Masazırda bu gölü doldurub ev tikirlər

Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən gölün qurudularaq ərazisində fərdi yaşayış evlərinin tikildiyi bildirilir. Bu vəziyyət həm ekoloji, həm də təhlükəsizlik baxımından ciddi narahatlıq doğurur. Mütəxəssislərin fikrincə, qurudulmuş göl sahələrində ev tikintisi nə ekoloji, nə də sağlamlıq baxımından məqsədəuyğun deyil.

Day.Az xəbər verir ki, ekoloq Rövşən Abbasov Bizim.Media-ya açıqlamasında bildirib ki, bu cür ərazilərdə tikinti işlərinin aparılması qəti şəkildə qadağan olunmalıdır:

"Bir neçə səbəbdən gölün yerində evlərin tikilməsi doğru deyil. Əvvəla, göllərin qurudulması ekoloji tarazlığı pozur. Əgər göl quruyubsa, deməli, ya su mənbələri kəsilib, ya da onun təbii su balansı pozulub. Üstəlik, Abşeron ərazisindəki bir çox göllər əvvəllər duz mənbəyi kimi istifadə olunurdu."

Ekspert əlavə edib ki, belə yerlərdə inşa edilən evlərdə yaşamaq insan sağlamlığı üçün təhlükə yarada bilər:

"Qurumuş göl sahələri adətən rütubətli və nəmişlikli olur. Bu isə yaşayış şəraitini ağırlaşdırır, revmatizm kimi xəstəliklərin yaranmasına şərait yaradır, həmçinin mebel və digər məişət əşyalarının tez sıradan çıxmasına səbəb olur. Buna görə də bu ərazilərdə tikinti aparmaq yolverilməzdir."

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə müraciət edilib. Qurumdan Bizim.Media-ya bildirilib ki, həmin ərazidə uzun illərdir yaşayış evləri inşa olunur:

"Lakin fərdi yaşayış evlərinin tikintisinin ərazinin xüsusiyyətlərinə uyğun aparılıb-aparılmaması barədə yekun rəyi yalnız aidiyyəti dövlət qurumları verə bilər."