Bu ixtisasların keçid balları artacaq - Ekspert açıqladı
Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarının birinci mərhələsi artıq yekunlaşıb, buraxılış imtahanları isə 9 və 15 mart tarixlərində keçirilib. Cari ilin məzunlarının bu imtahanlarda sualların müəyyən hissəsində çətinlik çəkdiyi müşahidə olunub və bu halın təkrarlanacağı təqdirdə nəticələrə təsiri istisna edilmir.
Bu sözləri Day.Az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.
O bildirib ki, növbəti imtahan 19 aprel tarixində əvvəlki illərin məzunları üçün keçiriləcək və həmin imtahanın nəticələri də ümumi bal göstəricilərinə müəyyən təsir göstərə bilər.
Ekspert qeyd edib ki, blok imtahan mərhələsi mayın 24-də 2-ci və 3-cü ixtisas qrupları, iyunun 7-də isə 1-ci və 4-cü ixtisas qrupları üzrə təşkil olunacaq. Onun sözlərinə görə, yalnız bu mərhələnin nəticələrindən sonra ixtisaslar üzrə keçid ballarında baş verəcək dəyişiklikləri daha dəqiq proqnozlaşdırmaq mümkün olacaq.
E.Əfəndi əlavə edib ki, aprelin 16-dan 29-dək Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin bütün ixtisas qrupları üzrə ərizə qəbulu aparılacaq və abituriyentlər bu prosesdə mütləq iştirak etməlidirlər. Bu mərhələ hansı ixtisas qruplarında daha çox müraciət olduğunu və rəqabət səviyyəsini müəyyənləşdirməyə imkan verəcək.
Ekspertin sözlərinə görə, hər il olduğu kimi, bu il də bəzi ixtisaslar üzrə keçid ballarında artım gözlənilir:
"Belə ki, 1-ci ixtisas qrupunda informasiya təhlükəsizliyi, kompüter elmləri və data analitikası kimi İT yönümlü ixtisaslarda, 2-ci qrupda maliyyə və biznesin idarə edilməsi sahələrində, 3-cü qrupda hüquqşünaslıq və beynəlxalq münasibətlər ixtisaslarında, 4-cü qrupda isə tibb və stomatologiya üzrə bal artımı ehtimal olunur".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре