Naxçıvan aeroportunda daxili və xarici uçuşlar müvəqqəti dayandırılıb

Hazırda yaranmış vəziyyətlə əlaqədar olaraq Naxçıvan Beynəlxalq Hava Limanında daxili və xarici istiqamətlərdə uçuş əməliyyatları müvəqqəti olaraq dayandırılmışdır.

Bu barədə Day.Az-a Naxçıvan Beynəlxalq Hava Limanının mətbuat xidmətindən məlumat verilib.

"Məsələ ilə bağlı vəziyyət operativ şəkildə qiymətləndirilir və müvafiq qurumlarla koordinasiya aparılır.

Əlavə məlumatlar dəqiqləşdirildikcə ictimaiyyətə təqdim olunacaq", - məlumatda qeyd edilib.

 

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.

Hadisə nəticəsində 4 mülki şəxs xəsarət alıb. Azərbaycan Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.