Polisin sosial müdafiəsi və maddi-texniki bazasının gücləndirilməsi üçün maliyyələşmə mənbələri artırılıb

Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək üçün polisin fəaliyyətinin maliyyələşdirilməsi mənbələri artırılıb.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Polis haqqında" Qanuna edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə aşağıdakı vəsaitlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xəzinə hesabına köçürüləcək:
- polis orqanları tərəfindən istintaqı aparılan cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə cinayət nəticəsində dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə köçürülmüş vəsaitin 5 faizi;
- polis orqanları tərəfindən istintaqı aparılan cinayət işləri üzrə Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi.
Nəzərdə tutulmuş vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.
Dövlət başçısı müvafiq Qanunun icrası ilə bağlı Fərman imzalayıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре