Qarabağda tikinti sürətlənir

Bu ilin yanvar-iyun ayları ərzində Qarabağ iqtisadi rayonunda istifadəyə verilən yaşayış evlərinin ümumi sahəsi 43 102 kvadrat metr təşkil edib.

Day.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 27,3 min kv. metr və ya 2,7 dəfə çoxdur.

Qarabağ iqtisadi rayonuna daxil olan Ağcabədi rayonunda bu ilin ilk 6 ayında 13,380 min kv.metr yaşayış sahəsi (2,6 dəfə çox), Ağdam rayonunda 4,702 min kv.metr yaşayış sahəsi (4,6 dəfə çox), Bərdə rayonunda 13,520 min kv.metr yaşayış sahəsi (2,5 dəfə çox), Füzuli rayonunda 5,992 min kv.metr yaşayış sahəsi (2,9 dəfə çox), Tərtər rayonunda 5,508 min kv.metr yaşayış sahəsi (2,5 dəfə çox) istifadəyə verilib.

Hesabatda Xankəndi, Ağdərə, Xocalı, Xocavənd və Şuşa rayonlarında istifadəyə verilən yaşayış evlərinin sahəsi üzrə məlumat verilməyib.

Cari ilin yanvar-iyun aylarında Qarabağ iqtisadi rayonuna yatırılan 8,579 milyard manatlıq investisiyanın 97,3%-i və ya 8,351 milyard manatı tikinti-quraşdırma işlərinə yönəldilib.

Qeyd edək ki, bu ilin ilk 6 ayında Azərbaycanda bütün mülkiyyət növləri üzrə 1,830 milyon kv.metr yaşayış evi istifadəyə verilib ki, bu da bir il öncəki göstəricidən 1,128 milyon kv. metr və ya 2,6 dəfə çoxdur. Bunun 90,2%-ni və ya 1,651 milyon kv.metrni fərdi yaşayış və bağ evləri təşkil edib. Hesabat dövründə istifadəyə verilmiş yaşayış evlərinin 6,645 min kv. Metri dövlət müəssisələri tərəfindən, 1,730 milyon kv.metri isə qeyri-dövlət müəssisələri tərəfindən inşa edilib.