Ötən ay Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 400 milyon manatı ötüb

Bu ilin yanvar ayında xarici maliyyə mənbələrindən əsas kapitala 401,9 milyon manat məbləğində investisiya yatırılıb.

Day.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu göstərici 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 26,1 faiz çoxdur.

Xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların 374,5 milyon manatı neft-qaz sektoru, 27,4 milyon manatı isə qeyri-neft-qaz sektoru üzrə həyata keçirilib. 2025-ci ilin yanvar ayındakı göstəricilərlə müqayisədə xarici maliyyə mənbələrindən Azərbaycanın neft-qaz sektoru üzrə əsas kapitalına yönəldilmiş investisiyaların həcmi 80,2 faiz artıb, qeyri-neft-qaz sektoru üzrə isə 75,3 faiz azalıb.

Qeyd edək ki, 2026-cı ilin yanvar ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1,406 milyard manat və ya 2025-ci ilin yanvar ayı ilə müqayisədə 75,6 faiz çox investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 78,3 faiz, qeyri neftqaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 73,9 faiz çox olub.

Ümumi sərmayənin 758,6 milyon manatı və ya 54,0 faizi məhsul istehsalı sahələrinin, 551,0 milyon manatı (39,2 faizi) xidmət sahələrinin, 96,3 milyon manatı (6,8 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb. Ümumi sərmayənin 17,2 faizi dövlət, 82,8 faizi qeyridövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayə qoyuluşunun 41,1 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri ümumi sərmayənin 71,4 faizini təşkil edib.