Azərbaycanda uşağa qulluğa görə staj yazıla bilər? - AÇIQLAMA
1 yanvar 2026‑cı ildən Rusiyada pensiya qanunvericiliyində uşaq baxımı dövrlərinin hesablanması ilə bağlı dəyişikliklər qüvvəyə minəcək və bu, milyonlarla ailəyə təsir edəcək.
Dəyişikliklərə əsasən uşaq doğulduqdan sonra 1,5 yaşına qədər uşağa qulluq üçün sərf olunan vaxt valideynin sığorta stajına tam şəkildə daxil ediləcək, əvvəllər bu qeyd ümumilikdə maksimum altı ilədək hesablanırdı. Uşaqların sayı nə olursa olsun, bütün uşaq baxımı dövrləri staj və pensiya hesablamalarına daxil ediləcək, bu da valideynlərə daha uzun sığorta stajı və gələcəkdə daha yüksək pensiya alma imkanı verə bilər.
Əkiz və çoxuşaqlı valideyinlər üçün iş təcrübəsinin hesablanma qaydası dəqiqləşdirilib və bu dövrlər üçün pensiya balları veriləcək. Həmçinin 3‑cü, 4‑cü və sonrakı uşaqlara baxılan illər üçün pensiya ballarının tətbiq edilməsi genişləndirilir. Bundan əlavə, pensiyalar eyni vaxtda illik indeksləşdirilmə yolu ilə artırılacaq.
Məlumdur ki, Rusiyada əhali sayı illərdir azalır. Məsələn, 2024‑cü ildə doğumların sayı 1,22 milyon civarına düşüb və bu, ölənlərin sayından xeyli azdır, nəticədə təbii azalma 596 minə yaxınlaşıb və əhalinin təbii artım yox, azalmasına səbəb olur. 2025‑ci ilin əvvəlinə Rusiyanın əhalisi təxminən 146,03 milyona enib. Proqnozlara görə təbii azalma 2023‑2025 dövründə hər il təxminən 500‑600 min nəfər səviyyəsindədir və azalma davam edərsə, Rusiya əhalisi 2046‑cı ilə qədər təxminən 138,8 milyonadək düşə bilər. Təbii ki, əhalinin azalmasına Rusiya‑Ukrayna müharibəsinin də müəyyən təsiri var.
Rusiyada qəbul edilən qanunlar doğum sayının artımına nail olmaq məqsədi daşıyır.
Azərbaycanda da demoqrafik quruluş tədricən dəyişir. Məsələn, əvvəllər əhalinin çoxunu gənc yaş qrupları təşkil edirdisə, indi yaş strukturda yaşlı insanların payı artmaqdadır. Rəqəmlər də bunu təsdiq edir. BMT‑nin "Dünya Əhaləsinin Perspektivləri" hesabatı və digər proqnozlara görə 2024‑cü ildə ölkədə illik əhali artımı təxminən 0,6 % səviyyəsindədir, lakin bu artım tempi 2050‑ci ilədək xeyli azalacaq və yaşlı əhalinin xüsusi çəkisi daha da yüksələcək. Bu çərçivədə 65 yaşdan yuxarı insanların sayı daha sürətlə artacağı, eyni zamanda 15‑64 yaş aralığında olan, yəni əmək qabiliyyətli əhalinin sayı isə 2030‑cu illərin sonlarından etibarən azalacağı proqnozlaşdırılır. Nəticədə Azərbaycanın demoqrafik strukturu yaxın gələcəkdə daha çox yaşlanmış əhali cəmiyyətinə doğru dəyişəcək.
Görünən odur ki, Azərbaycanda da əhali sayında azalma müşahidə olunacaq.
Maraqlıdır, Rusiyada qəbul olunan qanunun ölkəmizdə tətbiqi nə qədər mümkündür?
Məsələ ilə bağlı iqtisadçı ekspert Asif İbrahimov Day.Az-a açıqlamasında deyib ki, Azərbaycanda da çoxuşaqlı ailələrə müəyyən güzəştlər edilir:
"Azərbaycanda çoxuşaqlı ailələrə, xüsusilə beşdən çox uşağı olan qadınlara dövlət tərəfindən sosial dəstək göstərilir. Bu kateqoriyaya aid olan qadınlara hər uşaq üçün aylıq 140 manat çoxuşaqlılığa görə sosial müavinət ödənilir. Qeyd edək ki, bu müavinət əvvəl 105 manat olub və sonradan artırılaraq 140 manata çatdırılıb. Müavinət uşaqların 18 yaşına çatınadək verilir. Bundan əlavə, uşağın doğulmasına görə 600 manat birdəfəlik müavinət, eləcə də uşaq 1 yaşınadək aylıq müavinət mövcuddur. Bu ödənişlər çoxuşaqlı ailələr də daxil olmaqla, müvafiq şərtlərə cavab verən bütün ailələrə şamil olunur."

Asif İbrahimov bildirib ki, Rusiya artıq bir neçə ildir ki, əhalinin sayının artırılması istiqamətində prioritetlər müəyyən edib və bu istiqamətdə bir sıra güzəştlər tətbiq edir:
"Məsələn, əvvəllər müəyyən yaşa qədər uşaqlara qulluq edən anaların əmək stajı hesablanırdı. Bundan əlavə, uşaqların sayına görə dövlət tərəfindən müavinətlər ödənilirdi. Yeni qanun layihəsinə görə isə bu mexanizmlərlə yanaşı, ipoteka və kreditlərin götürülməsi zamanı dövlət tərəfindən dəstəyin artırılması nəzərdə tutulur. Bu cür mexanizmlər yaxşıdır və dövlət tərəfindən əhalinin sayının artırılması və demoqrafik problemlərin həlli istiqamətində atılan addımlardır."
Ekspert deyib ki, Azərbaycan qanunvericiliyində buna oxşar məqamlar olsa da, yanaşma nisbətən fərqlidir.
"Azərbaycanda hələlik demoqrafik vəziyyətin yaxşılaşdırılması istiqamətində bu cür açıq prioritet hədəf qoyulmayıb. Nə hökumət qarşısında, nə də müvafiq icra hakimiyyəti orqanlarının öhdəsinə belə konkret bir tapşırıq verilməyib. Buna baxmayaraq, son 50 ildə doğulanların sayı Azərbaycanda kəskin şəkildə azalıb və bu baxımdan belə mexanizmlərin tətbiqinin faydalı olacağı düşünülür. Rusiyanın tətbiq etdiyi sistematik qaydada çoxuşaqlı ailələrə dəstək proqramını Azərbaycan kimi ölkədə - hazırkı sosial‑iqtisadi strukturlarla həyata keçirmək çətin ola bilər. Yəni belə mexanizmlər Azərbaycanda işləməyə bilər."
Elvin Səxavətoğlu
Day.Az
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре