış edir. Bu limanın illik yükötürmə qabiliyyəti 25 milyon tona qədərdir. Liman unikal multimodal platforma rolunu oynayır - dəmir yolu, avtomobil və dəniz daşımalarını birləşdirən mərkəzdir. Ələt Azad İqtisadi Zonası - Dubay modelinə əsaslanan vergi güzəştləri, gömrük üstünlükləri və sərmayə rejimi ilə fərqlənir. Gələcəkdə hava marşrutlarına və Zəngilanda planlaşdırılan logistik hablara inteqrasiya da nəzərdə tutulur.
Azərbaycan sadəcə nəqliyyat infrastrukturu inşa etmir - o, qitənin iqtisadi gələcəyini layihələndirir.
Ölkəmizinnəqliyyat marşrutları təkcə iqtisadi deyil, həm də siyasi və ideoloji silahdır. Zəngəzur dəhlizi bu baxımdan Azərbaycan diplomatiyasının parlaq qələbəsi kimi qiymətləndirilir. Ermənistan artıq açıq şəkildə etiraf edir ki, Azərbaycan olmadan regionda tranzit dəyərini itirir. Zəngəzur təkcə Bakını Naxçıvanla deyil, Türkiyəni də Orta Asiyadakı türklərlə birləşdirir. Bu layihə Türküstan sivilizasiyasının arteriyasıdır və köhnə imperiyalara çağırışdır.
Eyni zamanda, marşrutlar ətrafında gedən hibrid müharibə də reallıqdır. Bəlli dövlətlər, qüvvələr və təşkilatlar tərəfindən Azərbaycanı əsas rol sahibi edən bütün layihələrə qarşı sistemli informasiya kampaniyası aparılır. BTQ, Zəngəzur dəhlizi, Cənub Qaz Dəhlizi, Orta Dəhliz kimi layihələri gözdən salmaq cəhdləri türkdilli coğrafiyanın iqtisadi müstəqilliyini əngəlləmək strategiyasının tərkib hissəsidir.
Azərbaycan yaxın onilliklərdə Avrasiyanın əsas logistik liderinə çevriləcək. Dünya Bankının 2025-ci ildə dərc etdiyi hesablamalara əsasən, 2030-cu ildə ölkə ərazisindən keçən tranzit yüklərin həcmi 110 milyon tonadək artacaq. 2040-cı ilə qədər Azərbaycan qlobal quru tranzit habları arasında ilk beşlikdə yer alacaq - logistika zəncirlərinin səmərəliliyi və çatdırılma sürətinə görə.
Enerji sahəsində də Azərbaycan yeni mərhələyə qədəm qoyur. TANAP və TAP vasitəsilə Avropaya qaz ixracı ikiqat artırılacaq. Yeni qaz marşrutları Macarıstan, Serbiya, Şimali Makedoniya, hətta Avstriya və Almaniyanı da əhatə edə bilər. Avropa Komissiyasının ticarət məsələləri üzrə komissarı Maroş Şefçoviç belə demişdi: "Azərbaycan təkcə qaz təchizatçısı deyil. O, Avropanın enerji davamlılığının təminatçısıdır".
Azərbaycan artıq qlobal logistika sisteminin ayrılmaz hissəsinə çevrilib və yeni Avrasiyanın dayaq sütunlarından biridir. Çin, Hindistan, Yaxın Şərq və Avropanı birləşdirən heç bir marşrut Azərbaycanın iştirakı olmadan dayanıqlı ola bilməz. Bakı təkcə marşrutlar təqdim etmir - o, limanlardan və dəmir yollarından tutmuş rəqəmsal və enerji hablarına qədər yeni dünyanın infrastrukturunu qurur. Çin, Türkiyə, Avropa İttifaqı, Körfəz ölkələri, Hindistan, Böyük Britaniya və İsrail kimi qlobal geoiqtisadi oyunçular Azərbaycanın logistik ox olduğunu qəbul edir və onu dolanmağın mümkünsüzlüyünü anlayırlar.
Dünyanın müxtəlif nöqtələrində münaqişələr yenidən qızışarkən, logistika silaha çevrilir. Və bu geosiyasi oyunda Azərbaycan artıq obyekt yox, subyektdir. O, marşrutların memarı, dəhlizlərin layihəçisi və tarix kəsişmələrinin sahibi rolunu oynayır. Kim marşrutları idarə edirsə, qaydaları da o diktə edir. Köhnə imperiyalar ambisiyalarının ağırlığı altında dağılarkən, Azərbaycan XXI əsrin xəritəsini - öz xəritəsini inamla çəkir.
Azərbaycan artıq Şərq ilə Qərb arasında sadəcə körpü deyil. O, elə bir qovşaqdır ki, onsuz hər iki istiqamət qırılır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре