Kiçik problemlər vaxtında həll olunmadıqda sistemli narazılıq yaranır

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) İcraçı direktor Vüqar Qurbanovun sədrliyi ilə tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti geniştərkibli müşavirə keçirilib.

Day.Az xəbər verir ki. bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, görüşdə idarəetmənin təkmilləşdirilməsi, mövcud problemlərin həlli və yeni çağırışlara çevik yanaşmanın təmin olunması məsələləri müzakirə edilib. Müşavirədə TƏBİB-in struktur bölmələrinin rəhbərləri və tibb müəssisələrinin direktorları iştirak ediblər.

Tədbirdə çıxış edənlər arasında TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Tibbi sığorta departamentinin rəhbəri Səbinə Quliyeva, İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova, Müraciətlərlə iş departamentinin rəhbəri İlham Hüseynov, eləcə də TƏBİB-in "Xroniki böyrək çatışmazlığından əziyyət çəkən şəxslərə tibbi xidmətlərin təşkili və təkmilləşdirilməsinə dair Komissiyası"nın sədri, Nizami Tibb Mərkəzinin Hemodializ şöbəsinin müdiri Çiçək Əhmədova yer alıblar.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov çıxışında qeyd edib ki, son dövrlər xəstəxanalarda aparılan struktur dəyişiklikləri, klinik proseslərin təkmilləşdirilməsi və icbari tibbi sığorta ilə bağlı yeni qaydalar rəhbər heyətin fəaliyyətinə daha yüksək tələblər müəyyənləşdirir. O vurğulayıb ki, keyfiyyətli tibbi xidmət, pasiyentlərin təhlükəsizliyi və nəticəyönümlülük prinsipləri hər bir tibb müəssisəsinin gündəlik prioritetinə çevrilməlidir.

İcraçı direktor III MDB Oyunları və "Formula-1" yarışlarında göstərilən yüksək tibbi xidmətə görə aidiyyəti tibb müəssisələrinə təşəkkür edib.

Tibbi sığorta departamentinin rəhbəri Səbinə Quliyeva icbari tibbi sığortanın tətbiqində mövcud olan təşkilati məsələlər, xidmətlərin düzgün kodlaşdırılması və maliyyə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova xəstəxanaların media ilə əməkdaşlığında peşəkar yanaşmanın gücləndirilməsinin vacibliyini vurğulayıb.

TƏBİB-in "Xroniki böyrək çatışmazlığından əziyyət çəkən şəxslərə tibbi xidmətlərin təşkili və təkmilləşdirilməsinə dair Komissiyası"nın sədri Çiçək Əhmədova xroniki böyrək çatışmazlığı olan xəstələr üçün dializ xidmətlərinin təşkilində əldə olunan nəticələr, eyni zamanda mövcud problemlər və gələcək planlar barədə çıxış edib.

Müraciətlərlə iş departamentinin rəhbəri İlham Hüseynov vətəndaş müraciətlərinin analizi ilə bağlı məlumat təqdim edib və şikayətlərin dinamikasını açıqlayıb.

İcraçı direktor Vüqar Qurbanov çıxışçıların məruzələrini dinlədikdən sonra bildirib ki, vətəndaş məmnuniyyəti TƏBİB-in fəaliyyətində əsas prioritet istiqamətdir.

"Kiçik problemlər vaxtında həll olunmadıqda sistemli narazılıq yaranır. Bizim işimizin keyfiyyətinin əsas meyarı vətəndaş məmnuniyyətidir", - deyə o vurğulayıb.

Müşavirənin sonunda İcraçı direktor bildirib ki, gələn ay Bakı şəhərində ilin yekunlarına həsr olunmuş geniştərkibli müşavirə keçiriləcək.

Qurum rəhbəri qeyd edib ki, məqsəd vətəndaşlara daha keyfiyyətli, əlçatan, operativ tibbi xidmət göstərməkdir və bu yolda hər bir rəhbər, eləcə də kollektiv öz məsuliyyətini dərk etməlidir.