Nömrəsini bir düymə ilə gizlədən sürücüləri hansı cəza gözləyir? - DETALLAR
1 düymə ilə avtomobilin dövlət qeydiyyat nişanını gizlədən qurğular satılır. Qiyməti isə 400 manatdan başlayır. Sosial şəbəkələrdə avtomobillərin dövlət qeydiyyat nişanını gizlətmək üçün xüsusi vasitələr təklif olunur.
Day.Az xəbər verir ki, bu qurğuların satışı ilə məşğul olanlar az olsa da, maraq göstərənlərin sayı kifayət qədərdir. Qanunvericiliyin tələbinə əsasən, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanına hər hansı formada müdaxilə etmək, o cümlədən məsuliyyətdən yayınmaq məqsədilə onu saxtalaşdırmaq, üzərini bağlamaq və ya gizlətmək hüquqi məsuliyyət yaradır.
Videomaterialda göstərilən qurğu hərəkətdə olan nəqliyyat vasitəsində tətbiq edilərsə, bu, kobud qayda pozuntusu hesab olunur və həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbirlər görülür. Unutmaq olmaz ki, bu cür davranış təkcə inzibati xəta deyil, həm də ictimai təhlükəsizliyə təhdiddir.
Yol hərəkəti təhlükəsizliyi prinsiplərinə zərbə vuran belə əməllərə qarşı xüsusi texniki vasitələrlə davamlı nəzarət həyata keçirilir və qayda pozan şəxslər barəsində ciddi tədbirlər görülür. Bu qurğulardan istifadənin təhlükəli tərəflərindən biri də odur ki, qeydiyyat nişanı gizlədilmiş halda törədilən yol-nəqliyyat hadisəsi daha ağır nəticələrə səbəb ola bilər.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Misirə Xəlizadə bildirir ki, belə halda baş verən qəza ehtiyatsızlıqdan deyil, əvvəlcədən planlaşdırılmış cinayət kimi də qiymətləndirilə bilər. Yəni şəxs bilərəkdən dövlət qeydiyyat nişanını saxtalaşdırıb və ya gizlədibsə, bu, onun məsuliyyətini daha da ağırlaşdıra bilər. Buna görə də həmin vasitələrdən istifadə olunmaması tövsiyə edilir. Çünki ilkin baxışda ehtiyatsızlıq kimi görünən əməl sonradan qəsdən törədilmiş cinayət kimi qiymətləndirilə bilər.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsinə əsasən, nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarından standartlara uyğun olmayan istifadə hallarına görə sürücülər 4 cərimə balı ilə yanaşı 100 manat məbləğində cərimə edilirlər.
Elcan Turan
Day.Az
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре