Naxçıvanda duz istehsalının dayanmasının səbəbi bilindi

Naxçıvan deyiləndə ilk olaraq bu qədim diyarın simvollarından biri olan duz yada düşür. Əsrlər boyu keyfiyyəti və təbii tərkibi ilə seçilən Naxçıvan duzu bölgənin ən məşhur nemətlərindən biri sayılıb. Lakin hazırda vəziyyət fərqlidir, Naxçıvanda yerli duz tapılmır.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, artıq bir neçə aydır ki, satışda Naxçıvan duzu yoxdur. Onlar bildirirlər ki, hazırda mağazalarda Türkiyədən və digər ölkələrdən gətirilən duzlar satılır, lakin bu duzlar yerli duzun dadını və keyfiyyətini əvəz etmir.

"Gözümüzü açıb Naxçıvan duzu görmüşük, indi xaricdən gələn duzlar bizə uyğun gəlmir" - deyə sakinlərdən biri bildirib.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, duz dağ massivində yerləşən 5 №-li duz mədənində texniki təhlükəsizliyin gücləndirilməsi məqsədilə işlər aparıldığından duz çıxarılması müvəqqəti dayandırılıb. Gələcəkdə istehsal prosesinin daha yüksək keyfiyyətdə təşkil olunması nəzərdə tutulur. Bu səbəbdən "Naxçıvan Duz İstehsalı" MMC-də hazırda istehsal və qablaşdırma prosesi həyata keçirilmir.