AzMİU kollektivi Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayıb
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rəhbər və pedaqoji heyəti Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayıb.
Day.Az xəbər verir ki, müraciəti Universitetin yaradılmasının 50 illik yubileyi münasibətilə təşkil edilən təntənəli tədbirdə universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev səsləndirilib.
Müraciətdə deyilir:
"Möhtərəm cənab Prezident!
Azərbaycan Memarlıq və İnşaat Universitetinin 50 illiyi və Azərbaycanda memarlıq və inşaat ali təhsilinin 105 illiyinin təntənəli qeyd olunması ölkəmizdə memarlıq və inşaat təhsilinin inkişafına olan dövlət qayğısının, milli mühəndislik məktəbinin formalaşmasına göstərilən xüsusi diqqətin göstəricisidir.
Sizin rəhbərliyiniz altında yeni çağırışlara uyğun həyata keçirilən müasir, güclü Azərbaycan quruculuğu siyasəti nəticəsində ölkəmiz regionun aparıcı və nüfuzlu dövlətlərindən birinə, beynəlxalq miqyasda etibarlı tərəfdaş və bərabərhüquqlu subyektə çevrilmişdir. Son illərdə həyata keçirilən institusional islahatlar, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, regionların kompleks tərəqqisi, rəqəmsal transformasiya və innovasiya yönümlü inkişaf strategiyası ölkəmizin uzunmüddətli dayanıqlı inkişafını təmin etmişdir.
Sizin uzaqgörən siyasətiniz və Ali Baş Komandanlığınızla ərazi bütövlüyümüzün, həmçinin suverenliyimizin bərpası Azərbaycanın hərtərəfli inkişaf dinamikasını daha da sürətləndirmişdir. Xüsusilə qeyd etmək istərdik ki, son onillikdə təhsil sahəsində aparılan islahatlar ali təhsilin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə imkan yaratmışdır. Təhsilin qabaqcıl beynəlxalq standartlara uyğunlaşdırılması, elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi, universitet-sənaye əməkdaşlığının genişləndirilməsi, rəqəmsal tədris modellərinin yaradılması, Sizin insan kapitalının inkişafına yönəlmiş məqsədyönlü siyasətinizin real nəticələridir.
Bu gün Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkədə təhsilin inkişafına göstərilən ardıcıl, məqsədyönlü və sistemli dövlət dəstəyi xüsusi qeyd olunmalıdır. İnsan potensialının inkişafına xidmət edən bu humanitar siyasət nəticəsində gənclərin milli-mənəvi dəyərlər əsasında yetişdirilməsi, müasir dünyagörüşünün təşviqi istiqamətində mühüm nailiyyətlər əldə edilmiş, təhsilin maddi-texniki bazası əsaslı şəkildə möhkəmləndirilmiş, innovativ və rəqəmsal təhsil mühitinin formalaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.
1975-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə varisi olduğumuz Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun yaradılması ölkənin memarlıq, tikinti və mühəndislik sahələrində yüksəkixtisaslı kadrlarla təmin olunması baxımından strateji əhəmiyyət daşıyan tarixi qərar idi. Bu gün Azərbaycan Memarlıq və İnşaat Universiteti həmin varisliyi qoruyaraq müasir dövrün tələblərinə cavab verən, innovativ düşüncəli, rəqabətqabiliyyətli mütəxəssislər hazırlamaq məqsədilə yenilənir və inkişaf edir.
Qürur hissi ilə qeyd edirik ki, ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa layihələrində, xüsusilə də işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərində universitetimizin məzunları aparıcı memarlar, mühəndislər və iş icraçıları kimi iştirak edirlər.
Möhtərəm cənab Prezident!
Sizin rəhbərliyinizlə uğurla həyata keçirilən daxili və xarici siyasət, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi, suveren Azərbaycanın davamlı inkişaf strategiyası kollektivimizi ilhamlandırır və yeni naliyyətlərə sövq edir. Sizi əmin edirik ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti qarşıya qoyulan vəzifələrin icrası, milli təhsilimizin inkişafı, müstəqil Azərbaycan Respublikasının daha da qüdrətlənməsi və qarşıda duran böyük məqsədlər naminə bütün imkanlarını səfərbər edəcək".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре