Azərbaycan və BƏƏ xarici işlər nazirləri Əbu-Dabidə görüşüblər
4 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan ilə görüş keçirib.
Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı Azərbaycan-BƏƏ hərtərəfli strateji tərəfdaşlığının siyasi, iqtisadi, ticarət, energetika və humanitar aspektləri, həmçinin regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, eləcə də bölgədə mövcud təhlükəsizlik vəziyyəti müzakirə olunub.
Tərəflər hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərinin, bu səfərlər çərçivəsində əldə olunan razılaşmaların və imzalanmış sənədlərin ikitərəfli münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində mühüm rol oynadığını vurğulayıblar.
Ötən ilin noyabr ayında Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsinin ilk iclası çərçivəsində əldə edilmiş razılaşmaların icrası nəzərdən keçirilib, bu il Bakıda keçirilməsi planlaşdırılan ikinci iclasa hazırlıq işləri məmnunluqla qeyd olunub.
Regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyi xüsusi vurğulanıb.
Nazir Ceyhun Bayramov, həmçinin 8 avqust Vaşinqton sammitindən sonra sülh gündəliyi ilə bağlı qarşı tərəfə məlumat verib.
Görüşdə Azərbaycanla BƏƏ arasında münasibətlərdə müşahidə olunan müsbət dinamika yüksək qiymətləndirilib, o cümlədən iki ölkə vətəndaşlarının səfərlərinin daha da asanlaşdırılması istiqamətində mümkün addımlar müzakirə olunub.
Tərəflər, eyni zamanda, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре