TRIPP Avropa ilə Asiya arasında daha geniş əlaqələrin qurulmasına töhfə verəcək - Robert Sekuta
"Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) Avropa ilə Asiya arasında daha geniş əlaqələrin qurulmasına töhfə verəcək.
Day.Az xəbər verir ki, bu barədə Trend-ə ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Robert Sekuta bildirib.
"TRIPP Orta Dəhlizin və ya 'Yeni İpək Yolu'nun mühüm tərkib hissəsidir. TRIPP şübhəsiz ki, Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında etibarlı quru əlaqələrinin təmin edilməsi baxımından vacibdir. Lakin bu yeni marşrutun Avropa ilə Mərkəzi, Şərqi və Cənubi Asiya ölkələri arasında daha geniş əlaqələrin inkişafına töhfə vermək potensialı da az əhəmiyyət kəsb etmir. Bu əlaqələr yalnız dəmir yolu və ya avtomobil nəqliyyatı ilə məhdudlaşmayacaq, ümid edirəm ki, rəqəmsal və kabel kommunikasiya imkanlarının da yaxşılaşdırılmasını əhatə edəcək. Həmçinin daha bir məqamı da qiymətləndirməmək olmaz: ümid edirəm ki, bu təşəbbüs regionda insanlar arasında təmasların artmasına imkan yaradacaq ki, bu da innovasiyalara, ticarətə, rifaha, eləcə də Cənubi Qafqazda, Mərkəzi Asiyada və ondan kənarda yaşayan hər kəs üçün qarşılıqlı anlaşmaya, sülhə və təhlükəsizliyə töhfə verəcək", - deyə o qeyd edib.
Sekuta Amerikanın təkcə şirkətlərinin deyil, həm də adi vətəndaşlarının TRIPP-in və Orta Dəhlizin digər komponentlərinin inkişaf etdirilməsində ermənilər və azərbaycanlılara qoşulacağına ümid etdiyini bildirib.
"Ümid edirəm ki, vitse-prezident Vensin regiona səfəri də amerikalılara verə biləcəkləri mühüm töhfəni görməyə kömək edəcək və onları regionla daha fəal əməkdaşlığa ruhlandıracaq", - deyə o əlavə edib.
Sekuta vurğulayıb ki, vitse-prezidentin səfəri ABŞ-nin regiona marağını və Amerikanın azərbaycanlılara və ermənilərə uzun müddət əlçatmaz olmuş sülhün bərqərar olması və möhkəmləndirilməsi istiqamətində göstərdiyi səylərin miqyasını açıq şəkildə nümayiş etdirir.
"Bu səfər göstərir ki, heç kimin şübhəsi olmamalıdır: ABŞ Azərbaycan və Ermənistanın, eləcə də Mərkəzi Asiya və Cənubi Qafqazın digər ölkələrinin dostu olmaq istəyir. Həmçinin qeyd etmək vacibdir ki, ABŞ-nin son illərdəki bu səyləri Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın Ermənistanla Azərbaycan arasında uzunmüddətli münaqişənin həlli istiqamətində atdıqları addımlara əsaslanır. ABŞ hər hansı bir razılaşmanı zorla qəbul etdirməyə çalışmır, əksinə, iki lideri və onların ölkələrini yeni və dayanıqlı sülhün tapılması və möhkəmləndirilməsi istiqamətində dəstəkləyir. Bütövlükdə, Ermənistanla Azərbaycan arasında ABŞ-nin qətiyyətli və açıq dəstəyi ilə baş verənlər çox müsbət bir haldır, bu cür hallara müasir dünyada nadir hallarda rast gəlinir", - deyə o yekunlaşdırıb.
Xatırladaq ki, 2025-ci ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin ("Tramp marşrutu") istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri "Sülh və Dövlətlərarası Münasibətlər haqqında" Sazişi paraflayıblar.
2026-cı ilin yanvarında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-nin dövlət katibi Marko Rubio Vaşinqtonda görüşərək TRIPP layihəsinin həyata keçirilməsi üçün çərçivə proqramını təqdim ediblər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре