Payızda yaz havası paltar biznesini çökdürür

Hazırda payız fəsili olsa da, havanın temperaturu yaz aylarını xatırladır. Demək olar ki, yağıntının miqdarı kəskin azalıb, Bakıda, həmçinin bölgələrdə quraqlıq hökm sürür. Hətta yağışın yağmaması, payız fəsilinin xarakterinə uyğun keçməməsi barədə rəsmi açıqlama da verilib.

Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, ölkə ərazisində müşahidə olunan mülayim, isti hava şəraitinin səbəbi sinoptik şəraitdən asılı olaraq isti hava kütlələrinin cənubdan hərəkət etməsi və cənub-şərq küləklərinin üstünlük təşkil etməsidir:

"Bu da hava şəraitinin mülayim keçməsinə, temperaturun yüksəlməsinə səbəb olur. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 22, rayonlarda isə 25 dərəcəyədək yüksəlir. Bakıda və Abşeron yarımadasında havanın orta temperaturu noyabr ayının ötən dövründə iqlim normasından 2,9 dərəcə yüksək qeydə alınıb".

Açıqlamadan da göründüyü kimi, payızda yaz havası hökm sürür. Aydındır ki, payız fəsilinin isti keçməsinin bir çox sahələrə mənfi təsiri var. Qeyri-müəyyənlik yaşanan sektorlardan biri mövsümi geyim sektorudur.

Day.Az-ın əməkdaşının Azərbaycanın ən böyük bazarlarından olan Sədərək Ticarət Mərkəzində apardığı müşahidələr göstərir ki, havanın isti keçməsi insanların mövsümi geyim almağa marağını azaldıb. Adətən "Sədərək"də bazar günü sıxlıq olur, amma bu dəfə çox seyrəklik idi. Bu seyrəklik satıcıların sözlərini təsdiq edirdi.

Göründüyü kimi, payızda isti hava mövsümi paltar biznesinə ağır zərbə vurmaqdadır. Satıcılarla söhbət zamanı bildirdilər ki, ötən illərlə müqayisədə bu il alış-veriş kəskin azalıb.

"Hazırda biz mövsümi geyimlər gətirmişik. Məsələn, anbarlarda Türkiyə, Dubay və Çindən gətirdiyimiz jiletlər, qalın şişkin gödəkçələr, qış botları, paltolar, qarlı havaya uyğun geyimlər, nazik qış gödəkçələri, termal, amma qalın olmayan geyimlər, qış tipli, amma yüngül ayaqqabılar və pijamalar var. Amma satış çox zəifdir. Hətta demək olar ki, yoxdur. Bunun səbəbi isə havanın isti keçməsidir".

Digər satıcı isə bildirib ki, ötən illərdə hava bir neçə gün ardıcıl soyuq keçən kimi bazara gəlib qış paltarları alanların sayı-hesabı olmurdu.

"İndi isə ardıcıl soyuqlar əvəzinə, istilər müşahidə olunur. Bu səbəbdən alıcılar qışa hazırlıqla bağlı heç bir addım atmırlar. Bizim də gətirdiyimiz mallar əlimizdə qalır. Məsələn, ötən il 2 gündə 2-3 palto satırdımsa, indi 5-6 gündə birini satıram".

Satıcılar deyirlər ki, paltarları endirimli qiymətə satsalar da, ötən illərdəki qədər qazanc əldə edə bilmirlər. 

Amma bizim apardığımız müşahidələr göstərdi ki, alıcılıq zəif olsa da, qiymətlər də çox ucuz deyil. Hətta ötən ilkindən baha olduğunu deyə demək olar. 

Bəs dünyada vəziyyət necədir?

Araşdırmalar göstərir ki, bu tendensiya təkcə bizdə yox, demək olar ki, dünyanın bir çox ölkəsində müşahidə olunur. İqlim dəyişikliyi səbəbilə Avropada, Amerikada, Türkiyədə və hətta Rusiyada belə qış mövsümü əvvəlki kimi sərt keçmir. Bu da qış geyimləri bazarına təsir edir.

Dünyanın müxtəlif ölkələrində də qış geyimləri ilə bağlı satışlar azalır. Buna görə də məşhur brendlər satış strategiyalarını dəyişirlər. Zara, H&M, Uniqlo kimi markalar daha çox 4 fəsilə uyğun geyimlərin, nazik paltoların, yüngül şişmə gödəkçələrin istehsalına üstünlük verirlər. Həmçinin qış kolleksiyalarının satışa çıxarılmasını gecikdirirlər.

Məsələn, əvvəllər mağazalar sentyabrda qış mallarını satışa çıxarırdı, indi isə bir çox ölkədə noyabr-dekabr aylarında belə tam qış malları təqdim etmirlər.

Proseslər göstərir ki, növbəti illərdə Azərbaycanda fəaliyyət göstərən ticarət mərkəzləri və mağazalar da Avropadakı brendlərin satış strategiyasına keçəcək. Çünki gələcək illərdə iqlim dəyişikliyinin daha da sürətlənəcəyi proqnozlaşdırılır.

Elxan Əliyev
Day.Az