Nailə İslamzadə onlara XƏBƏRDARLIQ ETDİ
Əməkdar artist Nailə İslamzadə şəkillərinin və barəsində digər məlumatların paylaşılması ilə bağlı sayt rəhbərlərinə və səhifə inzibatçılarına xəbərdarlıq edib.
Day.Az xəbər verir ki, əməkdar artist bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda deyilir: "Sayt rəhbərləri və səhifə inzibatçılarına! Sosial şəbəkələrdə, müxtəlif xəbər saytlarında və şəxsi səhifələrdə tez-tez şəkillərim paylaşılır. Təşəkkür edirəm, xoş sözlər, diqqət və dəyərləndirmə mənim üçün önəmlidir. Amma bu mənim istəyimə ziddir.
Təəssüf ki, bəzi paylaşımlar təhrif olunur, bilərəkdən kontekstdən çıxarılır və diqqət çəkmək məqsədilə yanlış başlıqlarla təqdim edilir.
Peşəkar fəaliyyətimlə, illərlə qazandığım tamaşaçı etimadına sahib olmaq mənim üçün kifayət qədər böyük mükafatdır. İstəmirəm ki, sosial mediada şəkillərim müzakirə obyekti olsun və mənim adım "klik" və ya "layk" üçün istifadə edilsin. Hamı bilir ki, doğum tarixim 1961-ci ildir. Təkrar-təkrar, bunu yazaraq istifadəçiləri də yormayın. Xarici görünüş ilk baxışda insanı cəlb edə bilər, amma daxili nur, səmimiyyət, mərhəmət və ağıl olmadan o gözəllik çox tez solur.
Anlayıram, mən ictimai insanam və haqqımda paylaşımlar ola bilər. Amma, cılız başlıqlarla, illər əvvəl çəkilmiş video və şəkillərimi indi çəkilmiş kimi təkrar-təkrar səhifənizdə yerləşdirib müzakirə açmayın! Mövzu qıtlığınız varsa, bir az dərin düşünün, necə etmək olar ki, səhifəniz maraqlı olsun. Haqqımda nə isə yazmaq istəsəniz mənə müraciət edin.
Xahiş edirəm, bu qərarıma anlayışla yanaşasınız və bundan sonra şəkillərimi müzakirə obyektinə çevirməyəsiniz.
Əks halda, bu, həm etik normaların, həm də müəlliflik və şəxsi hüquqların pozulması kimi
qiymətləndiriləcək.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре