Onlar vəzifədən gedir - Yeni təyinatlar olacaq
Baş nazir Əli Əsədovun imzaladığı qərarla Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyəti optimallaşdırılıb.
Nazirlik tərəfindən aparılan struktur islahatları çərçivəsində bir sıra elmi qurumlar birləşdirilərək yeni institutlar yaradılıb.
Hazırda ictimaiyyəti maraqlandıran əsas məsələlərdən biri də yeni institutlara rəhbərlik edəcək şəxslərin nə vaxt təyin olunacağıdır. Mövcud rəhbər heyətin fəaliyyətini davam etdirəcəyi, yoxsa onların yerinə yeni şəxslərin gətiriləcəyi də maraq doğurur.
Day.Az-ın məlumatına görə, bu suallarla bağlı Elm və Təhsil Nazirliyi tərəfindən "Yeni Sabah"a verilən açıqlamada bildirilir ki, məsələ üzərində müvafiq müzakirələr davam etdirilir və yekun qərar verildikdən sonra ictimaiyyət bu barədə ətraflı məlumatlandırılacaq.
Məlumat üçün bildirək ki, Geologiya və Geofizika İnstitutu ilə Neft və Qaz İnstitutu birləşdirilərək Geologiya İnstitutu, Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutu birləşdirilərək Coğrafiya İnstitutu, Fizika İnstitutu ilə Radiasiya Problemləri İnstitutu birləşdirilərək Fizika İnstitutu yaradılıb.
Bununla yanaşı, Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu ilə Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu birləşdirilərək Kimya İnstitutu, İdarəetmə Sistemləri İnstitutu ilə Riyaziyyat və Mexanika İnstitutu birləşdirilərək Riyaziyyat İnstitutu formalaşdırılıb. Eyni zamanda Botanika İnstitutu ilə Dendrologiya İnstitutu birləşdirilərək Botanika İnstitutu, Zoologiya İnstitutu ilə Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu birləşdirilərək Canlı Sistemlərin Tədqiqi İnstitutu, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Mikrobiologiya İnstitutu və Biofizika İnstitutu isə birləşdirilərək Molekulyar Biologiya İnstitutu adlandırılıb.
Yeni institutlar yaradılmamışdan əvvəl bu qurumlara rəhbərlik edən şəxslərin adları aşağıdakılardır:
Geologiya və Geofizika İnstitutunun baş direktoru - akademik Akif Əlizadə,
Neft və Qaz İnstitutunun baş direktoru - akademik Fəxrəddin Qədirov,
Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun rəhbəri - coğrafiya elmləri doktoru, professor Zakir Eminov,
Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru - Əlövsət Quliyev,
Fizika İnstitutunun direktoru - Arif Həşimov,
Radiasiya Problemləri İnstitutunun rəhbəri - AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor İslam Mustafayev,
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru - akademik Dilqəm Tağıyev,
Aşqarlar Kimyası İnstitutunun rəhbəri - Vaqif Məcid oğlu Fərzəliyev,
İdarəetmə Sistemləri İnstitutunun baş direktoru - akademik Əli Abbasov,
Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru - AMEA-nın müxbir üzvü Misir Mərdanov,
Botanika İnstitutunun direktoru - biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva,
Dendrologiya İnstitutunun baş direktoru - Minarə Həsənova,
Zoologiya İnstitutunun rəhbəri - aqrar elmlər doktoru, dosent Ələddin Eyvazov,
Fiziologiya İnstitutunun baş direktoru - biologiya elmləri doktoru, professor Ulduz Fayızi Həşimova,
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru - akademik İradə Hüseynova,
Mikrobiologiya İnstitutunun baş direktoru - AMEA-nın müxbir üzvü Pənah Muradov,
Biofizika İnstitutunun rəhbəri - Leylaxanım Məlikova.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре