Bu məhsulların qiyməti bahalaşacaq

"Son günlər güclü yağışlar əsasən açıq sahədə yetişdirilən məhsullara ziyan vurur. Xüsusilə tərəvəzlər daha həssas olur. Pomidor, xiyar, bibər kimi məhsullarda çürümə və keyfiyyətin aşağı düşməsi müşahidə oluna bilər. Kartof və soğan kimi torpaq altında yetişən məhsullarda isə həddindən artıq rütubət səbəbindən xarab olma və məhsuldarlığın azalması riski artır".

Bu sözləri Day.Az-a açıqlamasında iqtisadşı ekspert Akif Nəsirli deyib.

Onun sözlərinə görə, meyvələrdən ərik, alça, çiyələk kimi erkən mövsüm məhsulları yağışdan zərər görə bilər, çünki həm yetişmə dövrünə düşür, həm də uzun müddət nəm qalanda tez xarab olur:

"Taxıl sahələrində də suyun çoxluğu bəzi yerlərdə məhsulun yatmasına və keyfiyyətin düşməsinə səbəb ola bilər".

A.Nəsirli qeyd edib ki, bu vəziyyət bazarda təklifin azalmasına gətirib çıxara bilər:

"Nəticədə ən çox qiymət artımı tez xarab olan və yerli istehsaldan asılı məhsullarda gözlənilir. Xüsusilə pomidor, xiyar, göyərti, çiyələk kimi məhsulların bahalaşması ehtimalı daha yüksəkdir. Kartof və soğan da zərər böyük olarsa bahalaşa bilər, amma bu bir qədər gec hiss olunur".

İqtisadçı vurğulayıb ki, ümumilikdə qiymətlərdə artımın olub-olmayacağı ziyanın miqyasından və yağışların nə qədər davam etməsindən asılıdır:

"Qısa müddətli yağışlar təsiri məhdud saxlayır, amma uzun sürərsə bazarda daha aydın bahalaşma görünə bilər".