Məktəblərdəki zorakılıq halları - Valideyn məsuliyyəti və hüquqi tənzimləmələr
Bu gün "İdrak" Liseyində baş verən silahlı insident ölkədə ciddi şok effekti yaradıb. Belə ki, 10-cu sinif şagirdi müəllimi güllələyib.
Bu, məktəblilərlə bağlı baş verən ilk hadisə deyil. Daha əvvəl də məktəblilər arasında bıçaqlama, döymə və hətta intihar xəbərləri yayılıb.
Belə artmasının səbəbi nələrdir?
Sosiloloq Mətanət Məmmədova Day.Az-a açıqlamasında uşaqların aqressiv davranışlarının səbəbləri barədə danışıb.
O bildirib ki, məktəbdə baş verən zorakılıq halları, xüsusilə müəllimə qarşı silah tətbiqi cəmiyyətdə ciddi narahatlıq doğurur.
"Bu cür hadisələr təkcə uşağın davranışı ilə izah edilə bilməz. Burada əsas məsuliyyət valideynlərin üzərinə düşür. Uşağın silaha çıxış əldə etməsi, evdən silah götürməsi evdə nəzarətin olmadığını göstərir. Valideyn övladını hansı psixoloji mühitdə böyütdüyünü dərk etməlidir. Əgər uşaq belə bir riskə gedirsə, bu risk ona ailə daxilində yaradılıb. Uşağın davranışları, müəllimə və cəmiyyətə münasibəti valideyn tərbiyəsinin nəticəsidir. Buna görə də bu tip ağır insidentlər zamanı təkcə uşaq yox, valideyn də hüquqi məsuliyyət daşımalıdır."

Sosiloloq deyib ki, müəllimlərin tərbiyəvi təsir imkanları da xeyli məhdudlaşdırılıb.
"Keçmişdə müəllimlər tərbiyə prosesində daha fəal rol oynayırdı, bu gün isə onların səlahiyyətləri azaldılıb. Valideynlər tərbiyəni öz üzərinə götürsə də, faktiki olaraq bu vəzifəni yerinə yetirmirlər."
Mütəxəssis hesab edir ki, uşaqlar üzərində nəzarət mexanizmi gücləndirilməli, sosial şəbəkələrdən istifadəyə yaş məhdudiyyətləri tətbiq edilməli, məktəblərdə müəllimlərə tərbiyəvi səlahiyyətlər qaytarılmalıdır.
"Eyni zamanda, mövcud qanunvericilik müasir dövrün çağırışlarına uyğun yenilənməlidir. Çünki internet və sosial şəbəkələr cəmiyyətin davranış modelini köklü şəkildə dəyişib."
Elvin Səxavətoğlu
Day.Az
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре