Onlayn sifarişlər bahalaşır - Alıcılar üçün çıxış yolu
Qiymətlərdə baş verən dəyişikliklər alıcıları yenidən seçim qarşısında qoyub. Bir müddət əvvəl daha sərfəli hesab olunan Türkiyənin onlayn ticarət platformalarında hazırda qiymətlər artıb. Paytaxt sakinləri bildirirlər ki, əvvəlki kimi sərfəli deyil və bəzi hallarda məhsulları yerli mağazalardan almaq daha məqsədəuyğundur. Onların sözlərinə görə, şəhərdə müxtəlif geyim və uşaq mağazaları var və qiymətlər daha münasibdir.
Day.Az xəbər verir ki, alıcılar qeyd edirlər ki, əvvəllər Türkiyədən sifariş vermək daha sərfəli idi. Lakin sonradan bəzi məhsulların həm qiyməti artıb, həm də keyfiyyətində enmə müşahidə olunub. Bu da alıcı marağının azalmasına səbəb olub.
Mütəxəssislər qiymət artımını əsasən Türkiyə lirəsinin məzənnəsində baş verən dəyişikliklərlə əlaqələndirirlər. Lirənin əvvəlki dövrdə sürətlə ucuzlaşması onlayn alış-veriş edənlər üçün müəyyən üstünlüklər yaratsa da, hazırda bu üstünlüklər tədricən aradan qalxır. Nəticədə Türkiyədən gətirilən məhsullar qiymət baxımından əvvəlki rəqabət üstünlüyünü qoruya bilmir.
Bununla belə, ümumilikdə onlayn ticarət ənənəvi satış üsulları ilə müqayisədə üstün mövqeyini saxlayır. Xüsusilə Çin bazarına marağın artması və yerli bazarda onlayn ticarətin inkişafı internet üzərindən alış-verişi daha əlçatan və populyar edib.
Elcan Turan
Day.Az
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре